“Özlərini və varlı 10 min ailəni düşünürlər...”

19-03-2020, 12:15 31 dəfə baxılıb

“Özlərini və varlı 10 min ailəni düşünürlər...”

Rusiyada kifayət qədər yaxşı tanınan iqtisadçı Dmitri Prokofyev “Novaya gazeta” qəzetində yazır ki, ekspertlər Rusiyanın OPEC-lə razılaşmadan imtina etməsinin düzgün yol olub-olmadığı barədə vahid rəyə malik deyillər.

Rusiya rəhbərliyi Səudiyyə Ərəbistanının neftin qiymətini qaldırmağa hesablanmış təklifini rədd edib, rəsmilər isə bildiriblər ki, Rusiya üçün neftin bir barrelinin 30 dollar olması da kafidir. Prokofyev yazır ki, bəzilərinin fikrincə, onsuz da neft qiymətlərinin düşməsindən qaçmaq mümkün olmayacaqdı: “Həqiqətən də makroiqtisadiyyat miqyasında rublun martda, ya apreldə çökəcəyinin elə də böyük fərqi yoxdur... Siyasi baxımdan fərq mövcuddur. Deyək ki, neftin qiyməti, rublun məzənnəsi və istehlak zənbili, aprelin 20-də çöksə, nə olar? Sadəcə olaraq adamlar Konstitusiyaya düzəlişlərə səs vermək üçün seçki məntəqələrinə yox, valyutadəyişmə məntəqələrinə yollana bilərlər”.

İqtisadçı bildirir ki, bəzi ekspertlərin fikrincə, neftin qiymətinin düşməsində Amerikanın neft bazarına təsir göstərmək istəyən Rusiya neft baronlarının əli var.

Bu ekspertlərin fikrincə, ucuz neft bir tərəfdən Donald Trampın təkrar seçilmək şanslarını artıracaq, digər tərəfdən isə Amerikanın şist nefti sənayesinə ziyan vurulacaq. Amma Prokofyev dərhal belə bir variantın reallığına inanmadığını yazır. O bildirir ki, ABŞ iqtisadiyyatı ona neft qiymətlərinin təsir edə bilməyəcəyi qədər güclüdür. İqtisadçının fikrincə, Rusiyanın OPEC-lə əməkdaşlıqdan imtina etməsi sadə bir səbəblə, neftə tələbat tamam ölmədən mümkün qədər çox neft satmaq arzusu ilə bağlıdır. Prokofyev yada salır ki, Avropa bazarlarının xam neftə tələbatı bundan sonra onsuz da azalmaqda davam edəcək. İqtisadçının fikrincə, üçüncü, ən ağlabatan izahat budur ki, hakimiyyət sadəcə olaraq neftin hasilatını artırmaq qərarına gəlib və onu əhalinin vəziyyəti onu qətiyyən narahat etmir: “Doğrudur rusiyalıların maaşları dollarla 15 faiz azalıb, amma rəhbərlik sizdən bic-bic soruşa bilər ki, “məgər siz maaşı dollarla alırsınız?”” İqtisadçı daha sonra sadə insanlara müraciətlə yazır: “Sizə bunun fərqi yoxdur, amma hökumətə bütün sosial proqramları minimuma endirmək üçün bəhanə yaranacaq: “özünüz görürsünüz də neftin başına nə gəlir?” Rəhbərliyin öz populyarlığını vətəndaşların gəlirlərinin artmasında gördüyü vaxtlar keçib...”

Prokofyev yazır ki, bəzilərinin fikrincə, SSRİ iqtisadiyyatını da neft qiymətlərinin düşməsi çökdürüb: “Amma Sovet iqtisadiyyatını yıxan neftin ucuzlaşması yox, sovet rəhbərliyinin hətta neftin ucuz olduğu bir şəraitdə də sovet vətəndaşlarının sosial istehlak səviyyəsini qoruyub saxlamaq cəhdləri olub. Amma indiki rəhbərlik belə şeylər etmək niyyətində deyil. Rəhbərliyi ölkənin 10 min ən varlı ailəsinin və öz ətrafının istehlakının səviyyəsi maraqlandırır. O səviyyə üçünsə təhlükə yoxdur”.

İqtisadçının yazdığına görə, əksinə, məmur düşünür ki, “tox vətəndaş kiçik təsərrüfat qayğısından da iyrənə bilər. Amma heç bir əmanəti olmayan, qulaqlarınadək kredit borcunun içində batan, maaşdan maaşa yaşayan vətəndaşı 1 qəpiklə də sevindirmək mümkündür”.

Prokofyev yazır ki, bu dəfə rublun məzənnəsini saxlamaq hakimiyyəti narahat etmir, çünki indi 2008-ci il deyil: “O vaxt vətəndaşlar əmanətlərini rublla yığırdılar, amma ipotekanı dollarla götürürdülər. İndi isə əmanət yoxdur, amma ipoteka rublladır. Odur ki, rubl ikiqat devalvasiya olsa da, məmur narahat deyil. Deməli daha az idxal alınacaq və daha çox valyuta ehtiyatda qalacaq”.

İqtisadçının fikrincə, məmuru kiçik biznesin vəziyyəti də maraqlandırmır: “Yaşamaq istəyir, qoy tər töksün. Müflis olsa, deməli pis biznesmen olub”.

Prokofyevin fikrincə, oliqarxlar da Rusiya iqtisadiyyatına gündəlik qaydada dəyən yuz milyon dollarla ziyandan narahat deyillər və hakimiyyətlə mübahisə etmirlər: “Axı onlar ki, oliqarx ola biliblər. Çünki hakimiyyətlə ümumi dil tapıblar”.

Dmitri Prokofyev Rusiyanın xammala əsaslanan iqtisadi modelini Meksika, Liviya, Əlcəzair, İran və bir az da Venesuelanın modeli ilə müqayisə edir. O yazır ki, belə ölkələrdə az-çox şaxələnmiş iqtisadiyyat qurmaq, hakimiyyətin bir növ dəyişilməsini təmin etmək mümkün olsa da, ölkə rahat və çiçəklənən bir dövlətə çevrilməyəcək: “Afrikada ən böyük neft ixracatçısını, OPEC üzvünü, özlüyündə böyük neft gücü sayılan Nigeriya Federativ Respublikasını yada salın. Orda neft baha olanda da, ucuz olanda da hakim elita “dünyanın ali sinfinin” səviyyəsində yaşayır, amma öz gəlirlərini cəmiyyət üzvləri ilə bölüşmür. Çünki belə bir mülahizə ilə buna ehtiyac görmür: “Neft gəlirləri hamının firavan yaşaması üçün onsuz da çatmaz”. Bunun əvəzində elitaya öz saraylarının ətrafına hündür dəmir-beton hasarlar çəkib, lazımi sayda mühafizəçi kirayələmək kifayətdir”.

İqtisadçının qənaətinə görə, hansısa pozitiv dəyişiklilərin müstəsna olaraq onun öz məsuliyyət səviyyəsindən və xalq həmrəyliyindən asılı olduğunu başa düşən vətəndaş isə özünü sahibindən razı kimi göstərməyə üstünlük verir.

(Tərcümə: azadliq.org)


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR