Yeni devalvasiya dalğası gəlir?

7-12-2019, 13:39 47 dəfə baxılıb

Yeni devalvasiya dalğası gəlir?

Xəbər verdiyimiz kimi "Fitch Ratings" beynəlxalq reytinq agentliyi neftin qiymətləri ilə bağlı proqnozlarını açıqlayıb. Agentliyin 2020-2021-ci illərdə neft qiymətləri üzrə proqnozları dəyişməyib. 2020-ci ildə Brent və WTI markalı neft üzrə qiymətlərin müvafiq olaraq 62,5 dollar və 57,5 dollar, 2021-ci ildə isə 60 dollar və 55 dollar olacağı proqnozlaşdırılıb.

“Yeni Sabah”a məsələ ilə bağlı münasibətini bildirən iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, gələn il neftin qiyməti 40 dollara düşə bilər:

“Neftlə bağlı ilin sonunadək müxtəlif proqnozlar eşidəcəyik. İl bitən kimi, növbəti il üçün proqnozlar verilir. Bir çox beynəlxalq beyin mərkəzi, iqtisadi analitika ilə məşğul olan banklar və şirkətlər, investisiya fondları bununla bağlı xüsusi bir proqnozlarla çıxış edirlər. Bu proqnozlar müəyyən trendlərin hansı yöndə inkişaf etmələri ilə bağlı ipucları verir. Amma çox zaman da düz çıxmır. Neftin qiymətləri təkcə iqtisadi proseslərdən asılı deyil. Əgər təkcə iqtisadi proseslərdən asılı olsaydı, indi neftin qiyməti 40 dollar olardı. Son zamanlar neftin qiymətinə təsir edən amillər geosiyasi amillərdir. Bunlara İran ətrafında, Venesuela ətrafında ətrafında gedən prosesləri nümunə göstərə bilərik. Bu gərginliklər neftin qiymətinin artmasına, hətta ara-sıra Yəmənlə Səudiyyə Ərəbistan arasında dron savaşı da gedir ki, bu hadisələr də neftin qiymətinin yüksək olmasına səbəb olur. Gələn il bu hərbi-siyasi gərginliklər aradan qalxsa, sırf iqtisadi amilər ortaya çıxsa, neftin qiyməti 40 dollaradək düşə bilər”.

Ekspert sözü gedən beynəlxalq reytinq agentliyinin Rusiya və Türkiyə valyutalarının ABŞ dollarına qarşı dəyərdən düşəcəyini proqnozlaşdırması məsələsinə də toxunub:

“Manatın məzənnəsi Türkiyədən və Rusiyadan fərqli olaraq, inzibati qaydada tənzimlənir. Orda birja fəaliyyət göstərir, bazar qaydaları işləyir. Bizdə inzibati qərarla məzənnə müəyyənləşir. Ona görə də, hələ də inzibati qərarla müəyyənləşən məzənnə də ciddi dəyişikliklərin olacağını düşünmürəm. Bu neftin qiymətindən asılı olan məsələdir. Hələ ki, neftin qiyməti komfortlu səviyyədədir. Neftin qiyməti 63-65 dollar civarında qaldığı şəraitdə manatın məzənnəsində bir dəyişikliyi olacağını düşünmürəm. Əgər neftin qiyməti 40 dollara düşsə, manatın məzənnəsində devalvasiya müşahidə edəcəyik”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR