Rus yesin, mənim balalarım onun ağzına baxsın?..

10-07-2019, 19:44 399 dəfə baxılıb

Rus yesin, mənim balalarım onun ağzına baxsın?..


Yaxşı ki, ötən həftə Qubada keçirilən konfransa dəvət almışdım.

Tədbirdən sonra mərkəzi bazara baş çəkib, nisbətən ucuz qiymətə 3 kiloqram gilas aldım. Yoxsa, bu il uşaqlar gilasa tamarzı qalacaqdılar...

Bazara-dükana gedənlər təsdiq edərlər: kənd təsərrüfatı məhsullarının qiyməti ceyran belinə qalxıb. Bazarlar od tutub yanır.

Gilasın qiyməti 6-7 manatdan aşağı düşmür. Ortabab armudun bir kiloqramı 5 nanata satılır. Ötən il üç kiloqramı 1 manata satılan almanın indi bir kiloqramı 2 manatdan ucuz deyil.

Şaftalının, çiyələyin bir kiloqramı təxminən 3-4 manata satılır. Kilo ilə alanda limonun 1 ədədi 1 manata düşür.

Bazarda olarkən özüm kimi kasıb adamların başını bulayıb, piştaxtaların yanından necə sürətlə keçdiyinin dəfələrlə şahidi olmuşam.

Kənd təsərrüfatı məhsullarının, "Allahın xiyar-pomidorunun, badımcanının" qiymətinin bu qədər baha olmasının səbəbi aydındır. Həmin məhsullar Rusiyaya ixrac olunur.

Bizim ölkəmizlə müqayisədə Rusiyada alıcılıq qabiliyyəti bir neçə dəfə yüksəkdir. Buna görə də işbazlar bağda meyvə qoymayıblar...

Mən tez-tez ölkəmizin müxtəlif rayonlarında oluram. Açıq deyəcəyəm: Azərbaycan kəndlisi həyətindəki gilasın bir kiloqramını 6-7 manata satan adama oxşamır.

Bağındakı meyvənin bir kiloqramını 7 manata satan adam niyə qaloş geyinsin ki? Kənd təsərrüfatı məhsulları nə qədər baha satılır-satılsın, kəndlinin qaloşu yenə cırıqdır.

Çünki o, min bir əziyyətlə becərdiyi məhsulu işbazlara qəpik-quruşa satır. Bazarlarda piştaxta arxasında əyləşən adamların heç biri əliqabarlı kəndli deyil.



Kənd təsərrüfatı məhsullarının satışı monopoliyadadır. Zavallı kəndlini paytaxt bazarlarının tualetinə belə yaxın buraxmırlar. Bazarların qapılarını kənd zəhmətkeşlərinin üzünə açmaq lazımdır.

Onsuz da işbazlar meyvə-tərəvəzi kəndlidən ucuz qiymətə alırlar.

Kəndliyə şərait yaratmaq lazımdır ki, becərdiyi məhsulu həmin qiymətə bizim özümüzə satsın.

Axı bizim də ağzımız var. Azərbaycanda becərilən alyanaq gilası rus yesin, bizim uşaqlarımız da onun ağzına baxsın?

Vəziyyətdən çıxış yolu var. Mütəxəssislər hesab edirlər ki, vaxtında kəndliyə subsidiya verilməlidir ki, o da məhsulunu ucuz qiymətə sata bilsin.

Başqa bir təklif isə odur ki, həmin məhsulları kəndlidən dövlət özü alsın.

Yəni, aradakı fərqi dövlət özü ödəsin. Başqa yollar da tapmaq olar. Amma bu barədə düşünmək mənim vəzifəm deyil.

Novruz müəllimin rəhbərlik etdiyi şanlı hökumətimiz, dövlətimizin müvafiq qurumları kənd təsərrüfatı məhsullarının əlçatan olması üçün tədbirlər görməlidir.

Ağaclarda meyvə dərilib qurtarmaq üzrədir, amma azərbaycanlı uşaqlar hələ gilasın, əriyin, şaftalının, armudun dadına baxmayıblar.

Çünki həmin məhsullar Rusiyaya ixrac olunur. Obrazlı desək, Azərbaycandan Rusiyaya vitamin seli axır. Belə getsə, cavabdeh şəxslər bir gün həmin "seldə" boğulacaqlar...

Sevmur Verdizadə
BAKU.WS


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR