“Mehriban Əliyeva xalqın sevgi və rəğbətini qazana bilib”

24-08-2018, 21:49 747 dəfə baxılıb

“Mehriban Əliyeva xalqın sevgi və rəğbətini qazana bilib”

Mehriban xanım Əliyevanın müxtəlif vəzifə və statuslarda bu zamana qədərki fəaliyyəti, Azərbaycan naminə gördüyü genişmiqyaslı işlər cəmiyyətdə ona böyük inam və rəğbət yaradıb. Bu gün hər bir Azərbaycan vətəndaşı Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətini olduqca yüksək qiymətləndirir. Onun gördüyü işlər təkcə Azərbaycanla məhdudlaşmır, daha geniş coğrafiyanı əhatə edir və sözün əsl mənasında, xalqlar və mədəniyyətlərarası əlaqələrin inkişafına dəyərli töhfə verir.

Bu sözləri Teleqraf.com-a açıqlamasında YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.


Onun sözlərinə görə, Mehriban Əliyeva həm də xalqlararası münasibətlərin və sivilizasiyalararası dialoqun inkişafına özünəməxsus töhfələr verir ki, bu da beynəlxalq miqyasda yüksək qiymətləndirilir: “Ötən il Moskvanın və bütün Rusiyanın patriarxı Kirillin Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanı Rus Pravoslav Kilsəsinə göstərdiyi köməyə və Həştərxan şəhərinin abadlaşdırılmasına qayğısına görə II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif etməsi bu nümunələr sırasında yer alır. Bununla yanaşı, digər çoxsaylı təltiflər Mehriban xanım Əliyevanın beynəlxalq əhəmiyyətli fəaliyyətinə verilən yüksək qiymətin ifadəsidir. Bu gün Azərbaycan dünya miqyasında tolerantlıq məkanı kimi tanınır, sivilizasiyalararası dialoqa əhəmiyyətli töhfələr verir. Azərbaycan müsbət beynəlxalq imicə və yüksək nüfuza malikdir. Bunun nəticəsidir ki, mötəbər beynəlxalq tədbirlərin keçirilməsi sabitlik mühiti və dinamik inkişafı ilə fərqlənən Azərbaycana həvalə edilir. Sevindirici haldır ki, Azərbaycan bu zamana qədər bütün nüfuzlu, mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib. Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə müvəffəqiyyətlə ev sahibliyi etməsindən bəhs edərkən Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq bacarığının əhəmiyyətini xüsusi olaraq qeyd etmək lazımdır”.



Sevinc Fətəliyeva vurğulayıb ki, birinci xanımın yüksək təşkilatçılıq bacarığı sayəsində “Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsi Azərbaycanda uğurla keçirilib və bütün dünyanın diqqət mərkəzində olub: “İlk Avropa Oyunlarının, ötən il baş tutmuş IV İslam Həmrəylik Oyunlarının yüksək səviyyədə keçirilməsi məhz Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi təşkilat komitələrinin uğurlu fəaliyyətinin nəticəsidir”.



Deputat qeyd edib ki, Mehriban Əliyevanın Birinci vitse-prezident kimi fəaliyyəti də ölkəmizin inkişafı və beynəlxalq miqyasda nüfuzunun artması – imicinin möhkəmlənməsi baxımından mühüm əhəmiyyətə malikdir: “Məlumdur ki, Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixində imzaladığı müvafiq sərəncama əsasən, Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilib. Şübhəsiz ki, bu, xalqımız və dövlətimiz üçün çox əlamətdar hadisədir. Mehriban xanım həm Milli Məclisin deputatı, həm də Heydər Əliyev Fondunun prezidenti kimi milli maraqlara əsaslanan uğurlu fəaliyyət göstərib. O, Milli Məclisin deputatı olarkən mühüm qanunvericilik təşəbbüsləri ilə çıxış edib və bu təşəbbüslərin hamısı xalqın mənafeyinə xidmət edib. Mehriban Əliyeva Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi də səmərəli fəaliyyəti ilə yadda qalıb. Buna paralel olaraq, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Fransada ölkəmizlə bağlı mühüm mədəniyyət tədbirləri keçirib, Azərbaycan reallıqları uğurla təbliğ olunub. Mehriban Əliyevanın Fransa Respublikasının “Şərəf Legionunun Zabiti” ali dövlət ordeni ilə təltif olunması da bu baxımdan xüsusi vurğulanmalıdır”.

Sevinc Fətəliyeva Mehriban Əliyevanın eyni zamanda, sıralarında 700 mindən çox insanı birləşdirən Yeni Azərbaycan Partiyasının Sədr müavini olmasına diqqət çəkib: “O, partiyanın nüfuzunun daha da artmasına, ölkəmizin inkişafına öz layiqli töhfəsini verməkdədir. Bir sözlə, öz fəaliyyəti ilə Azərbaycan xalqının sevgisi və rəğbətini qazana bilib. Bütün bu amillər Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsini şərtləndirib. Reallıq budur ki, Mehriban xanım Əliyeva hazırda Birinci vitse-prezident kimi uğurla fəaliyyət göstərir, öz fəaliyyətində xalqımızın mənafeyini, dövlətimizin maraqlarını əsas götürür. Azərbaycanın Birinci vitse-prezidenti öz fəaliyyəti ilə ölkəmizin inkişafına dəyərli töhfələr verir, respublikamızı beynəlxalq miqyasda uğurla təmsil edir”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR