Manatı möhkəmləndirəcək addım

22-08-2019, 10:34 30 dəfə baxılıb

Manatı möhkəmləndirəcək addım


Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) gələcəkdə manat istiqrazları buraxa bilər. Trend-ə müsahibə verən bankın prezidenti Dmitri Pankin deyib ki, Aərbaycanda bu və ya digər layihənin maliyyələşdirilməsi üçün milli valyutanın istifadəsinə imkan yaranacağı təqdirdə bu baş verə bilər. O bildirib ki, əsas məsələ maraqlı layihələr tapmaqdır: “Layihələr olanda maliyyələşmə mənbələri məsələsini həll etmək lazım olacaq. Bu günədək biz layihələri maliyyələşdirmək üçün dollar və avrodan istifadə edirdik.

Amma indi görürük ki, yerli bazarda pul cəlb etmək imkanı yaranıb ki, bu, bizim üçün yeni vəziyyətdir. Biz əvvəlcə layihə seçəcək və maliyyələşmə üçün milli valyutadan istifadə imkanlarını nəzərdən keçirəcəyik. Bu cür imkan olarsa, Azərbaycan manatında istiqrazların buraxılışını davam edəcəyik”.

D.Pankin qeyd edib ki, bu istiqrazlarla bağlı gözləntilər elə də yüksək olmayıb: “Biz bu nəticəni gözləmirdik. Gördük ki, tələb var, bazara maraqlıdır. Amma ən vacibi odur ki, bu istiqrazları Mərkəzi Bank vasitəsilə təkrar maliyyələşmə üçün istifadə etmək olar. Bizim bu regionda təcrübəmiz var. Biz Gürcüstanda istiqrazlar buraxmışıq. Bunun necə işlədiyini bilirik”.

Maraqlıdır, bu məsələ reallaşa bilərmi? Manat istiqrazları buraxılarsa, bu milli valyutanın dəyərinə necə təsir edə bilər?

İqtisadçı Rövşən Ağayev “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, milli valyutada istiqrazların buraxılması ilk növbədə manata etimad məsələsidir:

“Əgər hansısa beynəlxalq maliyyə institutu Azərbaycan milli valyutasında istiqraz buraxmağa maraq göstərirsə və bunu reallaşdırırsa, bu həmin institutun manatın sabitliyinə inamından irəli gəlir. Məsələn, SOCAR manatla deyil, dollarla istiqraz buraxdı. Çünki insanlarda manata etibar yox idi, buna görə də istiqrazlar dollarla buraxıldı ki, insanlar dollarla əmanət yatırmaqdansa, vəsaitlərini istiqraz formasında yatırsınlar. Hətta 10 faizli gəlir təklif olunarsa belə, vətəndaşlar düşünəcəklər ki, 5-10 ildən sonra manatın məzənnəsinin necə olacağı məlum deyil. Bu müddət ərzində nə qədər faiz alınsa da, 2015-ci ildə olduğu kimi manat iki devalvasiyaya uğrayacağı təqdirdə vətəndaş vəsait itirməli olacaq. Buna görə də vəsait sahibləri valyuta istiqrazlarına daha çox üstünlük verirlər. Bununla belə, hansısa beynəlxalq maliyyə təşkilatının milli valyutada istiqrazı buraxacağı yaxşı göstəricidir”.

Bununla belə, iqtisadçı Qara Dəniz Ticarət və İnkişaf Bankının manat istiqrazları buraxacağına optimist yanaşmır:

“Manatın məzənnəsi birbaşa resurs gəlirlərindən asılıdır. Ona görə də, nəinki yaxın 5 ildə, hətta 2-3 ildə məzənnəni proqnozlaşdırmaq mümkün deyil. Neft bazarında gedən prosesləri nəzərə alaraq yalnız bir ili proqnozlaşdırmaq mümkündür. Həm də nəzərə almaq lazımdır ki, neftin qiyməti düşsə belə, bunun manata təsiri müəyyən müddət çəkir. Heç bir tədqiqat institutu, heç bir ekspert 3-5 illlik müddət üçün manatın məzənnəsini müəyyənləşdirə bilməz. Resursdan asılı olmayan ölkələrdə milli valyutaların məzənnəsini proqnozlaşdırmaq resurs ölkələrininkindən qat-qat asandır. İdeya cəlbedici görünsə də, mən buna optimist baxmıram”.

İqtisadçı digər bir məsələnin bu istiqrazların hansı məbləğdə buraxılması ilə bağlı olduğunu dedi:

“Məsələn, SOCAR istiqrazları cəmi 500 milyon dollar həcmində buraxıldı. Əgər 200-300 və ya 500 milyon manat həcmində istiqraz buraxılacaqsa, bu böyük həcm deyil. Amma hansısa maliyyə təşkilatının 1-2 milyard manat istiqrazı buraxacağına şübhə edirəm”.

Rövşən Ağayev deyir ki, böyük məbləğli istiqrazların buraxılarsa, bunun manatın dəyərinə təsiri ola bilər:

“3-5 milyard manatlıq istiqraz buraxılarsa, bunun manatın dövriyyəsinə ciddi təsiri ola bilər. 300-500 milyonluq istiqraz dövriyyəsi isə yalnız psixolioji olaraq vətəndaşlara təsir edə bilər. İstehlakçılarda manatın sabitləşməsinə yönəlik davranışlar yarana bilər. Amma xüsusilə də biznes dairələri rasional düşünürlər. Bu baxımdan da Azərbaycanda manatın yaxın 3-5 ildə sabit qalacağını düşünən insanların çox olacağına inanmıram. Əmtəə bazarları ilə bağlı həssaslığın yaşandığı bir dövrdə isə bunun baş verməsi gözlənilən deyil”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR