İlhamə Quliyevanı ölümdən xilas edən oğlandan – SENSASİON AÇIQLAMALAR

21-10-2015, 12:44 578 dəfə baxılıb

İlhamə Quliyevanı ölümdən xilas edən oğlandan – SENSASİON AÇIQLAMALAR

















Xalq artisti İlhamə Quliyeva bir neçə gün öncə mətbuat konfransı keçirərək keçmiş köməkçisi Mehriban Hüseynovanın (Bəylərqızı) ona sui-qəsd etmək istədiyini açıqlayanda xilaskarı kimi məhz Vüqar Bəkirovu təqdim etmişdi. Yəni, Bəkirov xalq artistinə qarşı qurulmuş planı ifşa edən şəxsdir

Məsələnin yetərincə maraqlı olduğunu nəzərə alıb, Vüqar Bəkirovu suallarımızı cavablandırması üçün Ölkə.az-a dəvət etdik.

– Vüqar bəy, İlhamə Quliyeva müsahibələrində bildirib ki, Mehriban Hüseynova ilə bağlı baş verənlərin üstünün açılmasında sizin birbaşa rolunuz olub. Daha əvvəl Hüseynovanı tanıyırdınızmı? Ümumiyyətlə, necə oldu ki, o, sizə bu qədər inandı?

– İlhamə xanımın oğlu Orxanla on ilə yaxındır dostuq. Hər dəfə söhbətimizdə bildirirdi ki, evdən Mehribana görə uzaqlaşdırılıb.

– Nə zamandan?

– Mehriban İlhamə xanımla çalışmağa başlayandan hamı o evdən uzaqlaşıb.

– Siz də o evə gedib-gəlirdiniz?

– Xeyr, İlhamə xanımla tanışlığımız yox idi. Sadəcə, Orxanla dostluq edirdik. Kim İlhamə xanıma Mehribanla bağlı xəbərdarlıq edirdisə, onunla düşmən olurdu, ayağını evdən kəsirdi. Olurdu bir nömrəli düşmən.

– İlhamə xanım deyirdi ki, filankəs sabahdan bura gəlməsin?

– Mehriban elə vəziyyət yaradırdı ki, İlhamə xanım həmin adamın zənglərinə cavab vermirdi, özündən uzaqlaşdırırdı. Orxan hiss etmişdi ki, burada xoşagəlməz oyunlar gedir. Çünki Orxanın anası ilə görüşməsinə imkan vermirdi. Vəziyyətin çıxılmaz olduğunu görüb, qərara gəldik ki, bir oyun oynayaq.

– Dediyiniz oyunun “ssenari”si sizə və Orxana məxsus idi, yoxsa İlhamə xanımın da xəbəri var idi?

– Bəli, Orxanla mənə məxsus idi. İlhamə xanım bilsəydi, plan yarımçıq qalacaqdı. Ssenari belə quruldu ki, mən İlhamə xanıma zəng vurdum. Bildirdim ki, Orxan mənə hansısa problem yaradıb. Orxan mənə demişdi ki, Mehribanın etibarını qazanmaq, İlhamə xanımla görüşmək istəyirsənsə, nəbadə məni tərifləmə. Əgər mənim haqqımda xoş söz desən, görüşə bilməyəcəksən. Mən də Orxanın dediyi kimi edirəm. İlk telefon danışığımızdan sonra Mehriban özü məni İlhamə xanımdan xəbərsiz yığır.

– Bəs nömrənizi hardan bilirdi?

– İlhamə xanımın telefonundan götürmüşdü. İlk gündən başladım onunla telefon danışıqlarımızı yazmağa. İlk danışıqda məni yığıb telefonu açıq qoyur ki, danışıqları eşidim. Həmin danışıqda Mehriban Orxanı İlhamə xanıma söyüşlə pisləyir və bunu bilərəkdən edir. İlk mərhələ belə oldu. Təxminən on gündən sonra Mehriban İlhamə xanımın adından zəng edir ki, guya hansısa problemi həll etsin. Əslində heç bir problem yoxdur, oyundur. Hüseyn Cavid parkında görüşdük.

– Tək gəlmişdi?

– Bəli. Amma bunun heç şəklini də görməmişəm. Gördüm ki, bir xanım gülə-gülə yaxınlaşıb soruşdu ki, Vüqar sənsən? Dedim ki, bəli, amma sizi tanımadım. Dedi ki, mən İlhamə xanımın köməkçisiyəm.

– Bəs o sizi hardan tanıyırdı?

– Təxminən 10 il əvvəl gözdən əlil uşaqlar üçün iftar süfrəsi vermişdik. Bu da jurnalist qismində orada iştirak edib. Özü xatırlatdı ki, məni həmin tədbirdən tanıyırmış. Hələ ki parkın içində gəzirik və fikir verirəm ki, başqa-başqa sözlər danışır.

– Nələr danışırdı?

– Deyirdi ki, imkan verməyəcəm Orxan İlhamə xanımın yanında olsun. Parkın içində danışdığımız üçün səsini yaza bilmirdim. Axırda dedim ki, Mehriban xanım, oturaq bir çay içək, rahat söhbət edək. Oturanda telefonun səsyazmasını qoşdum. Və söhbət açıldı…

– Yəni?

– Başladı ki, mənim İlhamə xanımda qisasım var, niyə onun var-dövləti var, mənim yoxdur?

– Qisas nədən ibarət idi?

– Mən də bunun səbəbini soruşdum. Açığı, onu normal insan kimi qəbul eləmədim və düşündüm ki, psixoloji problemləri var. Gileylənirdi ki, maaşım azdır. Halbuki İlhamə xanım ona 800 manat məvacib verirmiş. Əvvəlcə 500 demişdi, sonra 600, axırda dedi ki, 800 manat maaş alıram. Bundan əlavə də evə maşınla gedib gəldiyi üçün hər gün 15 manat pul alırdı, yoldaşı üçün də pul göndərirmiş İlhamə xanım. Düşünürmüş ki, bu 3-5 min əməkhaqqı almalıymış. Bir məqamı demək yadımdan çıxmışdı. Bayaq dedim ha, zəng vurub İlhamə xanımla Orxan əleyhinə danışdıqlarını mənə qulaq asdırırdı. Ondan bir neçə dəqiqə sonra mənə zəng vurmuşdu. Hiss olunurdu ki, vanna otağından danışır. Deyir ki, nə lazım olsa, mənə zəng vur, İlhamə xanıma yox. Səbəbini soruşdum. Dedi ki, əlimdə etibarnamə var və İlhamə xanımın bütün işlərini mən aparıram. Bu sözlər nəsə mənə xoş gəlmirdi.

– Cavid parkındakı söhbətdən danışırdıq…

– Hə, elə orda da tez-tez deyirdi ki, məndə etibarnamə var. Sənədə baxanda gördüm ki, orada hər şey “bilər”lə yazılıb. Yəni İlhamə xanımın əvəzindən istənilən sənədə qol çəkə, ala, sata bilər və sair. Bundan soruşuram ki, fikrin nədir? Deyir ki, mənə vəsiyyətnamə lazımdır, onsuz da o yaxşı deyil, öləcək. Bu sözləri İlhamə xanım üçün deyir. Sonra bildirdi ki, o, ayağından yox, ürəyindən öləcək. Soruşuram ki, İlhamə xanımın nə problemi var? Həmin vaxt da İlhamə xanım ayağından yenicə əməliyyat olunmuşdu. İlk görüşümüzdən sonra səs yazısını Orxana verdim, dinlədi. Dedi nə edirsən et, bunu ələ al. İlk görüşdə bu Amil adlı dövlət məmurunun adını çəkdi və bildirdi ki, həmin şəxs MTN-də işləyir. Söhbət əsnasında telefonumu qoyuram stolun üstünə, digərini götürüb çıxıram ki, guya kiminləsə danışıram. Orxana zəng vurdum ki, indi nə edim? Orxan da Cavid parkının yaxınlığında məni gözləyir. Bu həmin Amilə zəng vurub İlhamə xanımın adından danışır. Guya İlhamə xanım Orxanı tutdurmaq istəyir. Telefonda həmin adama deyir ki, bu barədə sizə məlumat vermişdim. Sonra deyir ki, onda sizə yox, Fuad Bədullayevə demişəm. Telefonla danışıb yenidən içəri qayıdanda mənə bildirir ki, MTN-də yaxın bir adam var, al, onunla danış. Telefonu götürüb danışıram, Orxanı həmin adama pisləyirəm görüm ki, bu adam kimdir. Məqsəd də həmin adamla görüşməkdir.

– Yəni Amil dediyiniz şəxslə telefon danışığınız olub?

– Bəli, amma Mehribanın telefonu ilə. Mən, Mehriban və Amil görüş təyin etdik. Nəhayət biz üçümüz görüşürük və görürəm ki, hər ikisi Orxana qarşı qərəzlidir və məqsəd onu həbs etdirməkdir. Mehriban deyir ki, onu həbs etdirib içəridə öldürtdürəcəm.

– Orxan yenə sizi yaxınlıqda gözləyirdi?

– Bəli, məni Cavid Parkının yaxınlığında gözləyirdi. Özümü elə aparıram ki, guya Orxanın bir nömrəli düşməniyəm.

– Mehriban Hüseynova təhqiramiz ifadələr işlədirdi?

– Bəli, həm İlhamə Quliyeva, həm də Orxan barədə təhqiramiz sözlər işlədirdi. Düşünürdüm ki, nə yaxşı əməliyyatdan sonra İlhamə xanımı öldürməyib.

– İlhamə xanım mətbuat konfransında bildirdi ki, Mehriban Hüseynova sizdən zəhər istəyib. Bu necə olmuşdu?

– Amilin iştirakı ilə olan görüşdən sonra Mehribanla söhbətləşəndə mənim telefonumu götürüb söndürüb atırdı çantasına. Söhbətimiz daha çox vəsiyyətnamə barədə gedirdi.

– Həmin əsnada olan söhbətləri yaza bilmişdiniz?

– Hər iki telefonumu ona verirdim, amma cibimdə ehtiyat telefonum olurdu. Bildirirdi ki, Xatirə adlı bir rəfiqəm var. Guya onun bir tanışı mötəbər yerdə işləyir və vəsiyyətnamənin hazırlanmasına on min pul istəyib. Bildirdi ki, bu məbləğə gücüm çatmır. Soruşdum ki, vəsiyyətnaməni niyə istəyirsən? Yenə dedi ki, niyə onun varı-pulu olmalıdır, mənim yox?

– Zəhər məsələsindən danışacaqdıq…

– İndi danışacağam. Orxanla plan qurduq ki, bunun qarşısına bir adam çıxardaq. Deyək ki, bu xanım sənə vəsiyyətnaməni düzəldə bilər. Zəminə Məhərrəmova adlı bir tanışımızı Məsmə adı ilə bununla tanış elədik və dedik ki, bu işi həll edə bilər. Orxan da bizə tapşırıb ki, vəsiyyətnaməni düzəltməyin, qiymətini ucuz deyin ki, sənədi ələ keçirə bilək. Dörd minə razılaşdıq. 2500 manatını əvvəlcədən verəcək, qalan 1500-ü də sənəd hazırlanandan sonra. Amma yenə sənədi bizə vermirdi, ehtiyat edirdi. Dördüncü görüşdə bizi təşvişlə çağırdı ki, bir məsələ barədə məsləhətləşməliyik. 2500 manatı bizə verdi və dedi ki, 10 günə də vəsiyyətnaməni verəcəyəm. Həmin danışıqda bu adam mənə deyir ki, dərman tap. Dedim, dərmanı neyniyirsən? Dedi onun yaddaşını itirməliyəm. Məqsəd də budur ki, zinyət əşyalarını götürüb sataq, xəbəri olmasın, yadında qalmasın. Bildirdi ki, bu iş də həll olunandan sonra İlhamə xanımın maşının açarını sənə verəcəyəm. Bu söhbətdə Zəminə də mənimlədir. Zəminə qorxdu və çıxıb Orxana zəng vurdu ki, polis çağırmaq lazımdır. Orxan dedi polis çağırsan buna heç nəyi sübut etmək mümkün olmayacaq. Məqsədimiz bunun hazırladığı vəsiyyətnaməni ələ keçirməkdir. Zəminə gedəndən sonra soruşdum ki, dərmanı neyniyirsən? Deyir İlhaməni öldürüb ikinci İlhamə olacağam, sən mənim mətbuat katibim olacaqsan, efirə çıxanda hamı mənə baş əyəcək.

-Biz sizi ciddiyə alıb bura dəvət etmişik. Bunlar zarafatdır, yoxsa?

– Dediyim hər sözün sübutu var. Soruşdum ki, bu fikir səndə hardan yaranıb. Dedi Suraxanıda Rəqsanə adlı bir baxıcısı var. Bütün elədiklərini ona elətdirir. Mən Mehribanın etibarını elə qazandım ki, onu da açıb mənə dedi.

– Necə oldu vəsiyyətnaməni ələ keçirə bildiniz?

– Bu dərman istədi. Həmin ərəfədə mən İlhamə xanımın evinə gedib gəlirdim, deyirdim ki, Mehribanı nəzarətdə saxlayın, evə kamera qoyun. Tədricən Mehriban barədə xəbərdarlıqlar edirdim. Bir gün gəldim İlhamə xanımın evinə, gördüm ki, sağ əlini üzünə qoyub dayanıb. Düz bir saat elə dayandı, sonra sol əlini üzünə qoydu. Ancaq bir nöqtəyə baxırdı. Birdən-birə İlhamə xanımın qızdırması qalxdı. Dedim ki, həkimə gedək. Görürəm Mehriban hər vəchlə mane olur ki, həkimə getməyək. Həmin ərəfədə Mehriban mənə deyir ki, sən niyə onu ayıldırsan, həkimə aparırsan? Özümü də ələ vermək istəmirəm axı. Dərman məsələsində isə çox dirənib. Orxanla məsləhətləşəndən sonra buna 4 tabletka C vitamini verdim. Səhəri gün zəng vurdu ki, sən mənə nə vermisən, heç nə olmadı, əksinə qızdırması düşdü. Dedim birinci etap belə olmalıdır, qızdırma düşür. Həmin gecə Zəminə ilə evinin yanından bunu götürdük və yolda imzalanmış vəsiyyətnaməni bizə verdi. Bu ərəfələrdə Orxanla İlhamə xanımı barışdırmışam və bu da Mehribanın xoşuna gəlmir. Deyir ki, məqsədin nədir? Dedim qoy münasibətləri yaxşı olsun ki, sabah mən Orxanı tutduranda bizdən şübhələnməsin. Bu söz onun xoşuna gəldi. Axşam Orxanla mən də İlhamə xanımın evindəyik. Mehriban evinə getmək istəmir, elə bil şübhələnib. Bunu birtəhər yola saldıq və bütün söhbətlər açıldı.

– Mehriban Hüseynovanın İlhamə Quliyevaya yalvardığı görüntülərdə ona təzyiq olmuşdu? Çünki Hüseynova özü saytımıza belə bir açıqlama vermişdi.

– Ona heç bir təzyiq olmayıb. Deyir ki, ona xəsarət yetirilib. İlhamə xanımın evində olan müddətdə ona heç bir xəsarət yetirilməyib. Bu məsələlərin üstü açılandan sonra İlhamə xanım Mehribanın həyat yoldaşı Tofiqə zəng vurub məlumat verir. Tofiq yalvarır ki, mən onu tənbeh edəcəm. Mehriban həmin müddətdə iki gün yoxa çıxır və yenidən peyda olur. İlhamə xanım çağıranda gəlib başladı yalvarmağa. Bu ərəfədə onun keçmiş rəfiqəsi Kəmalə Rüstəmova deyir ki, Mehriban, ayağına nə olub? Sən demə Kəmalayə bıçaqlandığını deyibmiş. Amma sonra bildirib ki, Tofiq onu boğmaq istəyəndə ayağına şüşə batıb. Biz Kəmaləyə tapşırdıq ki, onu aparıb düşürəndə səsini yaz. O səs yazısı da bizdə var. Yoldaşı ağzına yastıq qoyub boğurmuş. Burada bir məqam da var. Tofiq niyə onu boğrumuş? Ümumiyyətlə, son ilyarımda Mehriban İlhamə xanıma 50 min civarında ziyan vurub.

– Sizcə həyat yoldaşı Mehriban Hüseynovanı niyə boğurmuş?

– Tofiqin də bu söhbətdən xəbəri var.

– Demək istəyirsiniz ki, əlbir olublar?

– Bəli.

– Əgər elədirsə, bəs niyə boğurmuş?

– Məqsəd Mehribanı aradan götürmək imiş. Ümumiyyətlə, Mehriban Tofiqdən dəhşət qorxurdu. İlhamə xanıma deyirmiş ona deyin məni döyməsin. Yadıma düşmüşkən bunu da deyim. Deməli, məsələnin üstünün açıldığı gündür. Bunu yola salmaq istəyirik ki, danışaq. Balkonda siqaret çəkirəm. Gəlib mənə dedi ki, bir adam tapmışam, damara hava buraxır. Dedim ki, sən dəlisən? Nəysə, bu evdən getdi, hər şeyi oturub İlhamə xanıma danışdıq.

– İlk reaksiyası necə oldu?

-Əvvəlcə inanmadı. Sonra səs yazılarını və vəsiyyətnaməni ortaya qoyduq, şok oldu.

– Vüqar bəy, dediyiniz bütün fikirlərə cavabdehsinizmi?

– Bəli, dediyim hər kəlməyə sübutum var.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR