Müsavat, Milli Şura və REAL-ın Qarabağ mitinqinə biganəliyi...

2-10-2018, 08:40 465 dəfə baxılıb

Müsavat, Milli Şura və REAL-ın Qarabağ mitinqinə biganəliyi...


Tural Abbaslı: “Təəssüflər olsun ki, özlərini vətənsevər adlandıran bəzi təşkilatlar nəinki mitinqdə iştirak etmədilər, hətta bu mitinqin əleyhinə təbliğat da apardılar”
Qarabağ Komitəsinin “Qarabağa azadlıq!” şüarı ilə sentyabrın 29-da keçirdiyi mitinqlə bağlı müzakirələr sosial şəbəkələrdə davam edir. Daha dəqiqi, Müsavat Partiyasının, həmçinin AXCP-nin nəzarətində olan Milli Şuranın və REAL Partiyasının aksiyada rəsmi olaraq iştirak etməmələri, bu qurumların bəzi funksionerlərinin sosial şəbəkələrdə mitinqi tənqid etmələri ilə bağlı dartışmalar gedir. Adları qeyd olunan üç qurumun ünvanına da ciddi tənqidlər var.

Xüsusilə Müsavat Partiyasının aksiyada istifadə etmək üçün tribunanı verməməsi, bəzi rayon təşkilatlarına mitinqdə iştirak etməməklə bağlı göstəriş verilməsi iddiası əks tərəfdə qəzəb doğurub. Düzdür, hər üç siyasi qurumun tərəfdarlarından mitinqdə fərdi qaydada iştirak edənlər də oldu. Onların hər biri isə Qarabağ adına görə öz təşəbbüsləri ilə meydana gəliblər. Nə Müsavat, nə Milli Şura, nə də REAL hələ də Qarabağ mitinqində nədən rəsmən iştirak etməmələrinə aydınlıq gətirməyiblər.

Qarabağ mitinqinin təşkilatçılarından olan AĞ Partiya başqanı Tural Abbaslı “Yeni Müsavat”a məsələ ilə bağlı bunları dedi: “Azərbaycan xalqı bir daha sübut etdi ki, Qarabağ məsələsi onun üçün bütün məsələlərdən öndə gəlir. 29 sentyabrdakı Qarabağ mitinqi həmçinin xalqımızın Qarabağ məsələsini bütün siyasi maraqlardan öndə tutduğunu nümayiş etdirdi. Bu mitinq 2013-cü ildən bu tərəfə kütləviliyinə görə ən kütləvi və coşğulu aksiya oldu. Bu, Qarabağ eşqi ilə yanan və Azərbaycanın ərazi bütövlüyü uğrunda hər şeyə hazır olan vətənsevər insanlarımızın aksiyası və uğuru idi. Biz də AĞ Partiya olaraq Qarabağ Komitəsinin tərkibində mitinqin təşkili işində iştirak etməmizlə qürur duyuruq. Düşünürəm ki, başlanğıc üçün son illərin siyasi süstlüyü və passivliyi fonunda Qarabağ uğrunda keçirilən aksiya uğurlu oldu. Baxmayaraq ki, əvvəlcədən də mövzunun Qarabağ olduğu üçün başqa heç bir şüar və tələblər irəli sürülməyəcəyini elan etmişdik, bəzi çıxışlarda müxtəlif şüarlar da səsləndi. Qarabağ Komitəsinin tərkibinə nəzər yetirsək bu halın da anlaşılan olduğunu görmək olar. Komitə hələ öz fəaliyyətini davam etdirəcək və bu istiqamətdə işlər görəcək. Qarabağ mitinqində iştirak edən və etməyən siyasi təşkilatlar barədə isə xalq özü hökm verəcək. Artıq sosial şəbəkələrdə və mətbuatda bununla bağlı müxtəlif fikirlər səslənir. Böyük əksəriyyət Qarabağ mövzusunda keçirilən bir tədbirdən özlərini kənarda saxlayan partiya və təşkilatları qınayır. Çünki hər kəs bilir ki, hər bir azərbaycanlı üçün Qarabağ bir nömrəli məsələdir və bu məsələdə heç bir siyasi və korporativ maraq güdülməməlidir. Ancaq təəssüflər olsun ki, özlərini vətənsevər adlandıran bəzi təşkilatlar nəinki mitinqdə iştirak etmədilər, hətta bu mitinqin əleyhinə təbliğat da apardılar. Hətta o qədər qabağa getdilər ki, guya mitinqin hakimiyyətin sifarişi olduğunu və burada iştirakın iqtidara faydalı olacağını belə bəyan etdilər. Hansı ki, bu günə qədər hər imkanda ümummilli məsələlərdə hətta iqtidarla belə əməkdaşlığa hazır olduqlarını bildirirdilər. Təbii ki, bu əks təbliğatın və siyasi böhtanın heç bir faydası olmadı və minlərlə insan aksiyaya qoşuldu.


Onu qeyd edim ki, bir çox ayıq vətənsevərlər təmsil olunduqları partiyaların iştirak etməməklə bağlı yanlış siyasi qərarına məhəl qoymadan mitinqdə iştirak etdilər. Mən bir daha o insanlara komitə adından təşəkkürlərimi çatdırıram. Düşünürəm ki, iştirak etməmək barədə verilən qərarlar məntiqli siyasi analizin deyil, daha çox emosional, siyasi qısqanclığın nəticəsi idi. Bunu bizim gördüyümüz kimi, həmin partiyaların üzvləri də, sadə seçici vətəndaşlar da gördü. Əminəm ki, bu yanlış qərarların cəzasını tezliklə Azərbaycan xalqı onlara göstərəcək. Görün bu qısqanclıqmı deyək, qərəzmi deyək, siyasi korluqmu deyək, nə həddə çatmışdı ki, mitinq üçün tribunanı verməkdən belə yayındılar. Regionumuzda baş verən geosiyasi durumu nəzərə alsaq, belə hərəkətlərin vətənimiz və millətimiz üçün nə qədər ziyanlı və təhlükəli olduğunu görərsiniz. Tədbirə dəstək verib Qarabağın azadlığı uğrunda nəsə etmək bir yana dursun, mitinqdən sonra mitinqi gözdən salmağa çalışmaq da ayrı bir biabırçılıqdır”.



T.Abbaslı dedi ki, AĞ Partiya Azərbaycanın taleyi üçün vacib olan bütün ümummilli məsələlərdə heç bir siyasi maraq güdmədən bütün fədakarlıqlara hazırdır: “Təəssüflər olsun ki, artıq illərdir siyasi səhnədə olan və müxalifəti monopoliyada saxlamağa çalışanlar hələ də bu məsuliyyəti dərk etməyiblər. Artıq 21-ci əsrdir, inanmıram ki, insanları aldatmaq əvvəlki qədər asan olsun. Baş verən hadisələr bir daha göstərdi ki, bəzi siyasi qüvvələr artıq siyasi çevikliklərini itiriblər və bu gedişlə tezliklə siyasi səhnədən çəkilməyə məcbur olacaqlar. Təbii ki, öz yanlışlarını görüb özlərində və təşkilatlarında rəhbərlik dəyişiklikləri etməsələr. İstənilən halda biz ”Xalqın gözü tərəzidir “ deyimini əsas tutaraq yolumuza davam edəcəyik. Uğurun da bizimlə olacağına qətiyyən şübhəm yoxdur”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR