Putindən “Yeni SSRİ” planı

19-09-2019, 16:41 24 dəfə baxılıb

Putindən “Yeni SSRİ” planı


Rusiya və Belarus artıq 2022-ci ildə konfederativ dövlət yaratmağı planlaşdırırlar. Bu istiqamətdə ilk addımlar 2021-ci ilin yanvar ayında atılacaq.

İki ölkə əvvəlcə vahid Vergi Məcəlləsi və Mülki Məcəllə, mülkiyyətin unifikasiya edilmiş uçotuna əsaslanan xarici ticarət rejimi və oxşar sosial təminatlar yaradacaqlar. Bank nəzarəti birləşdiriləcək, lakin iki mərkəzi bank olacaq, neft, qaz və elektrik enerjisi bazarları vahid mərkəzdən nizamlanacaq, müvafiq sahələrdə dövlət tənzimləmə sistemi yaradılacaq.

Tədiyə sistemlərini qismən birləşdirmək və 2021-ci ildən vahid dövlət satınalmaları tətbiq etmək nəzərdə tutulur. Bu proqramda Rusiyanın və Belarusun dövlət quruculuğuna, müdafiə sisteminə, dövlət təhlükəsizliyi və təhsil, səhiyyə və elm sahələrinə toxunulmayacaq.

Xatırladaq ki, bu il sentyabrın 6-da RF Baş naziri Dmitri Medvedev və onun belaruslu həmkarı Sergey Rumas “İttifaq dövləti yaradılması haqqında müqavilənin müddəalarının reallaşdırılması üzrə Belarusun və Rusiya Federasiyasının fəaliyyət proqramı”nı imzalayıblar, lakin həmin sənəd hələ dərc edilməyib.

Qeyd edək ki, Rusiya ilə Belarusun vahid dövlətdə birləşəcəyinə dair ilk saziş 1999-cu ildə imzalansa da rəsmi Minsk sonradan bu şərtələri yerinə yetirməkdən faktiki olaraq imtina edib. Belarus prezidenti Aleksandr Lukaşenko son illər verdiyi bəyanatlarda Belarusun suverenliyini güzəştə getmək niyyətində olmadığını deyib. Hətta Lukaşenkonun ittifaq dövlətinin əleyhinə yönəlmiş açıqlamaları Rusiya hakimiyyətinin ünvanına sərt tənqidlərlə müşahidə olunub. Eyni zamanda, Lukaşenko hakimiyyətinin son dövrlər Qərblə yaxınlaşması Rusiya ilə birlik ideyasına həmişəlik son qoyulduğuna dair qənaəti möhkəmlədib. 2019-cu ilin sonunda Belarusun Ümumdünya Ticarət Təşkilatı üzvlüyünə qəbul olunacağı gözlənilir. Bundan sonra Belarusla Avropa Birliyi arasında strateji tərəfdaşlıq sazişinin imzalanması nəzərdə tutulub. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri Con Boltonun bu yaxınlarda Minskə rəsmi səfəri isə Vaşinqtonla Lukaşenko arasındakı münasibətlərdə yeni mərhələnin başlanması kimi dəyərləndirilir. Belə bir vəziyyətdə prezident Lukaşenkonun indiyə qədər verdiyi bəyanatların əksinə olaraq Rusiya ilə ittifaq dövlətinin yaradılması barədə proqram təklif etməsi siyasi müəmmaya səbəb olub.

Belarus prezidentinin bu siyasətini profilaktik siyasi gediş da adlandırmaq olar. Yəni A.Lukaşenko irəli sürdüyü bəzi şərtlərin Kreml tərəfindən qəbul edilməyəcəyini bildiyi halda özünü birləşmə tərəfdarı kimi təqdim edir. Sazişdən boyun qaçırmağa çalışan Lukaşenkon bununla da “topu Putinin meydanşasına ötürməyə” çalışır.

Politoloq Fikrət Sadıqov hesab edir ki, Rusiya ilə Belarus arasında ittifaq dövlətinin yaradılmasına dair hökumətlərarası birgə proqram imzalansa da bu sənədin icra ediləcəyi real görünmür:



“Prezident Lukaşenko ziddiyyətli bəyanatları ilə seçilən siyasətçidir. İki ölkə arasında vahid strukturların yaradılması barədə bir sıra sazişlər imzalanıb. Nəqliyyat, gömrük, vergi sahələrində, sərhəd-buraxılış məsələlərində ümumi razılıq əldə olunub. Amma Lukaşenko üstünlüyü başqa dövlətə vermək istəməyən siyasətçidir. O, vahid ittifaqda aparıcı rol oynamaq iddiasındadır. Problem yalnız bununla bağlıdır. Putinlə Lukaşenko arasında dəfələrlə danışıqlar aparılsa da razılığa gələ bilməyiblər. Belə ki, ittifaq dövlətinin prezidenti, birinci şəxsi kim olacaq? Onun səlahiyyətləri nədən ibarət olacaq? İkinci şəxs kim olacaq? Tərəflər bu məsələlərdə ortaq fikrə gələ bilmir. Rusiya hesab edir ki, böyük dövlət kimi daha böyük səlahiyyətlərə malik olmalıdır. Lakin Lukaşenko bununla razılaşmır. Ona görə də mən bu yaxınlarda belə bir ittifaq dövlətinin yaranacağını düşünmürəm. Onlar yalnız xarici təcavüz, terror təhlükəsi qarşısında birgə mübarizə aparmaq üçün birləşə bilər. Ancaq digər şərtlərlə Belarusla Rusiyanın birləşməsi sual altındadır. Belarus həmin ittifaq daxilində Rusiya ilə bərabərhüquqlu statusa mailk olmağı təklif edir. Rəsmi Moskva isə buna razı olmaq istəmir. Çünki Rusiya hesab edir ki, Belarus post-sovet respublikalarından biridir və üstünlüyü ona vermək olmaz. Əgər hər iki tərəfi qane edən qərar çıxarılsa, o zaman öz funksiyalarını bölüşdürə bilər. Amma Belarusla Rusiyanın vahid dövlətə çevrilməsi yaxın gələcəkdə real görünmür”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR