Ramiz Mehdiyev Moskvada mühüm tədbirə qatıldı

23-11-2018, 11:28 514 dəfə baxılıb

Ramiz Mehdiyev Moskvada mühüm tədbirə qatıldı



Təhlükəsizlik şuraları katiblərinin görüşündə MDB məkanının təhlükəsizliyi məsələsi müzakirə edilib

Noyabrın 21-də Moskvada MDB dövlətləri təhlükəsizlik şuraları katiblərinin VI görüşü keçirilib. AZƏRTAC-ın məlumatına görə, iclasda Azərbaycanı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Prezidentin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov təmsil edib.

Təhlükəsizlik şuralarının katibləri terrorçuluq fəaliyyətinin maliyyələşdirilməsinin qarşısının alınması, o cümlədən cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına qarşı mübarizə üzrə birgə işin istiqamətlərini müzakirə ediblər. Görüşün gündəliyinə MDB məkanında regional təhlükəsizliyin təmin edilməsi, təhlükəsizlik şuraları xətti ilə beynəlxalq əməkdaşlıq sahəsində digər aktual məsələlər də daxil edilib.

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev görüşdə çıxış edərək deyib ki, gündəliyə MDB üzvü olan dövlətlər üçün ümumi xarakter daşıyan və qarşılıqlı maraq doğuran təhlükə və çağırışlarla bağlı problemlər daxildir.

Görüşdə MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev, KTMT-nin Baş katibi səlahiyyətlərini icra edən Valeri Semerikov, MDB üzvü olan dövlətlərin təhlükəsizlik şuralarının, nazirlik, idarə və elmi təşkilatlarının nümayəndələri iştirak edirlər.

Səfər çərçivəsində Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ilə görüş keçirib. Bu barədə Rusiya TŞ-nin mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, görüş zamanı tərəflər iki ölkənin müxtəlif nazirlikləri və qurumları arasında qarşılıqlı fəaliyyət perspektivlərini, terrorizmə qarşı mübarizə məsələlərini, habelə Xəzərin hüquqi statusu ilə bağlı məsələləri müzakirə ediblər.

Siyasi ekspertlər hesab edir ki, MDB məkanında təhlükəsizliyə ən ciddi təhdidlərdən biri postsovet respublikalarındakı separatizm ocaqları, ərazi münaqişələridir.

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, MDB məkanında təhlükəsizliyə ən ciddi təhlükə Dağlıq Qarabağ münaqişəsi və postsovet məkanındakı ərazi konfliktlərinin hələ də həllini tapmaması sayıla bilər: “Dağlıq Qarabağ münaqişəsi, Gürcüstanın Abxaziya və Cənubi Osetiya problemi, Moldovada Dnestryanı problem, Ukraynada Krım və Donetsk problemlərini bütövlükdə və ya ayrı-ayrılıqda götürsək hər biri MDB və bütün postsovet məkanı üçün ən böyük təhlükələrdir. Bu ölkələr üçün əsas təhlükə mənbəyi məhz həll edilməmiş, dondurulmuş problemlərdir. Əlbəttə bizim üçün ən mühüm olanı Dağlıq Qarabağ məsələsidir. Azərbaycan dinc, sülhsevər siyasət yürüdən bir ölkədir, MDB məkanında təhlükəsizliyin yüz faiz təmin olunmasında, sülhdə maraqlıdır. Amma onun ərazisinin 20 faizini işğal ediblər. Bu işğala son qoymaq üçün MDB-nin də öz imkanlarını maksimum səfərbər etməsi MDB-nin özünə də lazımdır əslində. MDB-nin təhlükəsizliyi Dağlıq Qarabağ münaqişəsi kimi münaqişələrin həllindən xeyli dərəcədə asılıdır. Çünki bu cür münaqişə ocaqları özündə hər an bütün bölgəni böyük təhlükələrlə üz-üzə qoymaq riski daşıyır”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR