“Türmədə guya Əli İnsanovun üzünə durmuşdum...”

16-10-2019, 12:26 345 dəfə baxılıb

“Türmədə guya Əli İnsanovun üzünə durmuşdum...”


Vaxtilə aksiyaların təşkilatçısı, keçmiş vicdan məhbusu, 6 il məhbəs həyatı yaşayan NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü İlkin Rüstəmzadə ilə söhbətləşdik. O, bu ilin martında əfv fərmanı ilə azadlığa çıxıb.

İ.Rüstəmzadə ilə NİDA, dostlarının əfv yazıb ondan tez həbsdən çıxmaları, müxalifət, feminizm və digər mövzularda danışdıq. Onun “Yeni Müsavat”a müsahibəsini təqdim edirik:

- İlkin bəy, martda verilən əfv fərmanı ilə azadlığa çıxdınız, bayır həyatına uyğunlaşa bilirsinizmi?

- İlk günlərdə bir az çətin oldu. Həbsxanadakı ilə çöldəki psixologiyalar fərqlidir. Onların bir-birini üstələməsi dövrünü yaşadım, buna böhran da demək olar.

Amma düşünürəm ki, indi tam adaptasiya olmuşam. Ən çox çətinlik çəkdiyim texnologiya ilə bağlıydı, yavaş-yavaş öyrəşməyə çalışıram.

- İlk vaxtlardakı çətinliyin əsas səbəbləri nə idi?

- Həbsxana elə yerdir ki, gündəlik 30-40 adamla söhbət edirsən. Kənardan elə görünə bilər ki, türmə boz, darıxdırıcı bir yerdir. Amma elə deməzdim, çox maraqlı, hadisələr bitməyən bir məkandır. Sən orada cəmiyyət içindəsən. Azadlığa çıxandan sonra bir ay dost-tanış, qohum-əqrəba baş çəkir, sonra ünsiyyət getdikcə azalır. Çünki insanların 90 faizinin həyatı virtuallaşıb.

Sosial şəbəkələrdə hər şey müzakirə olunur, həyat ora köçüb. Ona görə həbsdə gündəlik ünsiyyətdə olan biri üçün virtual həyat istər-istəməz sosial böhrana səbəb oldu. İnsanın danışmağa, dərdləşməyə, problemlərini bölüşməyə ehtiyacı var. Həbsxanada ayrı-ayrı fərdlərin səviyyəsindən asılı olmayaraq, orada daha çox cəmiyyət varı idi, daha çox ünsiyyət vardı, həyat daha çox qaynar idi.

- Amma siz həbsdən qabaq fecebookda fəal idiniz, onda da görürdünüz ki, artıq həyat virtuallaşır...

- Mənə elə gəlir, bu səviyyədə deyil. Qayıdanda fərqli mənzərə gördüm. Həbsdən öncə həyat 20 faiz virtuallaşmışdısa, azadlığa çıxanda 80 faizə çatdığını gördüm.

Bu da müasir dünyadakı tendensiyalardır, artıq texnologiya həyatımızın bir parçasına çevrilib, süni intellekt həyatımızın bütün sahələrinə daxil olur, nüfuzlu təşkilatlar müxtəlif platformalar üzərində işləyirlər.

- Sosial şəbəkə demişkən, həbsdən qabaq facebookda aksiyalara dəvət səhifələrini yaradırdınız, indi yenidən virtualda təşkilatlanma mümkündür?

- Bu gün müxalif düşərgənin yeganə platforması yenə sosial şəbəkə və müəyyən qədər müstəqil mediadır. Əgər etirazlar başlayacaqsa, virtual üzərindən olacağını düşünürəm. Amma o mühit varmı?

Bu sualımı təhlil etsəm, müşahidələrə görə, 2013-cü ildə facebook bu qədər güclü, ictimai rəyə təsir etmək qabiliyyətinə malik deyildi. Lakin nəzərə alaq ki, həmin dövrdə müxalif cinahda bu dərəcədə parçalanma, əks fikirlilik, dözümsüzlük də yox idi.

- Yəni bu gün parçalanmalar təşkilatlanmağa mane olur?

- Parçalanmalar səbəb deyil, yekun nəticədir. Bu da hakimiyyətin apardığı təzyiqlərin, repressiyanın sayəsində olub. Sadəcə, bir-birini didən tərəflər dərk etmirlər ki, bunun kökü necə qoyulub.

- Səhv etmirəmsə, həbsdə NİDA Vətəndaş Hərəkatına qoşulmusunuz. Bunun səbəbi nə idi?

- Bəli, mən “Azad Gənclik” təşkilatının üzvü idim. Amma mitinqləri NİDA-çılarla planlaşdırırdıq, onlarla koordinasiyalı hərəkət edirdik. Lakin mən həbs ediləndə o dövrdə ciddi həbs dalğası varıydı, təşkilatlar sıradan çıxırdılar. Ona görə NİDA-çılara dəstək olmaq üçün onlara qoşulmağa qərar verdim.

- Amma onlar sizə dəstək məqsədilə həbsdə qalmadılar...

- Bu, onların seçimidir, əlavə nə isə danışmaq istəmirəm.

- İndi NİDA-nın vəziyyətini necə dəyərləndirirsiniz, bu hərəkat var?

- NİDA var, amma çox zəifik. Bu da hakimiyyətin apardığı həbslərin nəticələrindən qaynaqlanır. Eyni zamanda həbsdən çıxandan sonrakı davranışları öz təsirini göstərdi.

- Bu gün vicdan məhbusu olmuş NİDA-çılardan kiminlə əlaqələriniz qalıb?

- Rəşad Həsənov və Üzeyir Məmmədli ilə əlaqələrimiz qalmayıb. Digərləri ilə xüsusi problemim yoxdur. Həmin hadisələr böyük ölçüdə münasibətlərin soyumasına səbəb oldu.

- Onların əksəriyyəti ölkəni tərk elədi, siz niyə Avropaya getmədiniz?

- Heç vaxt getmərəm. Başıma güllə dirəyib aeroporta zorla aparmayana qədər ölkəni tərk etmək fikrim yoxdur. Təbii ki, təhsil, maraqlı proqramla bağlı ölkədən gedərəm. Amma azadlığa çıxdığım 6 ay ərzində Fransada, Almaniyada, Belçikada, Gürcüstanda olmuşam. Hər səfərimdə hiss edirdim ki, Azərbaycan üçün darıxıram.

- İlkin bəy, hansı məsələdə mövqeyiniz üst-üstə düşmədi ki, təkcə siz əfv yazmadınız, digər NİDA-çılar yazdılar? Onlar hesab edirdi ki, əfv yazmaq “sınmaq” deyil...

- Bu haqda mənə çoxlu suallar verilib, üstüörtülü cavablar verməyə çalışmışam. Onları heç vaxt ittiham etməmişəm. Sadəcə, həmin dövrdə vətəndaş cəmiyyətinin tanınmış üzvləri, hüququ müdafiəçiləri həbsdə idilər. Bu adamlar fərd olaraq İlkinə görə həbs olunmaya bilərdi, amma bizi müdafiə etdikləri üçün tutulmuşdular. Axı İntiqam Əliyev, Rəsul Cəfərov, Leyla Yunus, Xədicə İsmayıl və başqaları həbsdə ikən necə olur ki, onların üzərindən keçib azadlığa çıxırsan? Mənə bu çatmırdı... Amma yenə də onları ittiham etmirəm, yalnız Rəşad Həsənov istisnadır. Çünki onun etdiyi açıq-aşkar xəyanət idi.

- Onlar azadlığa çıxanda dörd divar arasında sizə çətin olmadı? Baxmayın, tək qalırsız, dostlar gedib...

- Həmin dostlar yox, həbsxanadakı dostlar gedəndə ağır idi. Məsələn, Tofiq Yaqublu getdi. Tofiq bəylə bir yerdə olanda özünü arxayın hiss edirsən, arxa-dayaq idi, müzakirə adamıydı. Sonra Anar Məmmədli, Fərəc Kərimli, Əbdül getdilər, hə, onda bir az tək qaldım.

Ən əsası həmin periodda mənə qarşı iyrənc bir addım atıldı. Əslində indiyə qədər özlüyümdə aydınlaşdıra bilməmişəm ki, hakimiyyətin, yoxsa Penitensiar Xidmətin əməli idi. Guya Əli İnsanova cinayət işi açılanda onun üzünə durmuşam.

Bu şayiəni yaydılar və təsəvvür edin, 1200 məhbusdan bir neçəsi istisna, hamısı ilə münasibətim sıfırlandı, blokadaya düşdüm. Təxminən iki ay belə davam etdi. Sonra həbsxanada bir qarşıdurma oldu və həmin prosesdə özümü təmizə çıxardım, onların səhv etdiklərini sübut etdim. Bilindi ki, bunu yayanlar rəisin adamlarıdır.

Ümumiyyətlə, həbsxanalar dəhşətdir və istənilən adama böhtan atmaq olur. Halbuki Əli İnsanovla yaxşı münasibətim varıydı. Məqsəd məhbuslarla ünsiyyətimin kəsilməyinə nail olmaq idi.

- Sizin 6 il həbsdə qalmağınızın səbəbi şəxsinizə olan münasibət idi, yoxsa əfvə imza atmırdınız?

- Mənə olan təklifləri rədd etmişəm. Amma məsələ bundan ibarət deyil. Çünki əfv üçün müraciət etməyən, iqtidara məndən də çox zərər vurmuş adamlara belə münasibət sərgilənmirdi.

Bu günə kimi də səbəbi mənə tam aydın olmayıb. Yəni inanmıram ki, təkcə aksiyaların təşkilinə görə belə mövqe ilə üzləşmişdim. Aksiyaya görə hakimiyyətin mənə ilk vaxtlarda qəzəbi yarana bilərdi, sonra qəzəb soyuyur. Yəni hökumət rəsmilərinə sual vermək imkanınız olsa, bunu soruşa bilərsiniz. Çünki beyində suallar yaradır.

Axı mənimlə birgə hərəkət edən və ya aksiyalarda daha sərt metodlar seçən adamlara fərqli münasibət göstərilirdi. Avropalı diplomatlar da həbsdə mənimlə görüşdə təəccüblənirdilər ki, sən nə etmisən?!

- Bəlkə NİDA-çı dostlarınızla bir vaxtda əfvə imza atıb çıxmadığınız üçün həbsiniz uzun çəkdi?

- Ola bilməz. Ayrı-ayrı səbəblər mümkündür, konkret səbəb tapmadım.

- İndi gəncliyinizin 6 ilinin həbsdə keçməsinə görə bir məyusluq hissi varmı?

- Qəti. Fəxr edirəm ki, belə addım atmışam.

- Və 6 il sonra azadlığa çıxdınız, hansı Azərbaycanı gördünüz?

- Mən gördüm ki, insanların fikri bir-birinin boğazından keçmir, tənqidə qarşı cəmiyyətdə, etirazçı kütlədə, müxalifətin özündə dəhşətli bir dözümsüzlük var. Ən əsası cəmiyyətdə haqsız tənqid çoxalıb.

Mən qəbul edirəm ki, o vaxt əhali apolitik idi. İndi yazan, fikrini ifadə edən çoxdur, sadəcə, haqsız tənqid bu qədər deyildi. Axı aktivist peyğəmbər deyil, fikrində yanıla bilər, insanı bir yanlış, subyektiv mövqeyinə görə baltalamazlar. Məsələn, 99 mövzuda onların istədiyi mövqedə ol, birində uyğun olmayan reaksiya ver, minlərlə adam səni linç edəcək. Fəallara qarşı bu qəzəbi anlaya bilmirəm. Cəmiyyət çox aqressivləşib, hər şeyə dözümsüzlük var, əks fikrə dözüm yoxdur. Ümumiyyətlə, azadlığa çıxandan sonra bir siyasi xətt tutmuşam. Ancaq İlkin Rüstəmzadə insandır, bu yolda səhv edə, yanlış açıqlama da verə bilərəm. Təbii ki, bu halda tənqid etsinlər, amma fikrimi əməlimə uyğun qınasınlar, ədalətli olsunlar.

Məsələn, Emin Milli status yazdı, onun kimi başqaları da fərqli fikirlər səsləndiriblər. İnsanlar dərhal hücum etdilər. Hesab edirəm ki, döyülən, həbs edilən siyasi fəalın tənqid etməkdə limiti çoxdur. Ancaq özünü aktivist sayırsan, heç bir iş görmürsən, edəni də aşağılayırsan. Bu cür resursla, məhdud imkanlarla mübarizə aparan insanları ruhdan salmaq olmaz. .

- Tənqidə dözümsüzlük deyirsiniz, o vaxt NİDA haqda nəsə yazan adamı da az qala linç edirdilər...

- Tənqidə dözümsüzlük bu dərəcədə deyildi. Tənqid edirdilər, sonra tərəflər bir masa arxasında oturub müzakirə aparırdılar. Bu gün canlı ünsiyyət sıfırdır.

- Bəs NİDA-nın fəaliyyətini gücləndirmək fikriniz var?

- NİDA ilə bağlı sanbalı işlər planlaşdırırıq. Bütün müxalifət partiyaları ilə əməkdaşlıq edirik. Həmin partiyaların hər birinin fəaliyyətində bəyənmədiyimiz məqamlar var. Lakin müxalif kimliyi olan biri olaraq, düşünürəm ki, tənqidlərimi media qarşısında deməli deyiləm, qapalı otaqlarda rəhbər şəxslərə demək daha məqsədəuyğundur.

- Zaur Qurbanlı REAL Partiyasına keçib, Rəşadət Axundov və digər üzdə olanlar da yox, NİDA-nı dirçəltmək çətin olmayacaq?

- Müqəddəs yer heç vaxt boş qalmır. Zaurla bir çox mübahisələrimiz olub. Amma Zaur həmişə addımlarında səmimidir.

- Zaur Qurbanlı məqaləsində yazmışdı ki, NİDA kimi gənclik hərəkatlarının qarşısını kəsən ənənəvi müxalifət olub. Siz də belə düşünürsünüz?

- Mən o məqaləyə cavab yazmışdım. Onun fikirləri ilə razı deyiləm. Müxalifətin çox səhvi ola bilər. Amma inqilab iddiasında olan bir təşkilatın liderinin cibindən DTX ilə əməkdaşlıq kağızı çıxırsa (Rəşad Həsənovu nəzərdə tutur - E.S), buna Əli Kərimli və ya Arif Hacılı nə etsin?

- İlkin bəy, cəmiyyət son günlər qadın zorakılığından, feminizmdən danışır. Hətta Günel Mövlud yazmışdı ki, ən yeni müxalifət LGBT (cinsi azlıqların təşkilatı) və feministlərdir. Doğrudan belədir?

- Razı deyiləm. Belə çıxır ki, ölkədə 5-10 müxalifətçi var. Müxalifət bütün rənglərdə var və bir-birinin dəyərlərinə hörmətlə yanaşmalıdırlar.

- Sizə də elə gəlir ki, Azərbaycanda ailə dəyərlərini, institutunu xaricdən dağıtmaq projesi var?

- Bu proses təzə deyil. Azərbaycan kimi mühafizəkar cəmiyyətdə LGBT, feminizm yaralı yerlərdir. 20 il qabaq da həmin xarici təşkilatlar bu istiqamətdə işlər görürdü. Bu gün Qərb özü zəifləyib, demokratik nizam zəifləyib. Artıq Qərbdəki təşkilatlar hakimiyyətlə işləyirlər. O təşkilatlar Azərbaycanda partiyaları, medianı dəstəkləmirlər. Ona görə indi nəsə etməlidirlər. Bu baxımdan iqtidara başağrısı olmayan mövzular müzakirə edilir. O beynəlxalq təşkilatlar da nəsə etməlidir. NİDA-ya dəstəkdənsə, LGBT və ya feminizmə dəstək verirlər.

Amma Avropada, Amerikada da mühafizəkar ailələr var. Düşünmürəm ki, Azərbaycanda ailə dəyərlərinə qarşı təhlükə var. Sadəcə, qadına əşya kimi baxılması tabusu dağılmalıdır. Bu istiqamətdə aqressiv yol seçənlər var. Mən aqressiv yolu dəstəkləmirəm.

- Eyni zamanda şəhidlərə, milli qəhrəmanlara hücum var. Daha çox Mübariz İbrahimovla Ramil Səfərov hədəfə alınır. Sizin mövqeyiniz necədir?

- Mənə görə Mübariz İbrahimov qəhrəmandır. Lakin azadlıq budur ki, “Mübariz qəhrəman deyil” söyləyənə də qulaq asmalıyam. Onun fikrini qəbul etməyə, hörmət qoymaya bilərəm. Amma fikrini demək haqqını tanımalıyam. Əslində şəhidləri, qəhrəmanları bu gün müzakirə etmək aktual deyil. Amma feminizmdən danışmaq təhlükəli deyil.

Mən iradlarımı ona görə deyirəm ki, çoxu saxtakar mövqedədir. Bu problemlərin səbəbkarlarından danışmaq başağrı yarada bilər, İlkini söymək isə təhlükəsizdir, bu tənqid üçün polis səni çağırmayacaq.

Məsələn, Nərmin Şahmarzadə çox müzakirə olunur, amma o, intellektualdır və yazdıqları da səmimidir.

Amma fikrini bəyənmirəm, dəstəkləmirəm. Sadəcə, nərminlər o fikri dilə gətirəcək səviyyədə azadlığa sahib olmalıdırlar.

- Son sualım: işləmək, oxumaq planlarınız varmı?

- İşləmirəm, sahəm biznes menecment və marketinqdir. İş müraciətlərim olub, görünür, biqorafiyama görə qəbul etməyiblər. Amma Azərbaycan Dövlət İqtisad Universitetinin 4-cü kursunda təhsilim yarımçıq qalmışdı, rəhbərliklə görüşdüm, yaxın vaxtlarda bərpa olunacağam. Sonra bitirib xaricdə magistr təhsili almaq fikrim var.
“Yeni Müsavat”


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR