"Paşinyan Azərbaycana düşmən münasibət bəsləyən erməniləri islah etməlidir"

24-01-2019, 00:23 602 dəfə baxılıb

"Paşinyan Azərbaycana düşmən münasibət bəsləyən erməniləri islah etməlidir"


Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın Davos Forumu çərçivəsində baş tutan qeyri-rəsmi görüşü Azərbaycan cəmiyyətində, KİV-lərdə və siyasi dairələrdə tamamilə normal və zəruri bir hal kimi qarşılandı. Ancaq eyni sözləri Ermənistan KİV-ləri, erməni siyasi elitası haqda isə demək mümkün deyil. Çünki iki ölkə liderləri arasında dünən baş tutan görüşdən dərhal sonra Ermənistan KİV-lərində Paşinyana qarşı aqressiv reaksiyalar, əsassız pressinq başladı. Erməni mediası və ekspertləri Paşinyanı sülh danışıqları ilə bağlı hansısa nüansları gizlətməkdə günahlandırdılar. Erməni KİV-ləri və müxalifətçiləri Azərbaycan və Ermənistanın XİN rəhbərləri və ATƏT-in Minsk qrupunun həmsədrlərinin birgə Paris görüşündən sonra həmsədrlərin xalqların sülhə hazırlanması ilə bağlı verdiyi bəyanatdan narahatdırlar. Onlar bunu sanki Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqlarında Ermənistanın məğlubiyyəti kimi yozurlar. Aqressiv reaksiyaları da elə bundan doğur. Amma çox nahaq yerə. Erməni KİV-ləri və siyasətçiləri Paşinyana təpki göstərmək əvəzinə, həqiqətən də erməni xalqını sülhə hazırlamalıdırlar. Çünki hazırda Azərbaycan cəmiyyəti ilə müqayisədə erməni ictimaiyyəti Qarabağ məsələsində daha aqressiv və davakar əhval-ruhiyyəyə köklənib. Paşinyanın sələfləri - Robert Köçəryan və Serj Sərkisyan uzun illər ərzində istər sıravi erməniləri, istərsə də erməni jurnalistlərini, siyasi qüvvələri Azərbaycana qarşı düşmən ovqatına kökləyiblər, erməni gənclərinin beyinlərini anti-Azərbaycan və anti-Türkiyə şüarları ilə zəhərləyiblər, erməni uşaqlarını türkə nifrət ruhunda böyüdüblər və bununla da Paşinyana olduqca ağır bir miras qoyub gediblər. İndi Paşinyanın üzərinə çox çətin və ağır bir missiya düşür. O, erməni ictimaiyyətini sülhə hazırlamalıdır və bu işdə də ona ilk növbədə məhz yerli KİV-lər və siyasi elita kömək etməlidir. Lakin gördüyümüz kimi erməni KİV-ləri (Kütləvi İnformasiya Vasitələri), siyasi partiyalar və QHT fəalları, ekspert camiəsi Paşinyana kömək etmək əvəzinə, ona süni maneələr yaratmağa çalışır və Azərbaycana qarşı düşmənçilik təbliğatını yenidən körükləməyə cəhd göstərirlər. Deməli, öz ictimaiyyətini sülhə və güzəştlərə hazırlamaq Paşinyan üçün elə də asan olmayacaq. Lakin o bunu bacarmaq, erməni KİV-lərinin və siyasi qüvvələrinin kor düşmənçiliyini sındırmaq zorundadır. Paşinyan Azərbaycana düşmən münasibət bəsləyən erməniləri islah etməlidir. Çünki Paşinyanın başqa alternativi yoxdur.

Əlisahib Hüseynov -
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR