Mayın 8-də Qarabağda hərbi əməliyyatlar təkrarlana bilər

3-05-2016, 12:58 538 dəfə baxılıb

Mayın 8-də Qarabağda hərbi əməliyyatlar təkrarlana bilər













Aprelin 5-də Moskvada əldə olunmuş atəşkəs razılaşmasına baxmayaraq, Ermənistanın işğal altındakı hərbi qüvvələri Azərbaycanın hərbi mövqelərini və yaşayış məskənlərini atəşə tutmaqda davam edir. Düzdür, işğalçı təkcə son həftə ərazində 10-a yaxın itki verdiyini açıqlayıb, ancaq düşmən yenə də təcavüzündən əl çəkmir. Paralel olaraq erməni tərəf bütün təmas xətti boyu aktivləşməkdədir

Terrorçuları öz ətrafında birləşdirən Ermənistan Könüllülər İttifaqı (“Yerkrapa”) isə ayrıca bəyanatla çıxış edib (milli.az). Dağlıq Qarabağın və Azərbaycanın digər ərazilərinin işğalında iştirak etmiş erməni caniləri birləşdirən qurumun bəyanatı əslində düşmən ölkənin niyyətini ortaya qoyur. Fakt budur ki, Sərkisyan hakimiyyəti mövcud vəziyyətdən çıxmaq üçün heç olmasa, təsəlli sayılacaq kiçik qələbəyə nail olmaq istəyir.

Ona bu qələbə danışıqlarda itirilmiş mövqelərinin, həmçinin ölkə daxilində tar-mar olmuş imicinin bərpa olunması baxımından çox lazımdır. Gələn məlumatlara görə, Ermənistan ordusu və Qarabağ separatçıları mövqelərimizə doğru yeni hücuma hazırlaşırlar. Hətta iddia olunur ki, hücum mayın 8-i, Şuşanın işğalı günündə ermənilərə “hədiyyə” etmək məqsədi güdür. “Yerkrapa”nın rəhbəri Manvel Qriqoryanın sözlərinə görə, “bütün ermənilər mayın 8-də gözəl hədiyyə almağa layiqdirlər”.

Ermənistan dördgünlük müharibədə itirdiyi mövqelərin ona qaytarılmasını istəyir. İrəvandakı “Lragir” qəzetinin baş redaktoru Haykazn Qaqriyan isə “Vaxt tükənir: irəliləyiş yaxındadır” başlıqlı məqaləsində yazıb: “Belə təəssürat yaranır ki, tərəflərə sanki vaxt verilmişdi və indi o vaxt tükənir”.

Ermənistan ordusunun Dağlıq Qarabağda və işğal edilmiş digər ərazilərdə son günlərdə müşahidə olunan aktivliyi də düşmənin hücum niyyətindən xəbər verir. Bu arada Ermənistan ordusunun işğal altındakı Dağlıq Qarabağda yerləşən hərbi birləşmələrinin malik olduğu texnika və artilleriya qurğularının sayı barədə məlumatlar yayılıb. Modern.az-ın məlumatına görə, işğal olunmuş Qarabağ bölgəsində ermənilərin 371 tankı, 324 PDM-i və ZTR-i, 44 ədəd “Qrad” artilleriya qurğusu, 102 ədəd D-30 122-mm-lik qaubitsalar, 152 mm-lik qaubitsa-top, 99 ədəd 152 mm-lik 2A36 topları, 100 mm-lik KC-19 zenit topları, 85 mm-lik D-44 divizion topları, 2 ədəd Su-25 qırıcısı və 8 ədəd Mi-24 döyüş helikopteri var. Bundan başqa, Dağlıq Qarabağda Ermənistan ordusunun 20 minlik işğalçı korpusunun da yerləşdiyi məlumatlar arasındadır.

Ermənistandan Dağlıq Qarabağa göndərilmiş “Toçka-U” taktiki raket buraxılış sistemləri artıq Füzuli, Cəbrayıl və Ağdərə istiqamətlərində yerləşdirilib.

Rusiyalı ekspert Oleq Kuznetsov da demişdi ki, əgər yaxın müddətdə sülh əldə olunmasa, savaş yenidən başlayacaq. “Mayın 8-i yaxınlaşır. Bu, erməni silahlı birləşmələri tərəfindən qeyd edilən Şuşanın işğal günüdür. Qondarma ”Arsax dövləti"ndə bu, bayram hesab edilir. Vacib deyil, atəşi birinci kim açacaq. Bu, Azərbaycan ordusunun yeni lokal hücum əməliyyatına başlaması üçün ən əlverişli gündür. Nədən ki, Rusiyanın buna qarışmayacağına yüz faiz zəmanət var. Ən azı üç gün - mayın 7-dən 9-dək Qələbə Günü ilə bağlı bu zəmanət olacaq və Azərbaycan bu 3 gündə nə istəsə, onu öz ərazisində eləməyə ixtiyar sahibidir. Sonra isə Kreml növbəti “sakitləşdirmə” mərhələsinə başlayacaq - hansı mərhələ ki, yalnız konflikt zonasında yeni hərbi-siyasi situasiyanın fiksasiyasından ibarət olacaq" - ekspert demişdi.

Mümkündür ki, bu, bir ekspertin proqnozu deyil, həm də Rusiya hakimiyyət dəhlizlərində dolaşan informasiyadır. Ermənistanın müdafiə naziri Seyran Ohanyanın Moskvaya son səfəri zamanı isə Rusiya müttəfiqinə silah yardımı edəcəyinə söz vermişdi. Düzdür, Ermənistan mətbuatı da Azərbaycan ordusunun təmas xətti boyu aktivləşməsindən, bölgəyə əlavə qüvvələr yerləşdirilməsindən bəhs edən materiallar verir. Hesab olunur ki, düşmən ordumuzun ona növbəti sarsıdıcı zərbə vuracağından ehtiyatlandığı üçün öz gücünü bir neçə qat şişirdərək tirajlayır. Yəni işğalçı daha çox qorxduğu üçün qorxutmağa çalışır. Lakin o da mümkündür ki, Ermənistan Rusiyanın hərbi texnikasının xidmətindən də yararlansın və Azərbaycandan qisas almaq niyyətinə düşsün.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında təmas xəttində gərginliyin qaldığını söyləyib: “Cəbhə bölgəsində atəşkəsə riayət olunmur. Bu da təbiidir. Çünki atəşkəsin ardınca danışıqlar intensivləşməli idi. Biz bunun əvəzinə 6 aprel tarixindən bu yana Bakı və İrəvana əhəmiyyətsiz səfərlərin şahidiyik. Nə rusiyalı rəsmilər, nə də avropalı diplomatlar Bakı və İrəvana səfərlərində konkret təkliflər gətirmədilər, heç kəs İrəvanı inandırmır ki, Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılmadan problem həll olunmayacaq. Ona görə də bu gedişat bölgəni növbəti genişmiqyaslı hərbi toqquşmalara aparır. Müharibənin baş vermə ehtimalını Ermənistan ordusunun cəbhə bölgəsindəki təxribatları da artırır. Ermənistan hakimiyyəti və ordu komandanlığı 1990-cı illərin əvvəllərindəki taktikanı təkrarlamağa çalışırlar.

O illərdə Ermənistan ordusu Azərbaycanın kəndlərini və rayonlarını bombalayır, bu da mülki əhali arasında itkilərin sayının artmasına gətirib çıxarardı. Digər tərəfdən, Azərbaycan ordusu nizamlı deyildi, silahlı birləşmələr müxtəlif siyasi fiqurlara tabe idi. Və həmin siyasi fiqurlar arasındakı gərginləşən münasibətlər silahlı birləşmələrin döyüş əhval-ruhiyyəsinə mənfi təsir edirdi. Kənd və rayonların boşalması da savaşan insanların döyüş ruhuna mənfi təsir edirdi. İndi isə Azərbaycanda vəziyyət tam fərqlidir. Azərbaycanda 24 ildə nizami ordu quruldu, könüllü batalyonlar yoxdur, ordu yalnız müdafiə nazirinin əmrlərinə tabedir.

Ordunun silah və sursatı da 1990-cı illərdəkindən daha moderndir. Digər ən böyük faktor Ermənistan ordusunun bombardmanlarına baxmayaraq mülki əhalinin yaşayış yerini tərk etməməsidir. Yəni Ermənistan hakimiyyətinin və ordusunun 1990-cı illərdəki ”mülki əhalini qorxu altında saxlamaq" strategiyası işləmir. Əksinə, Azərbaycanın rayon və kəndlərinin bombardman edilməsi Azərbaycan ordusunu işğalçı qüvvələrə qarşı yeni əks-hücuma həvəsləndirir. Həm də əgər Ermənistan ordusu yaşayış məntəqələrini bombalayırsa, Azərbaycan ordusunun əks-hücuma keçməsi üçün əngəl də qalmır.

Beynəlxalq aləmin, o cümlədən Rusiyanın Azərbaycan ordusunun hücuma keçməsinə mane olması siyasəti zəifləyir. Çünki atəşkəsin Ermənistan tərəfindən pozulduğu aşkardır. 5 apreldə Azərbaycan hakimiyyəti Kremli eşitdi. Növbəti savaşda Azərbaycan ordusunu atəşkəsə dayandırmaq çətin olacaq. Bunu bəzi ərazilərin azad olunması ilə bağlı ordudakı və cəmiyyətdəki yüksək əhval-ruhiyyə də sübut edir. Azərbaycan hakimiyyəti isə zabit heyətinin və cəmiyyətin bu sifarişi ilə hesablaşmaq məcburiyyətindədir".

***
Aprelin 2-də Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan 9 illik fasilədən sonra Azərbaycanın işğal altındakı ərazilərinə gəlib. Qeyd edək ki, hələ S.Sərkisyan Ter-Petrosyanın ayağına gedəndən sonra keçmiş prezident demişdi ki, yaranmış situasiyanı müzakirə etmək üçün Dağlıq Qarabağa gedəcək. Eks-prezidentin Qarabağ separatçılarının başçısı Bako Saakyanla konkret nələri müzakirə etdiyi bəlli deyil. Ancaq güman olunur ki, Qarabağ ətrafındakı situasiyanı daha real qiymətləndirməyi bacaran Ter-Petrosyan hərbi ritorikaya üstünlük verən separatçı lideri başa salmaq üçün gəlib. Hakimiyyəti dövründə Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilərin qaytarılmasında israr edən və buna görə də erməni lobbisinin qəzəbinə tuş gələn Ter-Petrosyanın budəfəki mövqeyi maraq doğurur.

Politoloq E.Şahinoğlu hesab edir ki, Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyanın Dağlıq Qarabağa gəlişi heç də Serj Sərkisyanı xilas etmək üçün deyil: “Ter-Petrosyan bilir ki, Sərkisyanın siyasi perspektivi yoxdur. Ona görə də o, son məqamda Sərkisyanı müdafiə etməyəcək. Sadəcə, Levon Ter-Petrosyan taktiki maraqlardan xidmət edir. Keçmiş dövlət başçısı Robert Köçəryan Ter-Petrosyan üçün daha qorxulu fiqurdur. Ona görə də Köçəryanın hakimiyyətə gəlişini əngəlləmək üçün Ter-Petrosyan Sərkisyanla müvəqqəti taktiki müttəfiqliyə razılaşıb. Daha sonra bu yollar ayrılacaq. Hazırda isə Ter-Petrosyan Sərkisyanın dəstəyi hesabına öz reytinqinı qaldırmaq istəyir. Dağlıq Qarabağa səfər də bu reytinq siyasətinin tərkib hissəsidir. Eynilə Sərkisyan Ter-Petrosyandan öz məqsədləri üçün istifadə etmək istəyir. Əsas məsələ odur ki, Sərkisyan Dağlıq Qarabağ məsələsində eks-prezidentdən dəstək gözləyir”.

E.Şahinoğlu vurğulayıb ki, Sərkisyanın Dağlıq Qarabağla bağlı planı yoxdur, Azərbaycanın mülki əhalisini hədəfə almaq planı da işə yaramadı: “Ona görə də Sərkisyan Qarabağ məsələsində Ter-Petrosyandan konsensus gözləyir. Çünki Ermənistan prezidenti Dağlıq Qarabağla bağlı təkbaşına qərar vermək istəmir. Bu, onun üçün böyük yükdür. Ancaq məncə, Ter-Petrosyanın da hələ ki Qarabağla bağlı yeni fikri yoxdur. İnanmıram ki, o, yaxın günlərdə ”Ermənistan problemi həll etmək üçün Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmalıdır" fikrini dilə gətirsin. Bunu Ter-Petrosyana, eləcə də indiki prezidentə Azərbaycan ordusu döyüş meydanında növbəti uğurları ilə dedizdirməlidir və bəlkə də ilin sonuna qədər bu, baş verəcək".

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı açıqlamasında bildirib ki, hərbi texnika və silah-sursatla bağlı açıqlanan rəqəmlər real ola bilməz: “Ermənilərin göstərdiyi həmin rəqəmlər Dağlıq Qarabağda toplanan ”könüllü"lərin sayından artıqdır. Ona görə də bu, uydurma məsələdir. Biz ancaq real faktlar və real rəqəmlərlə danışırıq, fərziyyələrlə yox".

V.Dərgahlı düşmən ölkənin Azərbaycan ordusunun təmas xəttinə əlavə canlı qüvvə və texnika daşıması ilə bağlı hay-küyünə də reaksiya verib: “Biz dəfələrlə bildirmişik ki, Azərbaycan ordusunun ölkənin tanınmış sərhədləri daxilində istənilən istiqamətdə hərbi texnika və canlı qüvvəsini hərəkət etdirmək, cəmləşdirmək və yerdəyişməsini həyata keçirmək hüququ var”. Ermənilərin qəfil hücuma keçə biləcəyi barədə xəbərlərə gəldikdə, MN rəsmisi “Azərbaycan ordusu düşmənin istənilən fəaliyyətinin qarşısını almağa hazırdır” - dedi.

Görünən budur ki, qarşıda bizi çox gərgin həftə gözləyir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR