“Cənubi Qafqaz ölkələri Qərbə doğru gedir” iddiası

2-03-2019, 11:24 396 dəfə baxılıb

“Cənubi Qafqaz ölkələri Qərbə doğru gedir” iddiası

Azərbaycanda səfərdə olan Gürcüstan prezidenti Salome Zurabişvili ölkə başçısı İlham Əliyevi Avropa İttifaqının Batumidə keçiriləcək konfransına dəvət edib. Onun bu dəvəti bir çox müzakirələr doğurub.

Bu müzakirələrin də əsasını üç Cənubi Qafqaz ölkəsinin son zamanlar Qərbə doğru meylləndikləri yönündə səslənən fikirlər təşkil edir. Xanım prezidentin Almaniya və Fransanın ardından prezident kimi üçüncü səfərini Azərbaycana etməsinin təsadüf olmadığı vurğulanır. Xüsusilə bu səfərdə Azərbaycan prezidentini Aİ-nin konfransına dəvət etməsinin ciddi mətləblərdən xəbər verdiyi vurğulanır.

Bundan əlavə, Azərbaycanla Aİ arasında bu ilin mayında Tərəfdaşlıq Sazişinin imzalanacağı gözlənilir. Bu amilin də rəsmi Bakını addım-addım Avropaya doğru yaxınlaşdırdığı bildirilir.

Cənubi Qafqazın daha bir ölkəsi Ermənistan isə inqilabdan sonra Qərbə tərəf ara-sıra meyllənir, amma tam şəkildə Rusiyanın asılılığından da qurtulmayıb.

Politoloq Elçin Mirzəbəyli deyilən fikirlərlə razılaşmır: “Azərbaycanın, Gürcüstanın, yaxud bütövlükdə Cənubi Qafqazın Qərbə doğru getməsi kimi imperativ bir yanaşma yalnız Rusiya və İran kimi ölkələrə xas olan xüsusiyyətdir. Belə ölkələrin siyasətində yalnız 2 rəng var - qara və ağ. Bu baxımdan, ilk növbədə Azərbaycanın Qərbə doğru getməsi barədə birmənalı siyasi dəyərləndirmələri doğru hesab etmirəm. Azərbaycan öz maraqlarının yanındadır və öz yolu ilə, öz hədəflərinə doğru addımlayır. Salome Zurabişvilinin Fransa və Almaniyadan sonra Azərbaycana səfər etməsi də hansısa məkana inteqrasiya üçün mesaj xarakteri daşıyan bir ardıcıllıq deyil. Geosiyasi reallığın düzgün dərk edilməsidir. Salome Zurabişvili Fransada doğulub və diplomatik fəaliyyətə də bu ölkədə başlayıb. Fransanı hətta BMT-də də təmsil edib. Bu baxımdan, onun ilk səfərini Fransaya etməsi təəccüblü görünməməlidir. Digər tərəfdən, həm Fransa, həm də Almaniya Avropa İttifaqının ən böyük dövlətləri, məhək daşlarıdır. Gürcüstanın Avropa İttifaqından daha çox güzəştlər əldə etməsi üçün bu ölkələrin mövqeyi həlledicidir. Azərbaycan isə regionda Gürcüstanın əsas donoru, müstəqilliyinin qarantı olan bir dövlətdir. Son zamanlar Gürcüstan-Azərbaycan münasibətləri ilə bağlı əsasən üçüncü ölkələrin müdaxiləsi, müəyyən qədər də rəsmi Tiflisin riyakarlığı nəticəsində yaranmış soyuqluğun aradan qaldırılması üçün prezident Zurabişvilinin ölkəmizə səfəri vacib idi. İlk növbədə Gürcüstan üçün. Azərbaycan-Gürcüstan münasibətlərində yaşana biləcək hər hansı neqativ hadisə nə bu iki dövlətə, nə Türkiyəyə, nə ABŞ-a, nə də Avropa İttifaqına sərf etmir. Ola bilsin ki, yarana biləcək hər hansı bir soyuqluqdan, yaxud gərginlikdən Azərbaycan Gürcüstandan daha az ziyan çəksin. Amma bütün hallarda qazanan üçüncü qüvvələr olacaq. Düşünürəm ki, Azərbaycanın son provokasiyalara müdrik və soyuqqanlı yanaşması Gürcüstanın müstəqil inkişafını arzulayan qüvvələri daha ciddi düşünməyə vadar edib. Salome Zurabişvilinin Azərbaycan prezidentini Batumidə keçirilən sammitə dəvət etməsini də ölkəmizin Avropa İttifaqı ilə imzalayacağı sazişlə əlaqələndirmirəm. Batumidə keçirilən sammitin ana mövzusu enerji və nəqliyyat layihələridir. Bu layihələrin də mərkəzində Azərbaycan dayanır. Gürcüstan prezidenti Azərbaycanla həyata keçiriləcək daha böyük layihələrdən danışdı. Qənaətimə görə, elə bu məqamın üzərində də fokuslanmaq lazımdır. Çox güman ki, Batumidə indiyədək həyata keçirilən layihələrdən daha böyük və daha qlobal bir prosesin əsası qoyulacaq".

Siyasi şərhçi Əhəd Məmmədli tamam fərqli düşünür: “Cənubi Qafqaz Qərbə doğru gedir. Gürcüstan özünü ABŞ-ın dostu, Avropanın bir hissəsi hesab edir, NATO və Avropa Birliyinə üzv olmaq istəyir. Azərbaycan da Türkiyə ilə birlikdə olub Qərbə inteqrasiya olmaq yolunu seçib. Buna görə də Azərbaycan son dönəmlər Rusiya, İran, Ermənistan rəsmiləri tərəfindən təhdidlərə məruz qalır. Ermənistana gəldikdə isə, bu düşmən ölkə Qərbi seçmək istəyir, amma seçə bilmir, çünki Rusiyanın Cənubi Qafqazda forpostudur. Forpost da ağasının icazəsi olmadan hansısa mühüm addım ata bilməz. Bəzi dairələrdə rus-erməni yönümlü sayılan yeni gürcü prezidenti Zurabişvilinin Avropaya səfərindən sonra Rusiya, Ermənistana deyil, Azərbaycana səfər etməsi, Azərbaycanın Gürcüstan üçün nə qədər vacib, əhəmiyyətli dövlət olduğunun göstəricisi kimi təqdim olunur. Zurabişvili Avropadan sonra tək öz istəyi ilə Azərbaycana səfər etmədi, o, həm də Avropanın istəyi ilə bunu etdi. Çox güman ki, Zurabişvili Bakıya Paris və Berlindən xəbər gətirib. Göründüyü kimi, Avropa Birliyi üçün də Azərbaycan çox vacib və strateji tərəfdaşdır. Gürcüstanın Azərbaycanla birlikdə olması rəsmi Tiflisin maraqlarına cavab verir. Zurabişvilinin seçiləndən sonra üçüncü səfərini Azərbaycana etməsi məhz yuxarıda qeyd edilənlərin göstəricisidir”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR