Etibar Pirverdiyevin karyerasını bitirə biləcək FAKTLAR

24-11-2015, 09:54 648 dəfə baxılıb

Etibar Pirverdiyevin karyerasını bitirə biləcək FAKTLAR













Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun tutduğu vəzifədən azad edilməsi onun qudası, "Azərenerji" ASC-nin sədri Etibar Pirverdiyevin adının mətbuatın gündəminə tez-tez gəlməsinə səbəb olub. Bəzi mənbələrin iddiasına əsasən, ASC rəhbəri tezliklə qudasının aqibətini yaşaya və işindən çıxarıla bilər. Bu məmurun nəzarətindəki Sumqayıt Texnologiyalar Parkında (STP), "Azenco" şirkətində, eləcə də "Azərenerji" ASC-də yaşanan çoxsaylı problemlər, maaş böhranı belə deməyə əsas verir. Xatırladaq ki, bir neçə gün əvvəl ölkə prezidenti İlham Əliyev vəzifəli şəxslərə xəbərdarlıq edərək dövlət əmlakını talayan insanların kimliyindən asılı olmayaraq cəzalandırılacağını bildirdi

Aparılan araşdırmalar göstərir ki, Etibar Pirverdiyevin rəhbəri olduğu qurumda, həmçinin onun nəzarətindəki iri şirkətlərdə ciddi maliyyə pozuntuları mövcuddur. Bir müddət öncə narazı vətəndaşlardan biri mətbuata müraciət edərək STP-dəki qanun pozuntularından söz açmışdı. Həmin faktların bir hissəsini xatırlatmaq istəyirik: "Yarıtmaz idarəetmə ve kadr siyasəti, anormal əmək haqqı, qanunların saya sayılmaması fəhlələrin səbr kasasını daşırmaq üzrədir. Əmək haqqı "paket" sistemi ilə verilir. Kimə nə qədər istəyirlər "paket" verirlər. Bəzən təzə işə qəbul olan, heç bir is təcrübəsi olmayan isçilər uzunmüddətli əmək stajı və təcrübəsi olan isçilərdən iki dəfə cox əmək haqqı alır. Oklad 200-400 manat arasındadır. Amma istədikləri adama 2000-4000 manat, hətta daha artıq "paket" verirlər. Bəzi vəzifəli şəxslərə (şöbə müdirləri, direktorlara) isə "paket" yox, "diplomat" verilir. STP-də şüşə sexi ola-ola avtobusları normal şüşələrlə belə təmin etmirlər. Halbuki, özləri dövlətin hesabına "lüks" maşınlarda gəzirlər. İşcilər burda dərdini deməyə adam tapmır. STP-də iki icraçı direktor olsa da, hec birinin qəbul günləri yoxdur. Burda izafi xərclər baş alıb gedir.

Etibar Pirverdiyevə yaxın hər yerindən duran vəzifəli şəxsə xidməti maşın təsis edilib. Bu məqsədlə ayda külli miqdarda dövlət vasaiti yanacağa silinir. Onun yaxın qohumu Dünya Pirverdiyeva STP-də şöbə müdiridir. Ayda 2000 manat maaş alır. Daha doğrusu işə çıxmadan bu maaşı alır. Çünki onu texnoparkda bir gün də olsa görən olmayıb. Rəhbər vəzifələrə peşəkarlar yox, sadəcə Pirverdiyevə yaxın, tanış və qohum olan adamlar götürülür.

Məsələn, biznesin inkişafı idarəsinin rəisi Cəmil Qasımov Pirverdiyevin yaxın qohumunun tələbə yoldaşı olub. Ağır Maşınqayırma Zavodunun direktoru Rzabəy Məmmədov isə sabiq nazir Əli Abbasovun kürəkənidir". Məlumatlardan göründüyü kimi, ASC rəhbərinin nəzarətində olan texnoparkda dəhşətli qanunsuzluqlar cərəyan edir. Başqa sözlə desək, cəmiyyət sədri özünün və qudası Əli Abbasovun adamlarını bu müəssisədə yüksək vəzifələrə qoymaqla qanunların ayaq altına atılmasına, sadə fəhlələrin haqqının tapdalanmasına zəmin yaradıb. Bu məmurun dövlət büdcəsinə vurduğu ziyan bununla da yekunlaşmır.

Bir neçə ay əvvəl deputatlardan biri "Azərenerji" ASC-nin rəhbərinin ona yaxın olan "Azenco" şirkəti ilə müqavilələr bağlayıb dövlət vəsaitini göyə sovurmasına sərt təpki vermişdi: "Su elektrik stansiyalarının birinin tikintisi zamanı nəzərdə tutulan müqavilədə tikintinin 20 aya başa çatdırıldığının göstərilməsinə baxmayaraq, 15 ay əlavə vaxt uzadılıb və büdcədən əlavə vəsaitlər ayrılıb. Ümumiyyətlə "Azərenerji" bütün əməliyyatlarını "Azenco" şirkəti ilə birlikdə aparır və nəticədə böyük korrupsiya faktları olur. Bir həkim 300 manat alıb həbs olunduğu halda, bu qədər milyonların “gedər-gəlməzə” yollandığı "Azərenerji" ilə bağlı heç bir ölçü götürülmür". Qeyd edək ki, Etibar Pirverdiyevin enerji sektorunda həyata keçirdiyi qanuna zidd işlər və dövlət vəsaitlərini küləyə sovurması haqda çox yazılıb. Məmurun son illərdə enerji sektoruna qoyulan 3 milyard dollardan çox investisiyanı təyinatı üzrə sərf etməməsi barədə bəzi faktların üstü açılıb. Amma indiyə kimi onun barəsində heç bir ölçü götürülməyib.

Onun adı həmçinin Dövlət Bayrağı Meydanının Tikintisi zamanı da hallandırılmışdı. Belə ki, meydanın tikintisində baş podratçı "Azenco" şirkəti olduğu üçün həyata keçirilən qanundan kənar işlərə görə Etibar Pirverdiyevin adı gündəmə gəldi.

"Azİmport" şirkətinin sahibi, Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin keçmiş rəhbəri Rəşad Məmmədovun isə dindirmə zamanı Etibar Pirverdiyevə qarşı ifadə verdiyi məlum olub. Bildirək ki, Etibar Pirverdiyev Rəşad Məmmədovla biznes ortağı olub. Dövlət Bayrağı Meydanı kompleksinin tikintisi layihəsini baş podratçı qismində Pirverdiyevin nəzarətində olan "Azenco" şirkəti həyata keçirib. "Azİmport" şirkəti isə bu layihədə əsas podratçı olub.

Dövlət Bayrağı Meydanı kompleksinin yerləşdiyi ərazidəki obyektlərin, yaşayış binalarının söküntüsünü də "Azenco"nun sifarişi əsasında "Azİmport" həyata keçirib. Yəni sökülən obyektlərə və evlərə görə dövlət büdcəsindən ayrılan kompensasiyalar bu iki şirkətin əli ilə yox edilib. ASC sədrinin adı ilə bağlanan bu qədər fakt var. Buna baxmayaraq, o indiyə kimi özünü bir sıra təhlükəli məqamlardan sığortalamağı bacarıb. Lakin bəzi mənbələrin fikrincə, artıq Etibar Pirverdiyevin karyerasının sonu yaxınlaşıb.

Deyilənə görə, tezliklə cəmiyyət sədri vəzifəsindən kənarlaşdırıla və barəsində araşdırmalar başlana bilər. Hətta bəzi iddialara görə, "Azərenerji" rəhbəri biznes ortağı Rəşad Məmmədovun aqibətini yaşamağa çox yaxındır. Mövzu ilə bağlı qarşı tərəfin də cavab haqqını tanıyır. (gundelik-baku.com)


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR