Türkiyə niyə Suriyaya girdi: 3 əsas səbəb - TƏHLİL

10-10-2019, 14:32 254 dəfə baxılıb


Türkiyə niyə Suriyaya girdi: 3 əsas səbəb - TƏHLİL
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan elan etdiyi kimi, Suriya ərazisinə qoşun yeritdi. Ərdoğanın əsas planı Türkiyənin Suriya ilə həmsərhəd zonası boyunca 30 km. enində ərazini nəzarətə götürməkdir. Ankara bu addımı öz ərazilərini kürd terrorçularından qorumaq məqsədilə atdığını bildirir. Bu ərazilər Ankaranın nəzarətinə keçdikdən sonra, Türkiyə ərazisində müvəqqəti məskunlaşmış 3,6 milyona yaxın suriyalı qaçqının burada yerləşdirilməsi nəzərdə tutulub.
Maraqlıdır ki, Türkiyənin Suriyaya qoşun yeritmək planına regionda maraqları toqquşan ABŞ və Rusiyanın heç biri etiraz etmədi. İki qarşıduran qüvvənin Ankarayla həmrəy olmasını Ərdoğanın diplomatik gedişlərinin uğurlu nəticəsi hesab etmək olar.

Hələ bu ilin əvvəlində ABŞ prezidenti Donald Tramp bəyan etmişdi ki, əgər Ankara Suriyaya qoşun yeridərsə Türkiyənin iqtisadiyyatına ciddi zərbə vurulacaq. Ancaq hazırkı məqamda Ağ ev Ankaranın bu addımına qarşı çıxmadığını bildirsə də, regionda Türkiyəni dəstəkləməyəcəyini də söyləyir. ABŞ öz qoşunlarını Suriyadan çıxarmaq qərarına gəlib və mövqelərini Türkiyəyə təhvil verəcək.

Əslində, ABŞ qoşunları Suriyaya “İslam Dövləti” terror qruplaşması ilə mübarizə üçün yeridilmişdi. “İslam Dövləti” ilə mübarizə məqsədilə amerikalılar yerli kürd hərbi dəstələri (Kürd Xalq Özünümüdafiə Dəstələri - YPG) ilə ittifaq quraraq, onların köməyilə bu ərazidə “İslam Dövləti”nin mövqelərinin zəiflədilməsinə nail oldular. Kürd qruplaşmaları regionda mövqelərini möhkəmləndirmək və gələcəkdə Amerikanın dəstəyilə muxtariyyət əldə etmək ümidilə ABŞ-la fəal əməkdaşlığa qoşulmuşdular. Ancaq Amerikanın öz mövqelərini Türkiyəyə təhvil verməsi kürdlər üçün gözlənilməz oldu və onlar Vaşinqtonun bu addımını “arxadan vurulan zərbə”kimi qiymətləndirməkdə haqlıdırlar.

Lakin Suriyadan qoşunlarını çıxaran Amerikanın regionda öz mövqeyini etibar edəcəyi yeganə dövlət Türkiyədir. Əgər ABŞ kürd qruplaşmalarına dəstək verərək, onların həmin ərazilərdə qalmasına şərait yaradarsa, bu zaman kürdlərin ruslarla ittifaqa daxil olması təhlükəni göz önünə almalı idi. Kürd qruplaşmalarının hələ SSRİ dövründən ruslarla sıx əməkdaşlığını nəzərə aldıqda, bu təhlükənin reallığına heç bir şübhə qalmır. Üstəgəl, Rusiyanın Suriyadakı kürd qruplaşmalarının liderləri ilə danışıqlar apardığını və gələcəkdə onlara Suriya tərkibində muxtariyyatın verilməsi barədə məlumatlar da yayılmışdı. Təbii ki, bu yolla Moskva Suriyada hazırda güclü mövqeyə malik olan kürd qruplaşmalarını öz tərəfinə çəkməklə ABŞ-ın mövqelərinə zəiflətməyə çalışırdı.

Amerikanın Türkiyə ilə sövdələşməyə getməsinin səbəbləri tək bununla bitmir. Hazırda Türkiyədə sığınmış 3.6 milyon suriyalı qaçqın var və onlar potensial miqrant ordusudur. Ankara Suriyaya qoşun yeridərək, nəzarətə götürəcəyi ərazilərdə bu qaçqınları yerləşdirməsə, Avropa növbəti miqrant axını ilə üzləşməli olacaq. Digər tərəfdən, Türkiyə ərazisindəki qaçıqınların siyasi cəhətdən strateji əhəmiyyətə malik olduqlarını da vurğulamaq lazımdır. Söhbət ondan gedir ki, bu qaçqınlar Əsəd rejiminə qarşı çıxan müxalif qüvvələrin nümayəndələridir və onların Suriya ərazisini tərk etmələri əslində Bəşər Əsədin hakimiyyətinin qısa müddətdə bərpa olunmasına dəstəkdir. Buna görə, onların yenidən Suriya ərazisində məskunlaşdırılmaları vacibdir ki, ölkə tam olaraq “əsədsevərlər”in nəzarətinə keçməsin.

Beləliklə, Ərdoğan Türkiyə sərhəddi boyu əraziləri tutmaqla birincisi öz ölkəsi üçün təhlükə mənbəyi olan kürd terrorçularını zərərsizləşdirir. Bu ərazilərə həm kürdlər, həm də Suriya hökumətinə müxalif olan suriyalı qaçqınları yerləşdirməklə Suriya ərazisindəki terrorçu kürdlərlə Türkiyə ərazisindəki terrorçu kürdlərin əlaqəsini kəsir.

İkincisi, Türkiyəni Əsəd tərəfdarlarının mövqelərindən gələ biləcək təhlükələrdən sığortalamış olur. Çünki müxalif qüvvələr özlərini qorumaq üçün Əsəd təfdarlarından gələ biləcək istənilən zərbəyə qarşı müqavimət göstərməyə məcburdurlar ki, bu halda həm də, Türkiyə sərhədlərini müdafiə edəcəklər.

Və nəhayət, Türkiyə 3,6 milyon müxalif suriyanın himayədarı kimi Suriyanın gələcək taleyinin həllində böyük bir pay sahibinə çevriləcək və söz haqqına malik olacaq. Rusiya, İran və Türkiyə liderlərinin Suriyaya ilə bağlı son görüşlərində də Suriyadakı böhranın həlli ilə bağlı “Konstitusiya komitəsi” nin yaradıldığı, komitəyə ölkədə qarşıduran tərəflərin hər birinin nümayəndəsinin daxil edildiyini və məhz bu komitənin ölkənin gələcəyi ilə bağlı razılaşmış həll variantını hazırlayıb müzakirəyə çıxaracağı elan olundu. Təbii ki, “Konstitusiya komitəsi”ndə Əsəd tərəfdarları ilə yanaşı, real müxalifətin tərəfdarlarının yer almasını Türkiyə təmin edəcək.

Rusiyanın Türkiyənin addımlarına etiraz etməməsinin səbəbi isə, Kreml üçün Vaşinqtondansa, Ankara ilə danışıqlar aparmaq daha rahat olması ilə bağlıdır. Başqa sözlə desək, Kreml “pis”lə “çox pis” arasında seçim etmək məcburiyyətində qalıb və daha optimal variant kimi Türkiyə ilə əməkdaşlığa razı olub. Amerika qoşunlarının çıxması müqabilində Türkiyənin həmin mövqeləri tutması Moskva özü üçün daha optimal variant hesab edir. Çünki hər iki ölkə lideri arasında münasibətlər kifayət qədər yaxındır və Rusiya ABŞ-la müqayisədə Türkiyəyə təsir etmək üçün daha çox imkanlara malikdir.
Azvision.az


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR