Banklara son xəbərdarlıq: Nəticə çıxarılacaq? -

7-02-2020, 19:24 228 dəfə baxılıb

Banklara son xəbərdarlıq: Nəticə çıxarılacaq? -


Fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev banklara sərt xəbərdarlıq etdi.

Ölkə başçısı çıxışında bildirib ki, bank sektorunda sağlamlaşdırma prosesi davam etdirilir və davam etdirilməlidir:

“Biz banklara çox böyük dəstək vermişik. Bütün əmanətlər sığortalanıb və bu prosesi uzatmışıq. Hesab edirəm və tam əminəm ki, artıq böhranlı dövr arxada qalıbdır. Ancaq əhalinin banklara inamının artırılması üçün dövlət bu məsələni yenə də öz üzərinə götürür. Azərbaycan nadir ölkələrdəndir ki, bütün bank əmanətləri dövlət tərəfindən sığortalanır. Bu, banklara verilən böyük dəstəkdir, edilən güzəştdir, eyni zamanda onların məsuliyyətini artırır. Əgər banklar tərəfindən, özəl banklar tərəfindən hər hansı bir “sürpriz” olarsa, onlar özlərindən küssünlər. Mərkəzi Banka verilən yeni səlahiyyətlər çərçivəsində nəzarət daha güclü olmalıdır ki, sağlamlaşma prosesi uğurla başa çatsın”.

Prezident onu da qeyd edib ki, iqtisadiyyat artdıqca, iqtisadi vəziyyət yaxşılaşdıqca, uçot dərəcəsi də aşağı düşür:

“Uçot dərəcəsi bu il də aşağı düşübdür, təqribən 7 faizdən bir qədər çoxdur. Əlbəttə ki, özəl banklar da faiz dərəcələrini aşağı salmalıdırlar. Çünki Mərkəzi Bank tərəfindən artıq qərar qəbul edildi, keçən il və bu il uçot dərəcəsi müntəzəm olaraq aşağı düşür. Bu proses davam etdirilir.

Bütövlükdə özəl banklar iqtisadi inkişafımıza təkan verməlidir. Onların işi ancaq oturub pul qazanmaq olmamalıdır. Onlar öz məsuliyyətini dərk etməlidirlər. Dövlət onlara fəaliyyət göstərmək üçün imkan yaradıb, lisenziya verib. Əgər o banklarda hansısa problemlər olarsa, bu lisenziya ləğv ediləcəkdir. Son vaxtlar bir çox bankların lisenziyası ləğv olundu. Onlar bu imkanlardan məhrum olacaqlar. Ona görə məsuliyyətli yanaşmalıdırlar. Heç bir sürpriz olmamalıdır. Onlar biznes-kreditlərə üstünlük verməlidirlər. Mən bunu ilin yekunlarına həsr edilmiş müşavirədə qeyd etdim. Yenə də bu meyil görünməkdədir. İstehlak kreditlərinə üstünlük verilir. Əlbəttə, bu, çox asandır. İstehlak kreditini verir, sonra da faizini alır. Amma bank krediti ölkə iqtisadiyyatı üçün, real sektor üçün, iş yerlərinin yaradılması üçün lazımdır. Ona görə burada mən bir daha göstəriş verirəm, Mərkəzi Bank və aidiyyəti nazirliklər, o cümlədən Nazirlər Kabineti bunu nəzarətə götürsün və mənə müntəzəm olaraq məlumat verilsin ki, biznes-kreditlərinin pay faizi nə qədərdir. İstehlak kreditləri və monitorinq daimi olmalıdır”.

Maraqlıdır, özəl banklar iqtisadiyyatda hansı yeri tutur? Ümumiyyətlə, onların iqtisadiyyata təkan vermə qüvvəsi nə qədərdir?

Bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, bank maliyyə vasitəçisidir:

“Bank bir sıra insanlardan pulları cəlb edir ki, onları iqtisadi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərə versin. Son nəticədə ölkədə olan pullar “yastıq altında” qalmasın və iqtisadi artım olsun. Tutaq ki, kimsə fəaliyyətini genişləndirmək və ya böyük biznes yaratmaq istəyir, amma pulu çatmır. Təbii ki, bank ona pul verir, həmin şəxs biznesini artırmaqla həm də yeni iş yerləri açır. Ümumiyyətlə, iqtisadi artım da, ümum daxili məhsul da bunun nəticəsində artır. Təəssüf ki, yerli kommersiya bankları bunu etmirlər, onlar istəmirlər ki, sahibkarlara uzunmüddətli, aşağı faizlə kredit versinlər. Banklar istəyirlər ki, adi vətəndaşlara qısamüddətli və yüksək faizli istehlak kreditləri versinlər. Bu isə bankların qısa müddət ərzində böyük qazanc əldə etmək istəyindən irəli gəlir. Amma bu yolun axırı yoxdur. Vətəndaşlar haradasa işləyir və əmək haqları artmadığı halda elə bankları doyurmaqla məşğuldurlar. Əgər iqtisadi artım olmasa, əvvəl-axır həmin vətəndaşlar da götürdükləri kreditləri ödəyə bilməyəcəklər. Bu zaman istehlak kreditinin həcminin daha çox olması nəticəsində iqtisadiyyat artmaq əvəzinə, kiçilməyə doğru gedəcək. Bu baxımdan təəssüf ki, Azərbaycanda banklar öz vəzifələrini icra etmirlər. Burada bankların bir güman yeri də var. Ötən il fevralın 28-də Prezident “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərman verdi. Faktiki olaraq dövlət hesabına vətəndaşların bir qisminin banka ödəyə bilmədiyi krediti dövlət bağladı. Bu, sosial narazılığın qarşısını almaq üçün atılmış bir addım idi. Amma bu sosial narazılığı yaradan banklar idi. Banklarda belə bir düşüncə vardı ki, sahibkar sabah krediti qaytara bilməyəndə onun yerinə kim ödəyəcək?! Ancaq bilir ki, dövlət hər bir halda, vətəndaşın sosial problemlərini həll etmək üçün kömək edəcək. Amma artıq Prezident xəbərdarlıq etdi. İnkişaf etmiş dünya ölkələrində vətəndaşın özünü müflis elan etmə hüququ var. Əvvəl-axır Azərbaycanda da belə olacaq. Kimsə kreditini qaytara bilməsə, onlar müflis elan olunacaq və borcu da üzərindən silinəcək. Dövlət üçün də heç bir problem olmayacaq, sosial narazılıq da bununla həllini tapacaq. Vətəndaşa verdiyi krediti yığa bilməyən bank da bağlanacaq. Azərbaycanda 3-4 bankı çıxmaqla əksəriyyəti real iqtisadiyyatın inkişafı üçün demək olar ki, heç bir iş görmür”.

Hüquqşünas onu da qeyd edib ki, bankın lisenziyasının ləğv olunması üçün müəyyən potensial tələblər var:

“Azərbaycanda qanunvericiliyi pozduğuna görə, heç bir bankın lisenziyası ləğv edilməyib. Bankın lisenziyanın ləğv edilməsi üçün kapital, adekvatlıq kimi tələblər də var. Amma Azərbaycanda bir qayda olaraq banklar müflis olduqda lisenziyaları ləğv olunur. Bu da o deməkdir bank öz borclarını qaytara bilmir. Tutaq ki, əmanət yığıb və onu kreditə yönəldib, amma o kreditlər qayıtmır. Təbii ki, bu halda da, bank əmanətləri qaytara bilmir. Bu zaman bank müflis elan olunur, necə ki, bizim bankların çoxu elə bu vəziyyətdir”.

Vəziyyətin nəzarətə götürülməsi üçün aidiyyəti qurumlara göstəriş verildi. Bu xəbərdarlıqdan və tapşırıqdan sonra real sektor vəsaitin ayrılmasında nə kimi dəyişiklik olacaq?

Əkrəm Həsənovun sözlərinə görə, Mərkəzi Bankda kadr islahatı olmasa, bu sahədə heç nə dəyişməyəcək:

“Neçə ki, Mərkəzi Bankın rəhbəri dəyişdirilməyib təəssüf ki, bu tapşırıqlar icrasız qalacaq. Çünki burada əsas rolu Mərkəzi Bank oynayır. Mərkəzi Bank banklara ayrılan vəsaitlərin istiqamətlərinə nəzarət edir, onlara kredit verir. Əgər o, işi düzgün qurmayacaqsa, əlbəttə, bu, yenə də “köhnə hamam, köhnə tas” olacaq. Bank sektorunda indiyə qədər olan problemlərin kökündə elə Mərkəzi Bank durur. Bunu Prezident deməsə də, bunlar qanunda var. Necə ki, Vergilər, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin rəhbərləri dəyişdi, eləcə də Mərkəzi Bankın rəhbəri dəyişməlidir. Biz kadr islahatı olan sahələrdə həqiqətən də real dəyişikliklərə şahid olduq. Bank sektorunda isə heç nə dəyişməyib. İndiki bank sisteminin problemləri hazırkı Mərkəzi Bank sədrinin fəaliyyəti dövründə olub. Ümid edirəm ki, yaxın zamanda Mərkəzi Bankda da kadr islahatı gedəcək”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR