Təhsil Nazirliyi ölüm hadisə ilə bağlı açıqlama yaydı VİDEO

25-09-2015, 01:57 874 dəfə baxılıb

Təhsil Nazirliyi ölüm hadisə ilə bağlı açıqlama yaydı VİDEO
Təhsil Nazirliyi ölüm hadisə ilə bağlı açıqlama yaydı VİDEO


İşində yol verdiyi nöqsanlara görə bu ilin yanvarında 118 saylı Hövsan kənd orta məktəbinin direktoru vəzifəsindən uzaqlaşdırılan Qardaşxan Cəmil oğlu Səlimov artıq başqa məktəbin direktorudur. Təhsil Nazirliyi onu Bülbülə qəsəbəsində yerləşən 226 saylı orta məktəbə direktor təyin etməklə “cəzalandırıb”. Bu barədə məlumat Suraxanı Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində (http://surakhani-ih.gov.az/page/15.html) yer alıb.

Yanvarın 19-da Hövsan kənd sakinləri 118 saylı məktəbin direktoru Qardaşxan Səlimovun əməllərinə etiraz olaraq aksiya keçirmişdilər. APA-nın məlumatına görə, valideynlər məktəbin direktorunun məktəbdə təhsil sistemini düzgün idarə etmədiyini, vaxtında dərsə gəlmədiyini, şagirdlərlə təhqir formasında danışdığını bildirirdilər.

Kənd camaatının sözünə görə, məktəbin tarix müəllimi uzun müddət dərsə gəlməyib. Yanvarın 16-da məktəbin IX sinif şagirdi direktordan müəllimin dərsə gəlməməsinin səbəbini soruşub və onun başqa müəllimlə əvəz olunmasını istəyib. Məktəb direktorunun şagirdə cavabı isə belə olub: “Sənin atan evdən gedəndə yerində əvəzedici qoyur?”
Kənd camaatının narazılığına da məhz direktorun bu sözləri səbəb olub.

Suraxanı Rayon Polis İdarəsinin rəisi Təhmasib İbrahimov kənd sakinləri ilə direktor arasında yaranmış gərginliyi aradan qaldırmaq üçün hadisə yerinə gəlsə də, bir nəticəsi olmamışdı. Aksiya zamanı 22 yaşlı Elmar Rəcəbəli oğlu Əliyevin dünyasını dəyişməsi vəziyyəti daha da qəlizləşdirmişdi.

22 yaşlı Hövsan sakini, yenicə ailə həyatı qurmuş Elmar Rəcəbəli oğlu Əliyev

22 yaşlı Hövsan sakini, yenicə ailə həyatı qurmuş Elmar Rəcəbəli oğlu Əliyev

Kənd sakinləri Elmar Əliyevin ölümündə direktoru suçlayırdılar. Dediklərinə görə, direktor maşını camaatı qovmaq üçün onların üstünə sürüb. Dünyasını dəyişən Elmar Əliyev isə maşının qarşısından qaçmayıb və nəticədə həyəcandan ürəyi partlayaraq ölüb.
Baş verənlərdən qəzəblənən sakinlər direktoru daş-qalaq edərək, ərazidən uzaqlaşdırmışdılar.

Bundan sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsi 118 nömrəli tam orta məktəblə bağlı baş verən hadisə barədə açıqlama yaydı. İdarənin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilirdi ki, məsələ tam araşdırılana qədər məktəbin direktoru Qardaşxan Səlimov vəzifəsinin icrasından kənarlaşdırılıb. Məktəbin idarə olunması Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşına həvalə olunub. Məsələ bilavasitə Təhsil Nazirliyinin nəzarəti altındadır. Eyni zamanda 118 nömrəli tam orta məktəbin ətrafında baş verən hadisə zamanı dünyasını dəyişən Elmar Əliyevin ölümünün səbəbi müvafiq hüquq-mühafizə orqanları tərəfindən araşdırılır və bununla bağlı əlavə məlumat veriləcək.

Bir neçə gün sonra isə Təhsil Nazirliyi hadisə ilə bağlı açıqlama yaydı. Həmin xəbərdə isə deyilirdi ki, Bakı şəhəri 118 nömrəli tam orta məktəbdə 19 yanvar 2015-ci il tarixində baş vermiş hadisə ilə bağlı Təhsil Nazirliyinin 21 yanvar 2015-ci il tarixli 37 nömrəli əmrinə əsasən, həmin təhsil müəssisəsinin fəaliyyətinin araşdırılması başa çatıb.

Komissiya tərəfindən araşdırılmış bütün məsələlərin nəticələri nəzərə alınaraq, məktəbin direktoru Qardaşxan Səlimovun intizam məsuliyyətinə cəlb olunaraq, iş yerinin dəyişdirilməsi haqqında qərar qəbul edilib. Növbəti üç ay ərzində məktəbin idarə edilməsi Nizaməddin Ağcayevə həvalə olunub.

Digər məsələlərə hüquqi qiymət verilməsi məqsədilə toplanılmış materiallar aidiyyəti qurumlara göndərilib.

Hadisədən bir neçə ay keçsə də, aksiya zamanı dünyasını dəyişən Elmar Əliyevin ölümü ilə bağlı ictimaiyyətə heç bir açıqlama verilmədi. Qardaşxan Səlimovun yeni tədris ilində başqa bir məktəbə direktor təyin edilməsi isə göstərir ki, adı hallanan hadisədə günahkar bilinməyib.

Təhsil Nazirliyi məsələ ilə bağlı Meydan TV-nin suallarını cavablandırmaq istəməsə də, 226 saylı məktəbdən Qardaşxan Səlimovun yeni direktor təyin olunduğunu təsdiqlədilər. Onu da bildirdilər ki, direktor seçki məsələləri ilə əlaqədar olaraq hazırda məktəbdə deyil. Belə ki, 32 saylı Suraxa Üçüncü Seçki Dairəsinin 18 saylı məntəqəsi 226 saylı məktəbdə yerləşir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR