“Akkord”dan prezidentə şikayət edildi – Şəhid ailəsi çarəsiz durumda

22-09-2015, 14:04 667 dəfə baxılıb

“Akkord”dan prezidentə şikayət edildi – Şəhid ailəsi çarəsiz durumda












1992-ci ildə Şuşa-Laçın istiqamətində gedən döyüşlərdə şəhid olan Arzuman Əsədullayevin ailəsi “Akkord” Şirkətlər Qrupundan şikayətçidir

Bu barədə AzNews.az-a Şəhid Ailələrinə Sosial Dəstək İctimai Birliyinin sədri Almaz Zeynalova məlumat verib. Onun sözlərinə görə, ailə şirkətdən aldığı evə görə problemlə üzləşib, lakin şirkət rəhbərliyi yaranmış problemlə əlaqədar olaraq Arzuman Əsədullayevin ailəsini qəbul edib onları dinləmək istəmir.

Belə ki, 2011-ci ilin avqustun 3-də şəhid Arzuman Əsədullayevin qardaşı, həyat yoldaşı Maral Əsədullayevanın adına “Akkord” Şirkətlər Qrupundan Sabunçu rayonu 2595 saylı məhəllədə Y.Əliyev küçəsi, 1 ünvanında yerləşən binadan kredit yolu ilə 3 otaqlı mənzil alıb. Ailə bu müddət ərzində mənzili təmir etdirib. Kredit ödənişi əvvəllər “Texnikabank”da həyata keçirilsə də, “Texnikabank”ın bağlanmasından sonra ödəniş Beynəlxalq Bank vasitəsilə həyata keçirilməyə başlayıb. Banklar arası dəyişmə zamanı arada bir boşluq yaranıb. Bu boşluq səbəbindən ailənin ödənişi obyektiv səbəbdən bir müddət gecikib.

Bunun ardınca isə ailə üzvləri arasında ağır xəstəliklər ortaya çıxıb. Biri hepatit olmaqla ailədə 3 nəfər ağır xəstəliyə tutulub. Buna görə də kredit ödənişində gecikmə yaranıb, gecikməyə görə də müəyyən cərimələr hesablanıb. İndi isə şəhid ailəsi borclu olduğu vəsaiti ödəmək istəyir. Və bunun üçün şirkətə müraciət edib kreditin ödəniş qrafikinin yenidən tərtib olunmasını və müddətin uzadılmasını xahiş edib.
Lakin şirkətin rəhbəri və ya səlahiyyətli şəxsləri şikayətçini, Şəhid Ailələri Cəmiyyətinin rəhbərliyini qəbul etmir.

A.Zeynalovanın sözlərinə görə, şirkətdən onlara bildirilib ki, yaranmış borc ödənilmədən yeni qrafik məsələsinə baxıla bilməz: “Elə problem də ondadır ki, şəhid ailəsinin həmin məbləği birdəfəlik ödəməyə gücü çatmır. Biz istəyirik ki, həm yığılıb qalan əsas məbləği, həm faizləri, həm də cəriməni bizə veriləcək yeni qrafik əsasında ödəyək. Amma onu bizə vermirlər, rəhbərlik də görüşdən qaçır”.
QHT sədri bildirib ki, baş verənlərə görə, şəhidin atası Azadxan Əsədullayev infarkt keçirib: “Şəhidin anası yataq xəstəsidir. Ailənin daha bir üzvü Hepatit C xəstəliyindən əziyyət çəkir. Ailənin bu cür ağır vəziyyətdə olmasına baxmayaraq “Akkord” Şirkətlər Qrupunun rəhbərliyindən, yüksək vəzifəli şəxslərdən heç kim bu ailəni qəbul edərək onları eşitmək istəmir”.

Almaz Zeynalova bir ildən çoxdur ki, şirkət rəhbərliyi ilə görüşməyə çalışsa da, hələ ki buna nail olmadıqlarını bildirib. Şəhid ailəsi məsələ ilə əlaqədar Prezident İlham Əliyevə şikayət etmək istəyir. Onlar ölkə başçısından məsələyə diqqət ayırmağı və düşdükləri çarəsiz durumda onlara kömək etmələrini istəyirlər.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR