"Onların söylədikləri şərə, böhtana, kampaniyalara cavab verəcəyəm"

2-04-2019, 15:15 363 dəfə baxılıb

"Onların söylədikləri şərə, böhtana, kampaniyalara cavab verəcəyəm"


“Hərəkatın sonuncu iclasında İsgəndər Həmidov mənim hərəkatdan çıxarılmağımı təklif etdi”.

Bunu ONA-ya açıqlamasında aprelin 1-də Azərbaycan Xalq Hərəkatının (AXH) iclasında sabiq daxili işlər naziri İsgəndər Həmidovun ona əl qaldırmağa cəhd etməsinə münasibət bildirən Ağ Partiyanın sədri Tural Abbaslı deyib.

T. Abbaslı bildirib ki, İsgəndər Həmidov onun hərəkata daxil olmayan partiyaların rəhbərləri ilə görüşlər keçirməsini, müzakirələr aparmasını əsas gətirib: “Mən də ona cavab olaraq dedim ki, hərəkatın Əsasnaməsində bu cür hallara görə xaric edilmə nəzərdə tutulmayıb. Daha sonra mənim məsələm səsverməyə çıxarıldı. İsgəndər Həmidovun təklifi keçmədi və AXH-nin dönəm sədri, İdarə Heyəti üzvü kimi qaldım”.

T. Abbaslı bildirib ki, dünənki iclasda, həmçinin, İsgəndər Həmidov Nemət Pənahlının hərəkatdan çıxarılmasını təklif edib: “İsgəndər Həmidov bildirdi ki, Nemət Pənahlının fəaliyyəti Azərbaycan Xalq Hərəkatının fəaliyyətinə uyğun deyil. Daha sonra Nemət Pənahının hərəkatdan çıxarılması məsələsi qoyuldu. Səsvermə keçirildi və Nemət Pənahlı AXH-dən uzaqlaşdırıldı”.

O, Nemət Pənahlının AXH-dən uzaqlaşdırılmasının əleyhinə olduğunu bildirib: “Mən, ümumiyyətlə, kimliyindən asılı olmayaraq, istənilən şəxsin AXH-dən uzaqlaşdırılmasının əleyhinəyəm. Çünki hərəkat hər cür xarakterli insanları birləşdirməli olan qurumdur. Hazırda isə ümumi fikir Nemət Pənahlının AXH-dən uzaqlaşdırılması yönündə oldu. Mən proseslərə zərbə vurmayan insanların kənarlaşdırılmasının tərəfdarı deyiləm. Ona görə bitərəf qalmışdım”.

Sabiq daxili işlər naziri İsgəndər Həmidov isə dünənki iclasda yaşananlarla bağlı danışmaq istəmədiyini bildirib: “Nemət Pənahlı ilə də aramda şəxsi heç bir məsələ yoxdur. Nemət Pənahlının hərəkatdan çıxarılması məsələsini qoymuşdum. Bunun səbəbini isə deməyə ehtiyac görmürəm. Söz vermişik ki, bu məsələ ətrafında heç bir açıqlama verməyəcəyik. Nemət Pənahlının özü açıqlama vermək istəsə, o başqa məsələ..."

Lakin Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı da AXH-dan çıxarılmasının səbəbləri barədə hələlik danışmaq istəmədiyini deyib: “Lazım bildiyim anda bu barədə danışacağam. Və onların söylədikləri şərə, böhtana, kampaniyalara lazımı səviyyədə cavab verəcəyəm. Hələ ki, cəmiyyət onların dediklərinə baxsın və nəticə çıxarsın. Hazırda heç bir açıqlama vermək fikrim yoxdur”.

Qeyd edək ki, aprelin 1-də Azərbaycan Xalq Hərakatının növbəti iclası keçirilib. İclasda qarşıdurmalar yaşanıb. Sabiq daxili işlər naziri İsgəndər Həmidov Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının hərəkatın İdarə Heyətindən çıxarılması məsələsini qoyub. Səsvermə nəticəsində N. Pənahlı AXH-dən uzaqlaşdırılıb.

Daha sonra T. Abbaslı sabiq daxili işlər naziri İsgəndər Həmidovu hər yerdə hərəkatın adından danışmaqda və həbsdən çıxan sabiq səhiyyə naziri Əli İnsanova "ağsaqqalım" deməkdə ittiham edib. Nəticədə gərginlik daha da artıb və hər iki siyasətçi əlbəyaxa dava həddinə çatıblar.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR