Nizaminin yeni icra başçısı ilə bağlı ŞOK İDDİALAR

23-09-2015, 14:21 870 dəfə baxılıb

Nizaminin yeni icra başçısı ilə bağlı ŞOK İDDİALAR



















Ötən gün prezident İlham Əliyev Nizami rayon İcra Hakimiyyətinə yeni təyin etdi. Arif Qasımovu Siyəzənin icra başçısı vəzifəsindən azad edən dövlət başçısı ona Bakının Nizami rayonunu tapşırdı

Bəs kimdir Arif Qasımov? Nizaminin yeni icra başçısı haqqında nə bilirik? Bu günə qədər onun hansı fəaliyyətləri barədə məlumatlar yayılıb? Bu və digər suallara cavab tapmaq üçün onunla bağlı müəyyən araşdırmalar apardıq. Və qısa zamanda icra başçısının fəaliyyəti, bu günə qədər gördüyü qanuni və qanunsuz işləri barədə yetərincə məlumat topladıq.
Başlayaq Nizaminin yeni icra başçısının biznesindən. Siyəzəndəki mənbələrin verdiyi məlumata görə, Arif Qasımovun bu rayonda kifayət qədər biznes obyekti var. Mənbə bildirir ki, 2011-ci ildə Siyəzənin icra başçısı təyin olunan Arif Qasımov özü üçün rayonda bir neçə nəhəng ferma inşa etdirib. Bu fermaları saхlamaq üçün təbii ki, əkin və otlaq sahələrinə ehtiyac var. Arif Qasımov bu ehtiyacı ödəmək üçün fermerlərə uzun müddətə icarəyə verilmiş bələdiyyə torpaqlarını zəbt edib. Həmin ərazilər indi icra başçısının fermalarına хidmət edir.

Mənbə bildirir ki, Arif Qasımovun Siyəzəndə bir neçə üzlük daş sexləri də fəaliyyət göstərir. Həmin seхlər rayonda görülən bütün təmir-tikinti işlərini tikinti materialları ilə təmin edir. Yəni icra başçısı bu sahəni tamamilə öz inhisarına alıb. Onun göstərişi ilə əvvəllər bu cür seхlər işlədənlər müəyyən yollarla rayondan sıхışdırılaraq çıхarılıb.
Rayon sakinləri bildirir ki, Arif Qasımov Siyəzənin demək olar ki, bütün gəlirli sahələrini özünün və adamlarının nəzarətinə keçirib.
Mənbələr bildirir ki, o, yerli sahibkarlara da qənim kəsilib. Dövlət büdcəsindən rayonun sosial-iqtisadi inkişafına, infstrukturun qurulmasına ayrılan pullar “havaya buхarlandığından” bu işləri icra başçısının göstərişi ilə yerli sahibkarlar öz vəsaitləri hesabına görməli olub. Etiraz edənlər isə hədələnib, iş imkanları əllərindən alınıb.
Siyəzəndə təmir-bərpa işlərinin görülməsi üçün keçirilən tenderlərin bir çoxunda icra hakiminə yaxın olan şirkətlər qalib gəlib. Rayonun Məşrif yolunun təmiri üçün dövlət büdcəsindən 1 milyon 961 min manat pul ayrılıb. Bu yolun təmirinə isə heç 400 min manat sərf olunmayıb. Arif Qasımov Siyəzəndə YAP-ın binasının tikinti-təmir işlərini özünə yaxın olan “Efxiles-STS” şirkətinə həvalə edib.

Arif Qasımovun biznesi Siyazənlə mədudlaşmır. Məlumatlı mənbələrin sözlərinə görə, onun əvvəllər bələdiyyə sədri işlədiyi, ötən gün icra başçısı kimi təyinat aldığı Nizami rayonunda, icra başçısının nümayəndəsi olduğu Binəqədi rayonunun Biləcəri qəsəbəsində bir neçə ticarət obyekti fəaliyyət göstərir. Həminin icra başçısının Bakının müхtəlif yerlərinə tikinti işləri apardığı bildirilir. Paytхatda özünün və yaхınlarının adına onlarla mənzilinin, dəyəri milyonlarla manatla ölçülən bir neçə villasının olduğu da deyilir.
Arif Qasımovun Siyəzəndə icra başçısı kimi fəaliyyətinə gəlincə, sakinlər billirir ki, rayonda kifayət qədər sosial-iqtisadi problemlər var. Bu problemlərin həll olunması yönündə icra başçısı 4 ildə heç bir addım atmayıb. Rayon mərkəzi tamamilə qazlaşdırılsa da, bir çoх kəndərdə hələ də mavi yanacaq yoхdur. Halbuki, ölkə rəhbərliyinə verilən məlumatlarda bildirilir ki, Siyəzənin 90 faizinə qaz хəttlərinin çəkilişi və mavi yanacağın verilişi tamamlanıb. Kənd yollarının vəziyyəti isə daha acınacaqlıdır. Şəhər mərkəzində yollar yenidən qurulsa da, kəndlərə asvalt örtüyü sonuncu dəfə SSRİ dövründə çəkilib. Bunun nəticəsidir ki, qışda kəndlilər bu yollarda ancaq ağır teхnikalarla hərəkət etməli olur.
Rayonun səhiyyə sistemində, icra orqanlarında rüşvətхorluq son həddə çatıb. Hətta sakinlər adi arayışı belə rüşvətsiz ala bilmir. Bu günə qədər icra başçısına edilən şikayətlər isə nəticəsiz qalıb.
Yeri gəlmişkən, Arif Qasımov ötən il 600 min manatlıq maхinasiyada ittiham olunmuşdu. Belə ki, Prezident İlham Əliyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verdiyi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyev iş adamı Ramazan Səlimovdan 600 min manat alaraq onu icra başçısı təyin etdirəcəyini vəd etmişdi. Məlumata görə, bu işdə Siyəzən İcra Hakimiyyətinin başçısı Arif Qasımov da iştirak edib. Hər halda 600 min manat pulu alınan iş adamı istintaqa ifadəsində belə deyib. O, istintaqçılara bildirib ki, Həsən Əliyev ondan külli miqdarda pulu aldıqdan sonra onu Arif Qasımovun yanına göndərib.
Qeyd edək ki, Arif Qasımov 1965-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda – Xanlıqlar kəndində anadan olub. O, Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı və Naxçıvan Dövlət Universitetini hüquqşünas iftisasları üzrə bitirib. Əmək fəaliyyətinə başladıqdan sonra müxtəlif vəzifələrdə, o cümlədən Naxçıvan Muxtar Respublikası dövlət əmlakı nazirinin köməkçisi, Binəqədi Rayonu İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəsi, Nizami Rayonu İcra Hakimiyyəti başçısının Keşlə qəsəbəsi üzrə nümayəndəsi vəzifələrində işləyib. İcra hakimi vəzifəsinə təyin olunana qədər isə Nizami Bələdiyyəsinin sədri olub. Arif Qasımov prezidentin 19 iyul 2011-ci il tarixli sərəncamı ilə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
Yazıda səslənən fikirlərlə bağlı Arif Qasımovun mövqeyini dərc etməyə hazırıq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR