İmişlidə məmur özbaşınalığı pik həddə.... - "...Heydər Əliyev parkı satılıb"

15-08-2019, 20:20 255 dəfə baxılıb

İmişlidə məmur özbaşınalığı pik həddə.... - "...Heydər Əliyev parkı satılıb"


İmişli rayonunda yeni qum-çınqıl karxanaları təşkil eləmək üçün Araz çayının məcrası dəyişdirilib, mühafizə zolağı məhv edilib. Bu isə rayon ərazisində ekoloji tarazlığı pozur və gələcəkdə Araz çayının daşması nəticəsində təbii fəlakətə səbəb ola bilər.

Reyting.az-ın məlumatına görə, bunu İmişli rayon sakini Məhbub Əvəz oğlu Zülfüqarlı ölkə KİV-lərinə müraciətində yazıb.

Məmur özbaşınalığından qaynaqlanan problemlərdən biri də rayon sakinlərinə məxsus mal-qaranın otlaması üçün nəzərdə tutulan örüş yerlərinin satılmasıdır.

M. Zülfüqarlı bildirir ki, İmişli rayonunda ekoloji böhrana səbəb olacaq və əhalinin rifah halını çətinləşdirən problemlərlə, eləcə də digər məsələlərlə bağlı müraciətlərinə əlaqədar qurumlar biganə yanaşırlar:

“Hətta Azərbaycanda nadir Tuqay meşələri məhv edilir və yerində bir deputat bostan-tərəvəz məhsulları əkdirir”.

Şikayətçinin yazdığına görə, İmişli şəhərinin mərkəzindən keçən “Nohur” deyilən su kanalı it, pişik cəsədləri, yollarda kəsilmiş heyvanların tullantıları ilə dolsa da, təmizlənmir və bu səbəbdən əhali ciddi problemlə üzləşir. Amma müvafiq qurumlar bununla bağlı müraciətlərə məhəl qoymur, əhalinin sağlamlığı təhlükə ilə üz-üzədir.

Digər bir problem isə İmişlidəki Heydər Əliyev parkı ilə bağlıdır. M. Zülfüqarlı iddia edir ki, həmin parkı məmurlar zəbt eləyib: “Mən dəfələrlə yuxarı təşkilatlara şikayət ərizəsi yazmışam ki, İmişli rayonunda Heydər Əliyev parkı satılıb. Nazir və komitə sədrlərinin diqqətinə bir daha çatdırıram ki, rayona gələndə, çörəyini yediyiniz bu kişinin heykəlinin qarşısında gül dəstələri düzüb təzim edərkən “Bizi bağışlayın!” ifadəsi işlətməmək üçün bu dahi kişinin adına verilmiş parkı öz adına qaytarın”.

M. Zülfüqarlı qeyd edib ki, bu və digər problemlərlə bağlı yuxarı təşkilatlara göndərdiyi şikayət ərizələrinə cavab məktublarının təsviri hissəsində “tədbir görülməsinin mümkünsüzlüyü” ifadə olunur. M. Zülfüqarlı əlaqədar qurumların rəhbərlərindən bir daha xahiş edir ki, artıq rayon əhalisi üçün dözülməz həddə çatmış bu problemlərin həllinə ciddi yanaşsınlar.

Reyting.az müvafiq nazirlik və komitələrin, eləcə də İmişli Rayon İcra Hakimiyyətinin məsələyə münasibətinə yer ayırmağa hazırdır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR