Pentaqon körfəzə qüvvə toplayıb - müharibə hazırlığı, yoxsa...

14-05-2019, 10:02 362 dəfə baxılıb

Pentaqon körfəzə qüvvə toplayıb - müharibə hazırlığı, yoxsa...

Hikmət Hacızadə: “Əgər İran özü hərbi əməliyyat başlamasa, düşünmürəm ki, Amerika heç nədən başlayar”
Son günlərin əsas mövzusu ABŞ və İran arasında artan gərginlikdir. ABŞ-ın nüvə sazişindən çıxması və İrana qarşı tam həcmli neft embarqosu tətbiq etməsinə cavab olaraq İran ötən həftə 2015-ci ildə imzalanmış nüvə sazişindən qismən çəkilib.

Eyni zamanda ötən həftə ABŞ Müdafiə Nazirliyi Aralıq dənizinin İtaliya sahillərində lövbər salan “USS Abraham Linkoln” təyyarədaşıyan gəmisini Fars körfəzinə göndərib. Daha sonra isə əlavə olaraq “USS Arlington” döyüş gəmisi, habelə Qətərdəki aviabazaya B-52 taktiki bombardmançıları və “Patriot” zenit-raket kompleksləri göndərib. Məlum olduğu kimi, ABŞ-ın 5-ci hərbi donanması Bəhreyndə yerləşir. Bu donanma dünyada neft və qaz daşınmasında əsas yol hesab olunan Fars körfəzində təhlükəsizliyi qoruyur. Qətərdə isə ABŞ-ın regionda ən böyük hərbi-hava bazası hesab olunan “Əl-Udeyd” bazası yerləşir.

Qərb mediası isə yazıb ki, ABŞ-ın Fars körfəzinə qüvvə göndərməsinin səbəbi İrandan gözlənilən təhlükə ilə bağlıdır. Bunu dövlət katibi Mayk Pompeo da açıqlayıb. Dövlət katibi deyib ki, ABŞ müharibə istəməsə də öz maraqlarını müdafiə edəcək. Mətbuat onu da yazır ki, İranın Amerika maraqlarına hücum edəcəyi ilə bağlı məlumatı İsrail kəşfiyyatı verib.



İran isə ittihamları rədd edir. Sepah generalı Yadulla Cavani bildirib ki, Tehran ABŞ-la müzakirələr keçirməyəcək. General deyib ki, ABŞ-ın İrana qarşı hərbi əməliyyata keçməyə cəsarəti yoxdur.

Qeyd edək ki, Pentaqonun Yaxın Şərqə əlavə qüvvə göndərməsinin ardınca ABŞ prezidenti İran hakimiyyətinə müraciət edərək birbaşa dialoqa çağırıb. “Amerikanın Səsi”nin məlumatına görə, prezident Tramp müxbirlərə deyib ki, “mən onların mənə zəng etməsini görmək istəyirəm”.

Hətta amerikalıların Tehrandan olacaq zəng üçün İranla diplomatik vasitəçiliyi həyata keçirən İsveçrənin Tehrandakı səfirliyinə xüsusi telefon nömrəsi təqdim edib.

İranın nüvə sazişindəki bir neçə maddədən çıxmasına cavab olaraq ABŞ prezidenti ötən həftə Tehrana daha bir neçə sanksiya tətbiq edib. Yeni sanksiyalar polad, alüminium, mis və dəmir istehsalına aiddir. Sənəddə İranın metal istehlakçılarına, həm də onlarla ticarət edənlərə qarşı məhdudiyyətlər nəzərdə tutulub.

İran prezidenti Həsən Ruhani düşmənlərin ölkəsinə qarşı siyasi və iqtisadi təzyiqlərini “inqilab tarixində bənzəri görünməmiş tam bir savaş” adlandırıb. O, hətta İran-İraq müharibəsi zamanı belə bu qədər genişmiqyaslı sanksiyalara məruz qalmadıqlarını qeyd edib.



Fars körfəzində İran və ABŞ arasında ən ciddi gərginlik 30 il əvvəl baş verib. İran-İraq müharibəsində Fars körfəzində “tanker savaşları” adlanan qarşılıqlı hücumlardan sonra ABŞ körfəzdə qüvvələrini artırıb. 1988-ci ildə isə ABŞ hərbi gəmisi İrana məxsus sərnişin təyyarəsini vurub. Nəticədə 290 nəfər sərnişin və heyət üzvü ölüb. Daha sonra, 2000-ci illərin əvvəlində İran-Amerika gərginliyi yüksələndə də ABŞ körfəzə əlavə qüvvələr göndərib. 2016-cı ildə isə ABŞ hərbi dəniz qüvvələrinin əsgərləri İran ordusu tərəfindən girov götürülüb. Lakin indi gərginlik əvvəlki illərlə müqayisədə daha yüksəkdir. Vaşinqton ehtimal edir ki, İrana qarşı sərt sanksiyalar rəsmi Tehranın cavab addımlarına səbəb ola bilər. Yaxud da Vaşinqton “önləyici addım” olaraq İrana zərbələr endirə bilər. Yeri gəlmişkən, “USS Abraham Linkoln” gəmisi 2003-cü ildə İraqa müdaxilədə iştirak edib. O zaman da ABŞ hökuməti BMT-nin razılığı olmadan, Britaniya ilə birlikdə İraqa hücum etdi.

Körfəzdə indiki şərtlərdə savaş ehtimalı nə qədər yüksəkdir? ABŞ 16 il əvvəl olduğu kimi, BMT razılığı olmadan İrana müdaxilə edə bilərmi?


Politoloq Hikmət Hacızadə indiki şərtlərdə ABŞ-ın İrana müdaxilə edəcəyini düşünmür. Lakin onun fikrincə, yaxın zamanlarda siyasi şərait dəyişərsə və İranda müdaxilə üçün əsas yaranarsa, belə bir müdaxilə ola bilər: “Əgər İran özü hərbi əməliyyat başlamasa, düşünmürəm ki, Amerika heç nədən başlayar. Amma İranın içində də ara qarışa bilər. İqtisadi böhran, aclıq və üsyan baş versə, o zaman Amerika o hadisələrə qarışa bilər”.

Ancaq Hikmət Hacızadə indiki şərtlərdə ABŞ-ın İrana hücum etməsi üçün səbəb görmür: “Hələ ki yox. Əgər İran sanksiyalara görə Hörmüz boğazını bağlamaq istəsə, onda ABŞ müdaxilə edəcək”.

Kənan RÖVŞƏNOĞLU,


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR