BAKI VƏ TİFLİSİN AYRILAN YOLLARI:Gürcüstan prezidenti Bakıya niyə gəlir? – Təhlil

27-02-2019, 00:59 419 dəfə baxılıb

BAKI VƏ TİFLİSİN AYRILAN YOLLARI:Gürcüstan prezidenti Bakıya niyə gəlir? – Təhlil


Stanislav Tarasov

regnum.ru



Gürcüstan prezidenti Salome Zurabişvili fevralın 27-də respublikanın rəsmi şəxslərilə yüksək səviyyədə görüş və danışıqlar aparacağı Azərbaycana rəsmi səfər edəcək. Gürcüstan prezidenti administrasiyasının mətbuat xidmətinin məlumatına əsasən, səfərin məqsədi “qonşu dövlət kimi Azərbaycanla siyasi, iqtisadi və ticari münasibətlərin dərinləşdirilməsilə yanaşı strateji tərəfdaşlığın davamı və inkişafı”dır.

Doğrudan da, Azərbaycan pralamentinin deputatı Rasim Musabəyovun Tiflisin STV teleşirkətinə müsahibədə qeyd etdiyi kimi, “Gürcüstan və Azərbaycan arasındakı münasibətlər hətta strateji də deyil, ekzistensial xarakterə malikdir”, çünki “Gürcüstanın müstəqilliyi itirəcəyi şəraitdə müstəqil Azərbaycan var ola bilməz və eyni zamanda müstəqil Azərbaycan arxa cəbhədən dayaq olmasa, yardım etməsə, Gürcüstanın müstəqil qalması mümkün olmayacaq”. Bakı üçün hərfi mənada “həyat yolu” Tiflisdən keçir: onu xarici aləmə, özəlliklə Türkiyəyə bağlayan energetika və kommunikasiya dəhlizləri. Gürcüstana gəlincə, onun Azərbaycandan energetik asılılığına alternativlər var. Gürcüstanda “qızılgül inqilabı”ndan sonra Tiflisin Acarıstan üzərində suverenliyini bərpa etməkdə yardım olduqları və 2006-da Kodor dərəsindəki duruma göz yumduqları Moskvada Mixail Saakaşvilinin necə qəbul edildiyini yada salaq. Amma o, 2008-in avqustunda Qafqaz savaşını başladaraq hər şeyi korladı, nəticədə Tiflis Abxaziya və Cənubi Osetiya üzərində nəzarəti itirdi.

Yeri gəlmişkən, Zurabişvili Fransanın “Le Monde” nəşrinə müsahibədə Gürcüstan tarixinin bu epizodunu təsadüfən yada salmayıb. Onun sözlərinə görə, o zaman “Saakaşvili təkcə öz əhalisi və Qərbin deyil, həm də Rusiyadan alına biləcək ən yüksək mütləq dəstəkdən yararlanıb. Amma Gürcüstan irəli getmək və uğurlara yetməyə qeyri-adi imkanını itirdi”.

Sonra nə oldu – yaxşı məlumdur. WikiLeaks bir müddət keçəndən sonra ABŞ-ın Bakı səfiri vəzifəsini icra edən Donald Lunun Azərbaycan prezidenti İlham Əliyevin Saakaşvili haqda dəyərləndirməsini ehtiva edən 2008-ci il 19 avqust tarixli teleqramını dərc edib. İddia olunurdu ki, İlham Əliyev “British Petroleum”un kəşfiyyat və hasilat üzrə icraçı direktoru Endryu İnqlislə birsaatlıq söhbətin gedişində bildirib ki, “Azərbaycan “Gürcüstana hissolunmaz dəstək” üçün addımlar atır”, amma Azərbaycan prezidenti bununla yanaşı Saakaşviliyə aşkar dəstəkdən vaz keçir”. Lakin obyektiv danışsaq, Gürcüstan prezidentinin 2008-in avqustunda Qafqaz müharibəsində uğuru Bakıya Dağlıq Qarabağ münaqişəsi problemini öz ssenarisi ilə həll etmək imkanı verərdi.

Habelə Saakaşvilinin Azərbaycana iki ölkə arasında “konfederasiya” qurmağı necə təklif etdiyini də yada salmaq olar. Gürcü ekspertlər bununla yanaşı Gürcüstan və Azərbaycanın Türkiyə ilə “üfüqi” ittifaq, “bir-birinin davamı olmaq” imkanının meydana çıxdığına da işarə ediblər… Biz tarixə bu kiçik ekskursu təsadüfən etmədik. Məsələ burasındadır ki, Zurabişvili özünün ilk xarici səfərini Avropa ölkələrinə edib. Əlbəttə, bu, Tiflisin xarici siyasətdə üstün tutduğu xəttin sərgilənməsi, həm Gürcüstanın özünün, həm də hökumətinin xaricdəki imicini yaxşılaşdırmaq cəhdiydi. Bununla yanaşı, vətənə qayıtmaq üçün iş aparan və siyasi proseslərə qoşulan Saakaşvilinin yenidən alovlanan iddialarına görə Avropaya siyasi zərbə endirmək də prezidentin vəzifəsinə daxil idi. Zurabişvili məslək və dünyagörüşünə görə Avropa mərkəziyyətçisi olmaqla işarə vurur ki, Gürcüstanı “müsəlman Yaxın Şərqinin bir hissəsi kimi deyil, Avropanın uzaq sərhədi kimi qəbul etmək gərəkdir.

Musabəyovun dediyi kimi, “Gürcüstan indi daha demokratik, daha avropasayağı və yaxud Qərbyönlü istiqamət götürüb” və “Azərbaycanla müəyyən uyğunsuzluq var”, amma “gerçəkliyi və qonşu respublika ilə sıx tərəfdaşlığın gərəkliyini anlamağı saxlayır”.

Bakıda Gürcüstanın yeni əhvali-ruhiyyəsini yaxşı duyurlar. Bir yandan, Azərbaycan Gürcüstanın Avropa mənzilində “qeydiyyat” əldə etmək səylərinə sanki anlayışla yanaşır. O biri yandan, Tiflisin NATO-ya girməyə israrlı cəhdləri – ki, bu da Rusiyanın bölgə siyasətinin dəyişilməsini törədə bilər – onu şəkləndirir. Bakının bəzi ekspertləri bununla bağlı Zurabişvilini Gürcüstanın təkcə Azərbaycanla deyil, Ermənistan, İran, Türkiyə və əlbəttə, Rusiya ilə qarşılıqlı münasibətlərinə aydınlıq gətirməyə, sonuncu ilə “normal, bacarıqlı danışıqlar prosesini” yoluna qoymağa çağırırlar. Belə ki, Zurabişvili Bakıda Əliyevlə yeni kommunikasiyalar qurmağa, onun üçün Qərblə münasibətlərdə əlavə körpü olmağa səy edəcək – əlbəttə, öz maraqlarını nəzərə almaqla.

Gürcü eskperti Georgi Vekuanın hesab etdiyi kimi, problem qonşu ölkələrin vahid dəyərlər sistemində qarşılıqlı fəaliyyətin harmonikləşdirilməsinin mümkünlüyü və ya mümkünsüzlüyundən ibarətdir. Amma məhz hansı? Bölgədəki siyasi burulğanlıq, Rusiya və Qərb arasında münasibətlərin kəskinləşməsi, Suriya böhranı, İraqda qarışıqlıq, İranla bağlı durum, Dağlıq Qarabağ münaqişəsi, habelə böyük xarici oyunçuların bütün bunlara qatılması yekunda təkcə Cənubi Qafqazdakı durumu son dərəcə təşvişli etmir, həm də yeni, önəmli qərarların alınmasına itələyir. Belə ki, Zurabişvilinin Bakıda Əliyevlə danışıqları çox maraqlı olmağı vəd edir. Özəlliklə əgər Azərbaycanda başa düşsələr ki, Tiflis siyasət və mədənilik baxımından qabaqkı xarici siyasət fəaliyyəti ssenarilərindən getdikcə daha çox aralanır, amma hələ də yolayrıcındadır. Elə Bakı da.

Tərcümə Strateq.az-ındır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR