Partiya sədrlərinin seçki qeydləri: Kim razı, kim narazıdır? - SORĞU

23-01-2020, 16:05 224 dəfə baxılıb

Partiya sədrlərinin seçki qeydləri: Kim razı, kim narazıdır? - SORĞU


Artıq 5 gündür ki, deputatlığa namizədlərin seçkiqabağı təşviqat kampaniyasına start verilib.

Seçkiqabağı təşviqat 8 fevral saat 08:00-a qədər davam edəcək.

Siyasi partiyalar seçkisiqabağı mühiti və seçkiyə hazırlıq prosesini necə qiymətləndirir? Namizədlər görüşlərini sərbəst keçirə bilirmi?

AXCP sədri, 79 saylı İmişli Seçki Dairəsindən deputatlığa namizəd Razi Nurullayev Cebhe.info-ya açıqlamasında seçki mühitini belə qiymətləndirib:

“İmzatoplama kampaniyasında hər hansı problemlə üzləşmədik. Normal şəkildə topladığımız imzaları Dairə Seçki Komissiyasına təqdim etdik və qeydə alındıq. İndi isə təbliğat-təşviqat kampaniyası başlayıb. Bu prosesdə də hər hansı bir qanunsuzluq və bizə qarşı müqavimət yaradılmasıyla rastlaşmamışıq. Deyərdim ki, bütün namizədlər Dairə Seçki Komissiyasının müəyyən etdiyi yerlərdə görüşlərini problemsiz keçirə bilirlər. Bu günə qədər problem yoxdur”.

Razi Nurullayev televiziya kanallarında debatların təşkil olunmaması məsələsinə də toxunub. O deyib ki, İmişli Seçki Dairəsindən namizədliyini irəli sürdüyü və görüşləri kəndlərdə keçirdiyi üçün televiziya kanallarında debatlara o qədər də maraq etmir:

“Bu səbəbdən televiziyada çıxış etmək o qədər də marağımda deyil. Çünki burada insanlarla birbaşa, üzbəüz görüşürəm və sözümü çatdırıram. O cümlədən, internet televiziyalarında istifadə edirəm. Bu baxımdan, televizyalarda debatların keçirilməsinin əhəmiyyətli olub-olmayacağını düşünməmişəm. Hər halda olsaydı, normal ola bilərdi. Digər yandan, hər bir dairədən 20-30 qeydə alınmış namizəd var və onları bir dairə üzrə televiziyada efir vaxtı ilə təmin etmək çox çətin olar”.

15 saylı Yasamal I Seçki Dairəsindən qeydə alınan namizəd, Müsavat Partiyasının başqanı Arif Hacılı təbliğat dövrünün 3 həftədən ibarət olmasına təssüflənib:

“Bütövlükdə ölkə üzrə qapalı və açıq görüşlər üçün yalnız 272 yer ayrılıb. Bu da 2010-cu ildəki seçkilərdəkindən 20 dəfə azdır. Açıq hava görüşləri üçün ayrılan yerlər çoxsaylı seçicilərin toplaşması və onların asanlıqla gəlib gedə bilməsi üçün uğurlu məkanlar deyil. Başlıcası televiziyalarda pulsuz efir vaxtı verilmir, debatlar, diskussiyalar təşkil olunmur. Debatları və diskussiyaları ictimai olmayan seçkiləri əlbəttə ki, normal, azad, ədalətli seçki hesab etmək mümkün deyil. Müsavat Partiyası 60 seçki dairəsindən 64 namizədlə seçkilərdə iştirak edir. Faktiki olaraq Yeni Azərbaycan Partiyasından sonra ən çox namizədlər seçkilərdə iştirak edən partiyayıq. Amma Yeni Azərbaycan Partiyası Müsavat Partiyası ilə debata çıxmaqdan, ictimai diskussiyada iştirak etməkdən imtina edir. Seçki Məcəlləsinin 155.2-ci maddəsində namizədlərə pulsuz efir vaxtının verilməsi nəzərdə tutulub və bu maddədə 60-dan çox dairədə namizədin qeydə alma tələbi yoxdur. Odur ki, Mərkəzi Seçki Komissiyası əslində bütün namizədlərə pulsuz efir vaxtının verilməsini təmin etməyə borcludur. Ancaq bundan imtina edir. Biz İctimai Televiziyaya müraciət etmişik. Seçki kampaniyası dövründə Müsavat Partiyasına həftədə 3 dəfə yarım saat olmaqla pulsuz efir vaxtı verilməsini tələb etmişik. Çünki seçkilərin olub-olmamasında asılı olmayaraq İctimai Televiziya plüralizmi təmin etmək, ölkədə olan müxtəlif siyasi fikirlərin orada müzakirə edilməsini təşkil etmək üçün yaranmış bir televiziyadır. Təəssüf ki, bu televiya öz funksiyalarını yerinə yetirmir, yalnız hakimiyyətə dəstək verməklə məşğuldur. Bütün bu aspektləri və seçki komissiyalarının tam olaraq hakimiyyətin nəzarəti altında olmasını nəzərə alsaq, seçkilərin azad və ədalətli olacağına inanmaq sadəlövhlük olardı”.

35 saylı Xətai Seçki Dairəsindən namizədliyi qeydə alınan Ümid Partiyasının sədri İqbal Ağazadə də fikirlərini bölüşüb:

“Hər halda proses davam edir, baxacağıq. Sərbəst görüşlərimizi keçirə bilirik. Amma bəzi icra hakimiyyətlərinin müdaxiləsini də dana bilmərik. Onlar başqa namizədlər üçün xüsusi üstünlük və şərait yaratmağa cəhd göstərirlər”.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, 15 saylı Yasamal Birinci Seçki Dairəsindən namizədliyi qeydə alınan Sərdar Cəlaloğlu seçkiqabağı mühitdən razı olmadığını dilə gətirib:

“Mərkəzi Seçki Komissiyası ölkədə seçki əhval-ruhiyyəsini, seçki ab-havasının yaradılması istiqamətində qanunda nəzərdə tutulmuş heç bir addım atmır. Seçki təşviqatı dövlət tərəfindən aparılmır. Dövlət televiziyalarında ümumiyyətlə, seçki ilə bağlı xalqa məlumat verilmir, xalq seçkiyə çağırılmır. Bu da onu göstərir ki, müəyyən qüvvələr ölkədə seçkilərin azad və demokratik keçirilməsində, eləcə də xalqımızın geniş şəkildə seçkidə təmsil olunmasında maraqlı deyil. Təbii ki, belə bir vəziyyətdə namizədlərin də aparıldığı təşviqat yüksək səviyyədə ola bilməz. Qanuna görə, Dairə Seçki Komissiyası seçicilərlə namizədlərin görüş və debatlarını təşkil etməlidirlər. Yəni bunların heç biri yoxdur. Biz özümüz imkanlarımız daxilində fərdi qaydada işlər aparırıq. Amma bunların da çox böyük nəticəsi olmayacaq. Çünki faktiki olaraq təşviqat mərhələsinin bitməsinə çox az vaxt qalıb və həm maddi, həm də vaxt imkanlarımız kifayət qədər məhduddur. Bu baxımdan, bu seçkilərin də əvvəlki seçkilərdən ciddi bir mənada fərqlənməyəcəyi qənaətindəyəm”.

“AĞ” Partiya başqanı, 21 saylı Nəsimi 1-ci Seçki Dairəsindən deputatlığa namizəd Tural Abbaslının sözlərinə görə, seçki üçün əlverişli mühit yaradılmayıb:

“Qanunvericilikdə seçkinin təbliğat- təşviqat kampaniyasını elə bir vəziyyətə salıblar ki, bu əlverişli mühit sayıla bilməz. İstər təbliğat-təşviqat kampaniyası müddətinin azlığı, istər efir vaxtının qiymətinin fantastik, yəni saniyəsinin 65 manata müəyyən olunması, yaxud təşviqat lövhələrinin azlığı, ancaq məntəqələrin qarşısında olması, habelə seçicilər üçün ayrımış qapalı məkanların azlığı əlverişli mühitin olmaması deməkdir. Bu seçkilərdə partiya olaraq 14 nəfərlə təmsil olunuruq. Məcburuq ki, təbliğat kampaniyasının hazırkı dönəmində ən sərfəli metodlardan istifadə edək. İndiki məqamda görüşlər o qədər də uğurlu metod deyil. Nəzərə alaq ki, seçicilərin də marağı o qədər yoxdur. Çox az sayda insan toplaşır. Biz daha çox təşviqat materiallarımızın və fikirlərimizi seçicilərə çatdırırıq. Həmçinin sosial şəbəkələr üzərindən təbliğatımızı qururuq. Mütəq qanunvericilik və hakimiyyətin seçkilərə yanaşması fəlsəfəsi də dəyişməlidir ki, seçkiyəbənzər bir proses keçirilə bilsin”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR