Büdcə kəsiri: İqtisadiyyat üçün arzuedilməz durum

19-07-2019, 18:05 32 dəfə baxılıb

Büdcə kəsiri: İqtisadiyyat üçün arzuedilməz durum


Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən, 2019-cu ilin yanvar-iyun aylarında dövlət büdcəsinə 10 milyard 405 milyon 500 min manat vəsait daxil olmuş, büdcədən 10 milyard 951,0 milyon manat vəsait xərclənib.

Dövlət Statistika Komitəsinin aylıq hesabatına görə, nəticədə, büdcənin icrasında 545 milyon 500 min manatlıq kəsir yaranıb.

2019-cu ilin yanvar-may aylarında dövlət büdcəsinə 8 milyard 999 milyon 300 min manat vəsait daxil olub, büdcədən 9 milyard 426 milyon 100 min manat vəsait xərclənib. Xərclər gəlirləri üstələdiyindən büdcənin icrasında 426 milyon 800 min manatlıq kəsir yaranıb. Beləliklə, aylıq müqayisədə kəsir artıb. Maliyyə Nazirliyi ABŞ dolları ilə götürülmüş kreditlər üzrə kompensasiya ödənişinə may və iyunda banklara 600 milyon manatdan artıq vəsait ayırıb.

İqtisadçı-alim Vüqar Bayramov “Cümhuriyət” qəzetinə bildirib ki, dövlət büdcəsində kəsrin olması gözlənilən idi:

“Baxmayaraq ki, Maliyyə Nazirliyinin də məqsədi büdcədə kəsirin həddini ümumi daxili məhsulun (ÜDM) 3 faizdən aşağı səviyyədə saxlamaqdan ibarət idi. Amma 2019-cu ildə proqnozlaşdırılandan daha çox vəsaitin xərclənəcəyini nəzərə almaq lazımdır. Maliyyə Nazirliyinin də bir sıra istiqamətlərə proqnozlaşdırılandan daha çox vəsaitin xərclənməsi gözlənilir. Güman olunur ki, 2019-cu ilin ikinci yarısında Maliyyə Nazirliyi xüsusən infrastruktur və kapital qoyuluşu xərclərində müəyyən azalmalara getməklə sosial istiqamətlərə daxili vəsaitlərin artırılmasını təmin edəcək”.

Analitik onu da vurğulayıb ki, kəsirin böyüməsi də, büdcədə böyüyən kəsirə imkan verilməsi də arzuolunan deyil:

“Maliyyə Nazirliyi çalışmalıdır ki, xərc üzrə vəsaitlərin optimallaşdırılmasının həyata keçirilməsindən asılı olmayaraq kəsirin böyüməsinin qarşısını alsın. Yaranmış kəsirin örtülməsi üçün digər mənbələrdən bu istiqamətdə vəsaitin yönəldilməsini tələb edir. Azərbaycanda qiymətli kağızlar bazarı inkişaf etmədiyi üçün qiymətli kağızlarla kəsirin örtülməsi bir sıra hallarda çətin olur və daxili borclanma metodlarından tamamilə istifadə oluna bilmir. Ona görə də kəsirin tənzimlənməsi həyata keçirilməlidir və ümumiyyətlə, kəsirdə artıma imkan verilməməlidir”.

Vüqar Bayramovun qənaətincə, ÜDM-in 3 faizinə qədər olan büdcə kəsiri arzuolunan hesab oluna bilər:

“Amma nəzərə almaq lazımdır ki, Azərbaycan üçün büdcə gəlirlərinin formalaşmasında neftin payı daha da çoxdur. Dövlət Neft Fondu büdcə gəlirlərinin, təxminən yarısını formalaşdırır. Ona görə də neftin dünya bazar qiyməti Azərbaycan üçün fiskal əhəmiyyət daşıyır. Buna görə də böyük kəsirin olması arzuolunan deyil. Təbii ki, müəyyən kəsirlər olacaq və güman olur ki, büdcə ili kəsirlə başa vuracaq. Büdcədə neftin bir barelinin qiyməti 60 dollardan götürülüb. Hazırda neft bazarlarında bir volunterlik var. Ona görə də Maliyyə Nazirliyi çalışmalıdır ki, 2019-cu ilin ikinci yarısında büdcə kəsirinin tənzimlənməsini həyata keçirsin. Əks halda, büdcə kəsrinin böyüməsi iqtisadiyyat üçün arzuolunan deyil”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR