“Neynəyim, porno şəkillər yerləşdirim!?”

13-09-2015, 14:21 884 dəfə baxılıb

“Neynəyim, porno şəkillər yerləşdirim!?”

















Azərbaycan ədəbiyyatında xüsusi yer tutan ədəbi orqanlardan biri də “Göyərçin” jurnalıdır. 1958-ci ildən bəri nəşr edilən jurnalda müxtəlif nağıllar, əfsanələr, tapmacalar, hikmətli sözlər yer alır

Axar.az “Göyərçin” uşaq jurnalının baş redaktoru, şair, yazıçı Rafiq Yusifoğlu ilə çağdaş dövrdə uşaq ədəbiyyatına maraq mövzusu çərçivəsində söhbətləşib.

Qəzetimiz iki min tirajla yayımlanırsa...

– Hazırda uşaq jurnallarının satışı hansı səviyyədədir?


– Bizim jurnala olan maraq da digər bütün jurnallara olan maraq kimidir, yəni çox azdı. Maraq əvvəlki kimi olmasa da, jurnalı alanlar var. Bir var jurnal sovet dövründəki kimi 270 min tirajla buraxıla, bir də var 1000-1500 nüsxə ilə. Bu, bütün mətbuatın problemidir. Ən çox yayılan qəzetimiz iki min tirajla yayımlanırsa, nə gözləmək olar? Yaxşı ki, saytlar var, heç olmasa, oxucu oradan nələrsə oxuyur.

– Bəlkə, satışın azlığı jurnalın günün tələblərinə cavab verməməsi ilə bağlıdır?

– Mən tam əminliklə deyə bilərəm ki, bizim jurnal günün tələblərinə cavab verən, uşaqların tərbiyəsinə xidmət eləyən, öz ilkin məqsəd, məramını qoruyub saxlayan, dəyərli yazarların əsərlərini çap eləyən bir jurnaldır. “Göyərçin” jurnalında artıq-əskik söhbətə və təsadüfi adamların imzasına rast gəlmək mümkün deyil.

Maraq artırmağın bircə yolu var

– Jurnallar arasında rəqabət yox dərəcəsindədir?

– Mən, düzü, rəqabət görmürəm, hiss etmirəm. Hər qəzetin, jurnalın, kitabın öz alıcısı var. Mətbuatın internetlə nə qədər rəqabəti varsa, bizim jurnalın da o dərəcədə rəqabəti var.

– Bəs uşaqları internetdə baxdıqları cizgi filmlərindən, daha çox zərərli olan oyunlardan çəkindirmək və uşaq jurnallarına maraq oyatmaq üçün nə etmək lazımdır?

– Mən bir uşaq şeiri yazmışdım:

Yaşıllığı sevirsən?
Bəs necə.
Neçə ağac əkmisən?
Heç neçə.


Marağı artırmağın bircə yolu var: hərə öz uşağına bircə dənə jurnal alsın. Çünki maraq oyatmaq nə zorla, nə də jurnalı məktəbdə yaymaqla mümkün olan şeydi. Sadəcə, valideynlər abunə yazılmalıdır. Axı hamı bilir ki, belə bir jurnal var. Abunə yazılsalar, həm özləri, həm uşaqları, həm bizim, həm də cəmiyyət üçün yaxşı olar.

Bu gün “Göyərçin” jurnalını oxumayan bir uşaq gələcəkdə nə “Azərbaycan” jurnalını, nə “Ulduz” jurnalını, nə də digər mətbuat orqanlarını oxuyacaq. Onsuz da oxumurlar.

Mənim düşüncəmə görə, uşaq mətbuatı bir az spesifik sahədir. Qəzetlərin, saytların məramı bir qədər fərqlidir. Amma “Göyərçin” jurnalının tamam başqa bir məqsədi var. Deyirlər ki, bu jurnal Əlifba kitabından sonra ikinci əvəzolunmaz vəsaitdir.

Bir dəfə saytların birində gördüm, professor Əjdər Ağayev tövsiyə edirdi ki, “Göyərçin” jurnalını, Rafiq Yusifoğlunun şeirlərini oxuyun. Amma tövsiyə tövsiyə olaraq da qalır. “Göyərçin”in problemi təkcə jurnalın deyil, günün ziyalılığının problemidir.

Bütün cəmiyyət səfərbər olmalıdır

– Bəzi mifik obrazlar var ki, onlar uşaqların fantaziyasını, xəyal dünyasını genişləndirsə də, müəyyən qorxuya səbəb olub. Bu obrazlar onların fantaziyaları ilə bərabər qorxularını da böyüdür. İstər cizgi filmlərində, istərsə də əsərlərdə bu cür obrazların həddən artıq qorxunc təsvir olunması uşaqların psixologiyasına nə dərəcədə mənfi təsir göstərə bilər?

– Bu, bütün uşaq ədəbiyyatının problemidir. İtdən də, pişikdən də, bit-birədən də, divdən də yazmaq olar. Mən bu yaxınlarda Amerikadan gəlmişəm. Mənim nəvələrim orada orta məktəbdə oxuyurlar. Amerikada yaxşı uşaq kanalları var, bizdə isə yox. O kanallarda bizdəki kimi cizgi filmlər verilmir. Daha çox öyrədici funksiyalı verilişlər verilir. Məsələn, tutaq ki, təbiətdə su nə deməkdirsə, onu cizgi filmi ilə izahlı şəkildə göstərirlər. Və yaxud da yarpaq nədir, ağacın rolu nədən ibarətdir və s. mövzular uşaqlara maraqlı şəkildə izah olunur.

Uşaq ədəbiyyatı digər ədəbiyyat nümunələrindən fərqli olaraq təkcə əyləndirmək məqsədi güdmür, onun məqsədi, məramı uşağı öyrətməkdir. Bu ədəbiyyat uşaqları danışmağa, davranmağa, folklorumuzu, ədəbiyyatımızı sevməyə, yaxşılığa məhəbbət hissi aşılamağa, bədxahlığa qarşı antimünasibət bəsləməyə sövq etməlidir.

Bu ağrılı problem akademiyada da müzakirə olunmuşdu. Bu, təkcə Rafiq Yusifoğlunun problemi deyil ki, 3-4 şeir, nağıl çap elətdirsin, bununla da məsələ həll olunsun.

– Jurnallara abunə yazılmaq icbari ola bilərmi?

– Ölkəmizdə 4500 məktəb var. Bu məktəblər dövlət tərəfindən maliyyələşir. Təhsil 10-cu sinfə qədər icbaridir. Əgər təhsil icbaridirsə, jurnala məcburi yazılmaqda cəmiyyət niyə qəbahət görməlidir?

Uşağı tərbiyə eləmək üçün bütün cəmiyyət səfərbər olmalıdır. Cəmiyyət tərbiyə etməlidir ki, onlar da böyüyüb cəmiyyəti daha yaxşı formalaşdırsınlar. İstəmirəm pafoslu səslənsin, amma uşağı elə tərbiyə etmək lazımdır ki, gələcəkdə cəmiyyətdə necə davranmalı olduğunu öyrənsin. Cəmiyyəti də formalaşdıran bir neçə amil var ki, bunlardan biri də ədəbiyyatdır. Jurnal da bunun içində olan vasitədir.

Sinifdənxaric oxu yox səviyyəsindədir

– Uşaqlar kitabxanalara da az gedir və ya heç getmir. Sinifdənxaric oxu hansı səviyyədədir bizdə? Müəllimlər hansı yaş dövründə hansı kitabı oxumalı olduğunu şagirdə düzgün tövsiyə edirmi?

– Bizim vaxtımızda çox kitab nəşr olunurdu, uşaqlar tez-tez kitabxanalara gedirdi. İndi kitabxanaya gedən var? Mənim Los-Anceles şəhərində yaşayan nəvələrim üç həftədən bir orada olan Mərkəzi Kitabxanaya gedirlər. Üç həftəyə iki uşağın hərəsi 30 uşaq kitab oxuyur. Həmin kitabları oxuyanda da qeydlər edirlər ki, filan kitabı oxudum, həmin kitabda nə yazılıb. Bununla da uşaqda kitaba sevgi yaranır. Mənim burda da nəvəm oxuyur. Sinifdənxaric oxu yox səviyyəsindədir. Belə olmaz axı.

İki universitetdə Filologiya fakültəsində dərs deyirəm. Əgər Filologiya fakültəsini bitirən tələbə əzbər bir şeir bilmirsə, ədəbiyyatda hansı inkişafdan söhbət gedə bilər? Əgər tələbə cümlə yazanda hansı sözün böyük, hansının kiçik hərflə yazıldığını bilmirsə, sözü sətirdən-sətrə keçirməyi bacarmırsa, qrammatik uzlaşma qaydalarından, ahəngdən xəbəri yoxdursa, başqalarına nə öyrədəcək? Mən tam əminliklə deyirəm ki, bütün bunların günahı uşaq vaxtı onların mütaliəsi ilə məşğul olmamaqdandır. Test bizi məhv eləyib.

Hamı günahı kənar adamda axtarır, heç kim özündə günah görmür. Hamımız günahkarıq. Cəzasını da hamımız çəkəcəyik.

– Yəqin ki, sovet dövrü uşaq ədəbiyyatı ilə müasir dövrdə yaranan uşaq ədəbiyyatı arasında nəzərəçarpan fərqlər var.

– Bəli, vaxtilə uşaq yazıçılarına pul verirdilər. Kitab çap edirdik və aldığımız qonorarla maşın alırdıq. Əgər bir yazıçı görürsə ki, onun kitabı nəşr olunmur, olunsa da, alıcısı yoxdur, niyə yazsın ki? İndi saytlarda yazılar sürətlə çıxır, amma kitab əziyyətli işdir. Qonorar da verə bilmiriksə, bu, bir ustaya “mənə gözəl bir villa tik, amma cibimdə pul yoxdur”, – deməyə bənzəyir. Əgər dövlət maliyyələşdirməsə, biz jurnalın bir sayını da çap edə bilmərik.

Uşaq nə istəyirsə, valideyn onun ən yaxşısını alır, amma bir manat verib jurnal almır. Bunun da kökündə valideynlərin də əksəriyyətinin elmsiz, cahil olması dayanır. Uşağın mədəsini deşən kola, saqqız, çipsi alır, amma bir manat verib şəkilli jurnal almır. Nazim Hikmətin bir sözü var: “Balım olsun, arısı gələr Bağdaddan”.

Uşaq jurnalına mən necə maraq oyadım, nə edim? Pornoqrafik şəkil yerləşdirim ki, alsınlar? Tərbiyədə belə şey ola bilməz. Bircə arxayınlığım ondadır ki, vicdanla lazım olan işi görürəm.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR