“Formula 1”in Azərbaycan üçün faydaları - TƏHLİL

14-12-2019, 14:11 287 dəfə baxılıb

“Formula 1”in Azərbaycan üçün faydaları - TƏHLİL


“Bu, artıq ənənədir, ənənəvi mərasimdir. Ən fəal tamaşaçıların rəyinə görə, Bakıdakı “Formula 1” yarışı lap əvvəldən həqiqətən də cəlbedici olub”.

Bunu Prezident İlham Əliyev dekabrın 2-də CISCO şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti Qay Didrixin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycana gələn turistlərin sayının artması məhz 2016-cı ildə keçirilən birinci yarışdan sonra başlayıb. Prezident ilk yarışdan sonra 24 faiz, ikincisindən sonra isə 26 faiz artım olduğunu vurğulayıb: “Formula 1” Azərbaycana həqiqətən də çoxlu dividend gətirdi. Ölkə daha çox tanındı və yüz milyonlarla dollar qazanc əldə etdi. Mən biznes dairələrini, xidmət sektorunda və digər sektorlarda olanları nəzərdə tuturam. Beləliklə, bu, çoxlu gəlir gətirir və həmçinin ölkənin yaxşı təqdimatıdır”.

Bakı treki artıq 4 ildir yarım milyardlıq auditoriyaya malik “Formula 1” üzrə dünya çempionatının təqvimində yer alıb. Müqaviləyə əsasən, Azərbaycanın paytaxtının hələ ən azı 2023-cü ilədək ev sahibliyi edəcək yarışın ölkə üçün faydaları müxtəlif istiqamətlərdə özünü biruzə verməkdədir. Həmin dividendləri kommersiya gəlirləri, ölkənin tanıtımı, turizmin inkişafı və sosial dəstək formasında qruplaşdırmaq olar.

Kommersiya gəlirləri

PwC audit şirkətinin apardığı müstəqil araşdırmaya əsasən, 2016-cı və 2017-ci illərdə Bakıda keçirilən “Formula 1” yarışları Azərbaycan iqtisadiyyatına ümumilikdə 277,3 milyon dollar gəlir gətirib. Hesabatda yekun məbləğ yarışlar ərəfəsində “Formula 1”lə əlaqədar Bakıya gələnlərin xərcləri əsasında yaranmış birbaşa və dolayı gəlirləri əhatə edib. Bu rəqəmə iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən peşəkar xidmətlər, hotel və mehmanxana, restoran, nəqliyyat, sosial və mədəni xidmətlər, kənd təsərrüfatı, poçt və telekommunikasiya, topdan ticarət və elektrik, qaz, su və digər sektorlarda qeydə alınmış gəlirlər daxildir.

Ümumilikdə, birbaşa gəlirlər 164,2 milyon dollar təşkil edib ki, bunun da 22,7 milyon dolları əsas yeri tutan turizm sektorunun payına düşüb. 113,1 milyon dollarlıq dolayı gəlirlər içərisində isə ən çox - 14,9 milyon dollar vəsaitlə yenə turizm sektoru birincidir.

“Formula 1” üzrə 2019-cu il Azərbaycan Qran-prisi kommersiya baxımından ən sərfəlisi olub. Ötən illə müqayisədə sponsorlardan gələn vəsaitin məbləği 50 faiz artıb.

2019-cu ildə “Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisinin 4 gün boyunca yarış sessiyalarını və həftəsonu “Crystal Hall”da dünya ulduzlarının axşam konsertlərini ümumilikdə 74 ölkədən 85 min tamaşaçı izləyib. Bu ölkələr arasında Rusiya, Böyük Britaniya, Avstriya, Niderland və Gürcüstandan xüsusilə fərqlənib. Tribuna biletlərinin hamısı satılıb.

Tanıtım üçün ideal platforma

“Formula 1” üzrə 2019-cu il Azərbaycan Qran-prisini 90 milyon nəfər izləyib. Bu, ötən mövsümlə müqayisədə 10 faiz çoxdur. Dünya üzrə bu il Bakıda keçirilən yarışla bağlı 37 mindən çox xəbər dərc olunub və bu məlumatların media dəyəri 131 milyon dollar təşkil edib.

Çempionatın rəsmi “Twitter” səhifəsində 2018-ci il mövsümü ilə bağlı mərhələli şəkildə aparılan səsvermənin nəticəsinə əsasən, Bakı treki birinci olub. Həmçinin müxtəlif illərdə “Daily Mail”, “Sky Sports”, “The Times”, “Bild” ViaSat” kimi nüfuzlu nəşrlərin avtoidman azarkeşləri, media nümayəndələri və Paddok Klubun təmsilçiləri arasında apardığı sorğularda Bakıdakı yarış ən yaxşı seçilib. “Washington Times” “Formula 1”i Azərbaycana səfər etmək üçün 5 əsas səbəbdən biri kimi göstərdiyi halda, “Forbes” Bakı və “Formula 1”i ideal cütlük kimi qələmə verib.

Turizmə töhfə

İki ay öncə 2020-ci ildə Bakıda baş tutacaq “Formula 1” və AVRO-2020-nin Təşkilat Komitələri, digər qurumların nümayəndələri ilə keçirilən görüşdə birgə işçi qrupunun yaradılmasına qərar verilib. Azərbaycanı turistlər üçün cəlbedici edən yetərincə məqamlar. Buna misal kimi mülayim iqlimi, tolerantlığı, müasirlik və qədimliyin sintezi sayılan Azərbaycanda irqçilik və antisemitizmin olmamasını, təhlükəsizliyi və s. amilləri göstərmək olar.

İndi onların sırasına “Formula 1”də qoşulub. Qəzaları ilə məşhur olan Bakı treki həqiqətən cəlbedicidir. “Red Bull” pilotları – Daniel Rikkardo ilə Maks Ferstappenin toqquşması, “Mercedes”dən Lüis Hemiltonla “Ferrari”nin sürücüsü Sebastyan Fettel arasında baş vermiş insident və digər məqamlar dünya mediasında, əsasən də sosial şəbəkələrdə geniş müzakirə olunub və hələ də tez-tez xatırlanır.

Bakıdakı yarışı cəlbedici edən digər məqam isə Nikol Şerzinger, Meraya Keri, Dua Lipa, Kristina Agilera, Tarkan kimi dünya ulduzlarının “Formula 1” çərçivəsində konsert proqramı ilə çıxış etmələridir.

Sosial məsuliyyət

Azərbaycan Qran-prisinin təşkilatçısı olan Bakı Şəhər Əməliyyat Şirkəti (BŞH) həm də bir sıra sosial layihələrə imza atmaqla da faydalı iş əmsalına təsir edib. Məsələn, 2016-cı ildə BŞH “ASAN xidmət” ilə könüllü fəaliyyət sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı və möhkəmləndirilməsinə dair anlaşma memorandumu imzalayıb.

Ötən il BŞH ilə Azərbaycan Avtomobil Federasiyasının (AAF) birgə təşkilatçılığı əsasında regionlarda avtoidman maarifləndirmə ayı çərçivəsində “Sənin sürət formulan” şüarı altında simulyatorda “Formula 1” çempionatı keçirilib.

“Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisi çərçivəsində “Racing for Peace” (Sülh Naminə Yarış) şüarı altında məcburi köçkün uşaqlar üçün yarış öncəsi pit yolu, eləcə də əyləncə zonasına gəzintilər təşkil olunub.

BŞH Akademiyası 29 - 30 oktyabrda Azərbaycandakı Amerika Ticarət Palatası ilə birlikdə karyera yarmarkası reallaşdırıb. Yeri gəlmişkən, 2019-cu il mövsümündə Azərbaycan Qran-prisində 13 min işçi qüvvəsinin çalışıb.

Son olaraq BŞH ekologiyaya töhfə vermək məqsədi ilə “Yaşıl strategiya”ya keçib. Qurum ofisində toplanan tullantıları çeşidləyərək Bakı Autizm Mərkəzinə təhvil verəcəyik. Tullantılardan gələn vəsait autizmdən əziyyət çəkən şəxslərin reabilitasiyasına yönəldiləcək.

Qeyd edək ki, 2020-ci il Azərbaycan Qran-prisi 5 - 7 iyunda keçiriləcək.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR