“Fuad Qəhrəmanlıdan şikayət etməyəcəyəm“

2-10-2019, 19:19 79 dəfə baxılıb

“Fuad Qəhrəmanlıdan şikayət etməyəcəyəm“



"İqtidarın haqqımı qorumasına ehtiyacım yoxdur"

Bir müddət öncə qızı tərəfindən ailə üzvlərinə "şiddət göstərməkdə" ittiham edilən, AXCP sədrinin keçmiş müavini Fuad Qəhrəmanlı Baş Prokurorluqda onun barəsində "işə baxılmasından xəbərsizdir".

Fuad Qəhrəmanlının qızı Selcan Yağmur bir müddət əvvəl sosial mediada atasını ailə üzvlərinə "psixoloji və fiziki şiddət göstərməkdə" ittiham edib.
Çərşənbə axşamı günü Baş prokuror Zakir Qaralov deyib ki, Fuad Qəhrəmanlının ailə üzvlərinə qarşı zorakılıq göstərməsilə bağlı "qeyri-hökumət təşkilatlarının müraciəti Baş Prokurorluqda baxılma ərəfəsindədir", yerli media yazır.

Fud Qəhrəmanlının xanımı Zümrüd Yağmur isə BBC News Azərbaycancaya bildirib ki, ailəsində problemlər olsa da, o, həyat yoldaşından "şikayət etməyəcək".

"İqtidarın haqqımı qorumasına ehtiyacım yoxdur"

Baş prokuror Zakir Qaralov Fuad Qəhrəmanlı ilə bağlı vurğulayıb ki, "biz ilk növbədə zərərçəkmişlərin, həm həyat yoldaşının, həm də azyaşlı qızının rəsmi mövqeyini öyrənməliyik. Bundan sonra qanun çərçivəsində qərar qəbul olunacaq".

BBC News Azərbaycancaya açıqlamasında Fuad Qəhrəmanlının xanımı Zümrüd Yağmur deyib ki, o, Baş prokurorun açıqlamasını eşidib, amma buna "ciddi" yanaşmır.

"30 ilə yaxındır vətəndaşa bu qədər haqsızlıq etmiş bir sistemin mənim və qızımın haqqını qoruyacağına inanmıram. Bu iqtidarın haqqımı qorumasına ehtiyacım yoxdur", o deyir.

Zümrüd Yağmur "dövlət tərəfindən ona hüquqlarının qorunması ilə bağlı təklif olunarsa, imtina edəcəyini" bildirib.

Onun fikrincə, insan haqlarını müdafiə etmək istəyən hakimiyyət "sərbəst və azad məhkəmə sistemi" qurmalıdır.

Zümrüd Yağmur əlavə edib ki, ailəsində yaşadığı problemlərlə bağlı şikayətçi olmayacaq.

Fuad Qəhrəmanlı BBC News Azərbaycancaya deyib ki, "ailəsinə qarşı zorakılıq törətməsilə bağlı deyilənlər əsassızdır və detallara varmağı özünə sığışdırmır".

Bir müddət əvvəl AXCP sədrinin keçmiş müavini Fuad Qəhrəmanlının qızı Selcan Yağmur Facebook sosial şəbəkəsində atasının ona anası və bacısına fiziki və psixoloji şiddət göstərməsi ilə bağlı status yazıb.

Fuad Qəhrəmanlı qızının "aralarında yaşanan kiçik narazılığı böyütdüyünü", "həbsdə olduğundan qızlarının tərbiyəsində iştirak etmədiyi üçün" belə halların yaşandığını bildirmişdi.

Selcan Yağmur isə BBC News Azərbaycancaya müsahibəsində bildirib ki, zorakılıq barədə danışmağı özünün sosial borcu hesab edir.

Fuad Qəhrəmanlı 2015-ci ilin dekabrında Nardaran hadisələrindən sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə həbs olunub. O, bu ilin mart ayında əfv fərmanından sonra azadlığa çıxıb.

Fuad Qəhrəmanlı bu məsələ ətrafında yaranmış qalmaqaldan sonra AXCP sədrinin müavini postundan istefa verib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR