Böyük uğurdan dərin uçuruma düşən idmançılar: Səbəb nədir? - ARAŞDIRMA

19-07-2019, 13:58 298 dəfə baxılıb

Böyük uğurdan dərin uçuruma düşən idmançılar: Səbəb nədir? - ARAŞDIRMA

Böyük uğurlara imza atan və bunun müqabilində küllü miqdarda pul qazanan idmançılar üçün balansı saxlamaq çətin olur.

“Report”un araşdırmalarına əsasən, bəzi idmançılar peşəkar karyeralarını müəyyən bir yaş həddində başa vuracaqlarını anlayaraq, gələcəklərinə yatırım edirlər. Bəziləri isə iri məbləğlərin təsiri ilə relsdən çıxırlar. Kimisi qumara, kimisi içkiyə, kimisi mərc oyunlarına, kimisi narkotikə, kimisi da başqa neqativ əməllərə alüdə olurlar. Aralarında yüksək sürətə meyl edərək həm özünü, həm də başqalarını bədbəxt edənlər də tapılır.

Psixoloq Nuriyyə Quliyeva hesab edir ki, valideynlər idmançı övladları ilə mütəmadi maarifləndirici söhbətlər aparmaqla, bu cür halların baş vermə ehtimallarını azalda bilərlər: “KİV-də oxuduğumuz, izlədiyimiz xəbərlərdən idmançıların sürət həddini aşmasını, qəzalara düşməsini, əyləncələrə yönəlməsini öyrənirik. Bu, insanların fərdi xüsusiyyətlərindən asılıdır. Heç də hər idmançı hansısa məbləğ qarşılığıdan həyat tərzini tamamilə dəyişmir. Onlar arasında elələri var ki, qazandıqları vəsaiti öz gələcəklərinə yatırırlar. Bununla da həyatlarını daha da asanlaşdırırlar. Təəssüf ki, bəziləri də yalnız bu gün üçün yaşayır, pullarını əyləncələrə xərcləyirlər. Onlar arasında mənfi vərdişlərə meyilli insanlar da var. Tütün məmulatlarına, mərc oyunlarına və bu kimi şeylərə yönəldikcə, zəhmətlə əldə etdikləri vəsaiti anında xərcləyirlər və gələcəklərinə yatırım edə bilmirlər. Əlbəttə, gənc yaşlarda valideynin rolu azalır. Ancaq bu o demək deyil ki, hər şey gənclik dövründən başlayır. Əslində, bu cür hallar insanın təməlində müəyyən davranışlarda boşluqlardan irəli gələ bilər. Yəni, valideyn zamanında nəyisə doğru etmir və bu, 18, 19, 22, 23 yaşlarında fərqli şəkildə özünü büruzə verir. Valideynlər övladlarını idmana yönləndirərkən onlarla mütləq maarifləndirici danışıqlar aparmalıdırlar. Həmçinin gənclik dövründə də. Heç vaxt valideynin rolu əksilmir. Valideynlər gənc övladlarında mənfi davranış hiss edirlərsə, “onun yaşı çoxdur, kənarda durum, özü yolunu tapar" formasında fikirləşməsinlər və kənarda durmasınlar. Bunu gözləməklə övladlarını əks tərəfə də yönləndirə bilərlər və bu, daha böyük fəsadlara yol açar. Onların təcrübələri daha çoxdur. Hansı davranış nəyə gətirə, nələri itirə bilər - valideyn bunları asanlıqla izah etməlidir”.

Psixoloqun fikrincə, hər bir idmançı fiziki gücün daimi olmadığını dərk etməli və gələcəyini düşünməlidir: “İdmançı bilməlidir ki, fiziki güc daimi deyil. Fiziki gücləri müəyyən yaş dövrünə qədər onları irəli apara bilər. Hər idman növünün öz yaş həddi var. Bilməlidirlər ki, gələn maddi vəsait təkcə onların bu günü üçün yox, həm də gələcəklərindən ötrüdür. Məvacibləri ilə gələcəklərini qurandan sonra öz əyləncələrinə vaxt ayıra bilərlər”.

Adətən, idmançılar cinayət törətdikdə və ya avtomobillə qəza törətdikdə, məsuliyyətə cəlb olunurlar və məsələ ictimailəşir. Lakin onların adları qumar, mərc oyunları və ya narkotiklə bağlı hallanarkən, bunu qəti şəkildə təkzib edirlər.

Əlbəttə, bəzən kiminləsə bağlı yanlış informasiyalar da yayılır. Məsələn, Azərbaycan millisinin sabiq futbolçusu Kamal Quliyevin mərc oyunlarında karyerası ərzində bütün qazandıqlarını uduzduğu yönündə söhbətlər vardı.

Baş məşqçi kimi “Neftçala”nın sükanı arxasında I Divizionun qalibi olan 43 yaşlı mütəxəssis bütün bu iddiaları təkzib edir. Hazırda şəxsi mikroavtobusları ilə rayonlara sərnişin daşıma ilə məşğul olduğunu deyən Quliyev məsələyə bu cür aydınlıq gətirib: “Azərbaycan millisinin sabiq futbolçusu, baş məşqçi kimi I Divizionun qalibi necə oldu ki, indi Ağsuya marşrut sürür? Çox sadə. Vidadi Rzayev, Yunis Hüseynov kimi korifey futbolçularımız, hər şeylərini bu sahəyə həsr edənlər bu gün məşqçi işləmirlərsə, Kamalın da kənarda qalmağı təəccüblü olmamalıdır. Mən demirəm Kamal dahidir, fenomendir, əjdaha olub. Xeyr! Üzərimə düşəni etməyə çalışan bir futbolçu idim. Amma hər halda, millidə oynadığımı nəzərə alsaq, sıradan biri olmamışam. Ümumilikdə 3 il Ukraynada çıxış etmişəm, ölkəmizi tanıtmışam. Digər futbolçularımızın da Ukraynaya yolunu biz açmışıq. Kim deyir ki, Kamal futboldan qazandıqların itirib? Onlar indi də var. Bəziləri yazır ki, “Topaz” açmışdım və ya “Topaz”da uduzmuşam. Nəyin necə olduğunu özümdən soruşmaq lazımdır. Allaha şükür, evlərim də durur, hər şeyim də. Bir sürdüyüm “Range Rover”i satmışam, onu da ağıllı bir yerə istifadə etmişəm. Çox təəssüf edirəm ki, bunu çox gec anladım. Atam hər dəfə maşınımı dəyişəndə deyirdi: "Oğul, eləsini al ki, sənə qazanc gətirsin, səndən yeməsin". Fikirləşirdim ki, danışır da... Amma sonralar anladım ki, düzgün kəlamdır”.

Quliyevin sözlərinə görə, bahalı avtomobilini satmaqla heç nə itirməyib: “Range Rover”i itirməmişəm, əksinə, ondan canımı qurtarmışam. Satışından vəsaiti sərf etdiyim yer hər gün mənə 200 manat pul verir. Niyə itirirəm? Bu dəqiqə gedək, o maşından daha birini alım qoyum altıma. Onda olacaq əla!? Ay Kamal təzədən qayıtdı, nə bilim “Topaz”da partlatdı... Başlayacaqlar bunları yazmağa. Kamal “Topaz” işlətməyib. Sadəcə olaraq, “krişalıq” edib. Ordan mənim evimə bir qara qəpik gəlməyib. Sadəcə, bəzi insanlar üçün arxa, dayaq olmuşam. Oynadığım oyundan, ad-sanımdan istifadə edərək kömək etmişəm. O vaxtı mərc oyunları qanunsuz idi, hərə bir qiymət deyirdi. Mən isə nüfuzumudan istifadə edərək, 5 manatlıq işi onlar üçün 3 manata görürdüm ki, işləsinlər. Mən bunu etmişəm. Orda mənim nə uduzulası, nə veriləsi, nə də alınası pulum olub, qardaşlar. Bunu anlayın, xahiş edirəm. Bunu hamı bilsin! Bir adam gətirin, desin ki, Kamal “Topaz”da pul udub və ya uduzub. Gedək, evimdə müsahibə verim, şahid olun. 5-dən zəif yaşayıramsa, 15-dən yaxşı durumdayam. Bu gün neçə oğlanın cibinə günə 400 manat gələ bilir? Düzdür, zülümdür, əziyyətlidir. Amma hansı iş əziyyətsizdir ki? Asan qazanc ağ adamlar üçündür. Biz qara camaatın qazancı əziyyətlə olur. Allah atamın canını sağ eləsin. Nə yaxşı ki, vaxtında bu şeyləri almışam və o, idarə edib, saxlayıb. Qəpiyi qəpiyin, maşını maşının üstünə qoyub. Bəzi məşqçilər kimi özümü, nəslimi söydürmürəm ki... Bu gün özüm-özümə ağayam. İstədiyimi edirəm, istəmədiyimi yox. Amma bir çoxu bundan məhrumdur. Öz fikirləri, ideyaları yoxdur”.

Veteran futbolçu deyir ki, bəzən söz-söhbətlərə son qoymaq üçün yenidən bahalı avtomobil almağı düşünür: “İstəyirəm dekabr ayında bir bahalı maşın alıb atım altıma, bu dedi-qodu da qurtarsın. Bezmişəm artıq (gülür). İndi 3 “Mercedes” markalı mikroavtobusum var, birin də artırmaq istərəm. Ağsuya, rayonlara sərnişin daşımaqla məşğulam. Sürücülərim var, hərdən özüm də sürürəm. İstəyim məşqçiliyə qayıtmaqdır. Amma sürücülük də utanılası bir şey deyil. Alnı açıq, üzü ağ pulumu qazanıram”.

Futbol üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev fikrincə, idmançının təlim-tərbiyəsində cəmiyyət, valideyn və məşqçinin rolu çox böyükdür: “Həyatda nəyisə qazanmaq istəyirsənsə, nəyisə qurban verməlisən. Qurbansız uğur yoxdur. Bəzən heç nəyi olmayan insan hər şeyə nail olanda özü özünü idarə edə bilmir. Bu, çox çətin tendensiyadır. Keçid dövrü də çox vacibdir. Valideyn övladını düzgün istiqamətləndirməlidir. Nəyin səhv, nəyin düz olduğun mütləq deməlidir, çəkinməməlidir”.

Məşqçi olmaqla bərabər həm də “Sabah” klubunun formasını geyinən Kərim və Coşqun Diniyevlərin atası olan təcrübəli mütəxəssis Rusiya “Terek” klubunda çalışdığı dönəmlə bağlı maraqlı bir əhvalat da danışıb: “Terek”də işlədiyim vaxtı bir futbolçu məşqə tapança ilə gəlirdi. Yuxarılarla əlaqəsi olan bir uşaq idi. Tapançanı görən kimi onu qovdum. Bir həftə sonra isə özüm geri qaytardım. Həmin uşaq necə dəyişdisə, artıq “Terek”in əsas heyətinə də düşə bildi”.

Karate üzrə II Avropa Oyunlarının qalibi Asiman Qurbanlı hesab edir ki, əziyyət çəkən insan heç vaxt lovğalanmaz: “Birinci növbədə insana ailəsi dəstək olmalıdır. Həmçinin müəllimin və dostların da kömək etməlidir. Hər kəsin həyatı fərqli olur. Çalışmışam ki, düzgün dostlar seçim. Zaman qarşımıza düzgün və səhv insanlar qoyur. Sən özün bilməlisən ki, kiminlə oturub-durmalısan. Müəllim məsləhət verə bilər, amma tələbə qulaq asmayanda, həmin tövsiyyə yerdə qalır. Tələbə də gərək müəlllimin, böyüyün sözün eşidə. Həmişə düşünürəm ki, nə qədər uğur qazansam da, sadə olmalıyam. Çünki uğur heç nədən gəlmir, əziyyət bahasına olur. Əziyyət çəkən insan heç vaxt lovğalanmaz. Bu, idmançıya yaraşan hal deyil”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR