Cəmil Həsənli - ReAL qalmaqalı böyüyür: - “O, mandat bazarlığına vərdiş edib”

24-02-2020, 20:58 394 dəfə baxılıb

Cəmil Həsənli - ReAL qalmaqalı böyüyür: - “O, mandat bazarlığına vərdiş edib”

Milli Şuranın sədri Cəmil Həsənli jurnalist Qənimət Zahidin “Youtube” internet kanalına müsahibəsində 9 fevral növbədənkənar parlament seçkilərindən danışarkən ReAL Partiyasına qarşı bir sıra ittihamlar səsləndirib.

C.Həsənli müsahibəsində seçkilərə qatılan ReAL partiyasını hakimiyyətlə razılaşmaqda günahlandırıb. Milli Şuranın sədri seçkilərdə qalib gələn Erkin Qədirlinin öncədən bununla bağlı hakimiyyət rəsmiləri ilə danışıqlara getdiyini bildirib. C.Həsənli həmçinin bildirib ki, Erkin Qədirli seçkilərdən əvvəl Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyevlə görüşüb. Şura sədri ReAL-ın rəhbərlərinin Brüssel səfərinin də hakimiyyət tərəfindən təşkil edildiyini iddia edib.

ReAL Partiyasının sədr müavini Natiq Cəfərli Cebhe.info-ya açıqlamasında Milli Şura sədri Cəmil Həsənlinin qeyri-ciddi açıqlamalarına cavab vermək istəmədiyini deyib:
“Əslində, bu cür gülünc ittihamlara cavab verməyi özümə sığışdırmasam da, bir-iki kəlmə ilə cavab verəcəyəm. Cəmil Həsənlini başa düşürəm, o mənada ki, özünün həyatı bu cür razılaşmalarla keçib. Özü iki dəfə razılaşıb parlamentə düşüb deyə hamını da elə görür. Əslində onu qınamıram. Bir dəfə hətta AXCP-dən (Əli Kərimlinin rəhbərlik etdiyi “Yurd”u nəzərdə tutur-müəll.) qovularaq mandatı seçib. İndi də hamı haqqında o cür düşünür. İkinci məsələ isə odur ki, bu ittihamlar səsləndirəndə sübutlar da göstərmək lazımdır. Ona qalsa, mən də deyə bilərəm ki, onun seçkilərdən əvvəl kimlərin seçiləcəyi ilə bağlı yaydığı siyahını ona “skayp” vasitəsilə diktə ediblər, Cəmil Həsənli də uşaq kimi oturub köçürüb. Bununla da seçkilərə marağın azalmasına hakimiyyətlə birgə xidmət edib. Belə ittihamları mən də deyə bilərəm. Amma bunun əsli, astarı, sübutu yoxdur. Əgər Cəmil Həsənli də ciddi siyasətlə məşğul olmaq istəyirsə, dediyi sözü sübut etməlidir. Tutaq ki, Erkin Qədirli Zeynal Nağdəliyevlə görüşüb. Cəmil Həsənli, sən bunu haradan bilirsən? Onu açıqla. Bu cür ittihamları səsləndirmək o insanların belə demək mümkündürsə, xasiyyətləridir. Qara yax, çamur at, tutmasa da, izi qalacaq. Hətta Cəmil Həsənli utanmadan bizim Brussel səfəri ilə bağlı məsələni yenidən qaldırıb. Halbuki onu biz də, xarici təşkilatlar da sübut etdi ki, dedikləri absurddur. Hətta keçmiş səfir Arif Məmmədovla debatda da sübut etdim və o da dedi ki, onu aldadıblar. Onun istinad etdiyi adam nəinki görüşdə olmayıb, ümumiyyətlə, bizimlə görüşməyib”.

ReAL təmsilçisi Milli Şura sədrini ciddi siyasi fəaliyyətə dəvət edib:

“Belə çamur atmağı özünə peşə seçən insanlara cavabım odur ki, normal siyasətlə məşğul olmaq istəyirlərsə, dedikləri sözün çəkisini bilsinlər, səsləndirdikləri ittihamları sübut etsinlər. Sübut edə bilmirlərsə, heç olmasa utansınlar, üzr istəsinlər. Cəmil Həsənlinin bu yaşdan sonra düzələcəyini, başqa cür düşünəcəyini də düşünmürəm. Bizim əslində Cəmil Həsənli ilə normal münasibətlərimiz olub. Hətta 2013-cu il prezident seçkilərində onun iqtisadi rəqəmlərlə bağlı çıxışlarının böyük hissəsini elə mən özüm yazmışam. Bizim ofisdə bir neçə dəfə görüşlərimiz olub. Əlimizdən gələn dəstəyi də vermişik. Cəmil Həsənli İlqar Məmmədov həbsdə olanda onun çox böyük reytinqini nəzərə alaraq həmişə ReAL-la bağlı çox gözəl fikirlər səsləndirirdi. İndi seçkini boykotun böyük səhv olduğunu anlayır, gəncliyin bu işə çox böyük həvəslə qoşulduğunu görürlər, ona görə də üstümüzə gəlirlər. Onları qıcıqlandıran baş verən seçki saxtakarlığına baxmayaraq cəmiyyətdə yeni bir gənclik dalğasının yaranmasıdır. Bu isə onların iştirakı olmadan baş verib. Bunun başqa izahı yoxdur. Bunu siyasətdən bixəbər adamların insanları siyasətdən iyrəndirmək cəhdi kimi qiymətləndirirəm. Əlində sübutu varsa, çıxsın sübut etsin. Sübut edə bilmirsə, heç olmasa, üzr istəmək qabiliyyətini cəmiyyətə göstərsin”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR