“Siyasi radikallar silaha əl atacaq...”

2-10-2019, 18:30 33 dəfə baxılıb

“Siyasi radikallar silaha əl atacaq...”

Bəlkə də kobud səslənəcək, amma son günlərdə tanınmış simalar arasında səmimi müsahib tapmaqda əməlli-başlı əziyyət çəkirəm. Bizim cəmiyyətdə səmimiyyətə hərə bir don biçir. Amma mənim üçün səmimi insan “səmimiyəm” deyib, aləmə car çəkən yox, söhbət zamanı səmimiyyətini qarşısındakı insana ötürəndir. Müsahibənin yaxşı və uğurlu alınması üçün müsahibin səmimi olması vacib amillərdən birincisidir. Həmsöhbətim “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, politoloq, şair Elçin Mirzəbəylidir:

- Sizi bu qədər gülərüz və səmimi təsəvvür etmirdim. Özümü daha çox standart məmur obrazına kökləmişdim...

- Uzaqdan belə görünürəm (gülür). Bu da sadəcə mənim obrazımdır. Amma qondarma formada yaratmamışam bu obrazı. Səmimiyəm, təbii ki, bəlli bir mərhələyə qədər. İfrat səmimiyyət sadəlövhlükdür. İnsanlar arasında hansı peşənin sahibidir, kimdir deyə, xüsusi fərq qoymuram... Xadimədən tutmuş, daha yüksək vəzifədə olan insana qədər hamıya qarşı eyni münasibətdəyəm. Mənim qarşımda peşə sahibi deyil, şəxsiyyət dayanır.

- Telefon danışığımız zamanı “siyasətdən danışmayaq, mən zorən siyasətçiyəm” demişdiniz. Bunu necə izah edə bilərsiniz?..

- Əslində, bu açar söz idi. Zorən siyasətçi dedikdə həyatın diktə etdiyi formada siyasətçi olmuşam. Mən 1984-cü ildə ali məktəbə daxil oldum. Bitirdikdən sonra əsgərliyə getdim. Əsgərlikdən qayıdandan sonra artıq Azərbaycanda Milli Azadlıq hərəkatı başladı. 1988-ci ildə ermənilər Dağlıq Qarabağın Azərbaycandan qoparılmasını istəyirdilər. Bunun üçün artıq hərəkətə keçmişdilər. Azərbaycanda bunun etiraz dalğasını təşkil etmək lazım idi. O prosesin içərisində mən də yer aldım. Mənim həmin dövrdə siyasətçi olmaq fikrim yox idi. Ümumiyyətlə, Sovet dövründə siyasət anlayışı yox idi. Çünki çoxpartiyalı bir sistemin olmadığı yerdə siyasət ola bilməzdi. Orda hər şey mərkəzdən müəyyənləşirdi. Diskusiyaya, müzakirəyə ehtiyac yox idi. Yuxarıdan nə deyilirdi, o da icra olunurdu. Biz bəlli bir məktəb keçmişdik ki, o məktəb bizi zorla gətirib siyasi proseslərin içərisinə atdı. Əslində isə heç kim bunu arzu etmirdi. Çünki mənim tanıdığım siyasətçilər vardı ki, yaxşı hüquqşünas olmaq istəyirdi, bir başqaları yaxşı incəsənət xadimləri olmaq istəyirdilər. Amma həyat, həmin dövrün şərtləri məcbur elədi ki, kimlərsə önə çıxısınlar. Bu gün əksər siyasətlə məşğul olan insanlar kimi məni də tarix, zaman proseslər, hadisələrin gedişatı gətirib siyasətə çıxartdı.

- Siyasətçi kimi maraqsız müsahibəm deyirsiniz...

- 30 il insan siyasətlə məşğul olursa, onun bir formalaşmış yapısı meydana gəlir. Tutumunu bilir, artıq ifadələr işlətmir. Siyasətə girsək, siz məndən ancaq standart, analatik təhlillər alacaqsınız. Mən sizə ictimai rəyin diqqətini cəlb edəcək fikirlər söyləməyəcəm. Çünki mən siyasətdə şoumen deyiləm. Sizə xüsusi proqnozlar verməyəcəm ki, maraq doğursun. Proqnozun arxasında təhlil dayanmalıdır. Təhlil yoxdursa, bu artıq falçılıqdır. Ona görə də mən real situasiyanı şərh edəcəm. Bizim cəmiyyət də real situasiyanı sevmir, obyektiv dəyərləndirməni xoşlamır. İstəyirlər ki, yalan danışasan. Şou xarakterli informasiyalar verəsən ki, diqqəti cəlb edəsən...

- Hadı Rəcəbli kimi?

- Hadı Rəcəbli əslində, düzünü danışır. Sadəcə olaraq onun fikirlərini kontekstdən çıxarıb təqdim edirlər. Adam deyir ki, 65 yaşına çatan adamları işdən çıxarmasınlar. Həm işləsin maaş alsın, həm də pensiya alsın. Fikrini izah da edir, amma o izahatı vermirlər. Çünki mətbuata izahat lazım deyil. Bu arada, bu həftədəki qonaqlarımdan biri Hadı Rəcəbli idi. Pensiyada yaş həddi ilə bağlı qalmaqallı fikirlər səsləndirib, indi özü də narahatdır ki, aləm qarışacaq (gülür). Düşünürəm ki, Hadı Rəcəbli mövqeyində səmimidir. Qəbul etdiyi qanuna uyğun danışır, ən azından.

- Son günlərdə uşaq pulu ətrafında mübahisələr yaşanır. Siz nə düşünürsünüz bu barədə?

- Bu məsələlərlə bağlı korrupsiya faktları var. Bu tərəfləri də var ki, maksimal dərəcədə imkanı olan şəxsə də ciddi sosial problemi olan şəxsə də uşaq pulu veriləcək. Mənə elə gəlir ki, bu məsələ ətrafında mübahisənin səbəbi bu problemdir.


“Biz cəmiyyət olaraq çox naqisik”

- O meyarları necə müəyyənləşdirəmək olar?

- O meyarları müəyyənləşdirmək mümkün deyil. Xüsusilə də Azərbaycanda. Mən bu cəmiyyətin hər üzünü görən insanam. Vaxtilə kinoteatr direktoru olmuşam. Bizim yanımızda məcburi köçkünlərə sosial yardım paylanılırdı. Onlar hər biri bizim bacımız –qardaşımızdı. Bu, öz yerində. Amma mən ora sosial yardım almaq üçün gələn insanlar gördüm ki, bahalı maşınlardan düşürdülər. O qədər naqis cəhətləri olan bir cəmiyyətik ki... Bu naqislik haradan qaynaqlanır, özüm də bilmirəm. İdeal cəhətlərimiz də çoxdur, amma naqis tərəflərimiz ifrat dərəcədədir.

- Ölkədə ciddi sosial bərabərsizlik var... Bunu hiss edirsinizmi?

- Biz sosial dövlətdən çıxmışıq. Ona görə də sosial bərabərsizlik hər zaman olacaq. Bazar iqtisadiyyatının tənzimlədiyi münasibətlər necə ola bilər ki? Bir şeyin ki, adı bazardır. Amma insanlar üçün öz bacarıq və istedadlarını büruzə verməsi üçün imkanlar yaradılmalıdır. Hər kəsə şans verilməlidir ki, o öz işini qura bilsin. Hətta Sovet dövrünün özündə belə partiya komitəsində yaşayan insanlar adi insanlardan daha yaxşı yaşayırdı. Halbuki heç bir işlə məşğul deyildilər. Bütün günü kabinetdə oturub siçovul qovurdular.

- Çap mediasının vəziyyəti məlumdur. Belə bir durğunluq dövründə hələ də həvəslə qəzet çıxarırsınız. Oxunurmu qəzetiniz?

- Oxunur deyəndə ki, bizim öz kontingentimiz var. Əlbəttə oxunur. Oxunmasa biz bunu çıxartmarıq. Təbii ki, əvvəlki səviyyədə deyil, bunu hamı bilir. Amma internetə salnamə kimi yanaşmaq olmaz. İnternet çökə bilər. Biz poliqrafiya ilə bağlı problemlərimizi həll edə bilməmişik. Dünyanın bu saat heç bir ölkəsində ağ-qara qəzet çıxmır.

- Online media ilə, televiziyalarla bağlı nə düşünürsünüz?

- Mətbuatla bağlı ideal gözləntim yoxdur, nə varsa cəmiyyətin aynasıdır.

- Bayağılığı aradan qaldırmaq üçün nə isə etmək lazım deyil?

- Cəmiyyət də o səviyyəyə gəlib çatmalıdır. Siyasi bir verilişə əhalinin 4 -5 faizi baxır. Amma bayağı deyilən verilişlərə əhalinin 70-80 faizi baxır. Reklamçılar da ora pul verir. Çünki bu şirkətlər də yaşamalıdır. Media necə yaşasın bəs? Bu gün cəmiyyətdə hər kəs Azərbaycan mətbuatından nə isə gözləyir. Gözləyir ki, jurnalist fədakarlıq eləsin. Bəs sən nə zaman fədakarlıq edəcəksən? Sən cibindən 50 qəpik çıxarıb qəzet aldınmı ki, mətbuatdan fədakarlıq gözləyirsən. Bəs sən nə zaman cəmiyyətin inkişafı üçün çalışacaqsan? Hər kəs əlini cibinə qoyub oturub gözləyir ki, media nə isə yaradacaq, telekanallar nələrsə edəcək. Dəyişməliyik yüksək peşəkarlıq olmalıdır, bunlarla razıyam. Amma peşəkarlıq təhsildən başlayır, telekanalada formalaşmır. Formalaşa- formalaşa gəlib yaxşı rejissor olur, yaxşı operator olur. Bu gün özümüz Avropa ölkələrinin telekanaları ilə müqayisə edə bilmərik. Media industriyadır. Bizdə media indisturiyaya çevrilməyib hələ. Cəmiyyət həm maairfləndirmə işinin aparılmasını tələb edir, həm də yaşa pul qazan deyir. Məgər maarifləndirici nə isə yazanda oxuyurlar? Oxumurlar axı. Gedib hansısa xanım müğənnini ətəyi barədə düşünürlər. Qəbul edək ki, 90 faizimiz belədir. Heç kim özünü təmizə çıxartmasın. Biz hansı xəbər başlıqlarının, nələrin oxunduğunu çox gözəl bilirik. Bunun içində nəfəs alırıq. O xəbərləri oxuyub sonra da mətbuatdan maarifləndirici yazı, veriliş tələb edirlər. Hər kəs birinci özünü, düşüncələrini dəyişməlidir.

“Bir çox müğənnilərdən yaxşı oxuyuram”

- Müsahibələrinizin birində “heç kimə bəlli olmayan sahədə bacarığım var” demişiniz. Bilmək olarmı o hansı sahələrdir?

- O barədə danışmayaq. Çünki cəmiyyətin önündə o tərəflərimin açıqlanmasını istəmirəm. Amma birini deyə bilərəm: gənclik və tələbəlik illərimdə xüsusilə də Sankt-Peterburqda təhsil aldığım dövrlərdə kiçik heykəlciklər düzəltməyi çox sevərdim. Taxtadan fiqurlar yonmağı xoşlayırdım.

- Səsiniz necə, var?

- Musiqi duyumum var. Nə isə oxuyanda doğru oxuyuram. Çünki vokal dərsləri keçmişəm. Vokalı bilirəm. Adi insanlardan, hətta bəzi müğənnilərdən daha yaxşı oxuyuram. Amma bu o demək deyil ki, mahnı ifa etmək istəyim olub.

- Şair kimi şeirləriniz çox bəyənilir, sevilir. Amma siyasətçi kimi sevilmirsiniz. Bunun səbəbi nədir?

- Səbəbi əslində, çox sadədir. Siyasi proseslərdə konkret olaraq bizim düşüncəmizə görə iki tərəf var. Azərbaycanda siyasi institutların formalaşması prosesi tam başa çatmayıb. Çoxpartiyalı sistem tam formalaşmayıb ki, o adamlar ideyalar üzərində qurulan partiyaları, fərqli düşüncə sahiblərini görsünlər. Bu gün hakimiyyət var, mövcud iqtidar və müxalifət var. Bir də radikal mövqedə dayanıb, hakimiyyətin bütün addımlarını kəskin şəkildə pisləyən, eyni zamanda təkcə hakimiyyəti deyil, bütöv dövləti hədəfə alan qruplar var. Mən xaraktercə mərkəzçiyəm. Mərkəzçiləri adətən sevmirlər. Çünki mərkəzçilərin funksiyası adətən cəmiyyətdə həmrəyliyi qoruyub saxlamaqdan ibarətdir. Mərkəzçilər cəmiyyətdə olan problemləri onların çıxış yollarını göstərməklə dilə gətirirlər. Əlimizi yuxarı qaldırıb hay-küy salmırıq, söyüş söymürük ki, bizi aqressiv insanlar daha çox sevsinlər. Mən onların sevməsi üçün siyasətlə məşğul olmuram - heç sevməsinlər. Mən hakimiyyətin xoşuna gəlmək üçün susmuram. Siyasətçi kimi təbii ki, bir qrup məni sevməyəcək. Onların məni sevməməsi normaldır. Çünki mənim kimi insanların yaratdığı mədəni azərbaycanlı siyasətçi obrazı onların cəmiyyətə təqdim etdiyi radikal aqressiv, gözündən kin püskürən siyasətçi obrazını üstələyir və cəmiyyətdə təşəkkül tapmasına imkan vermir. Baxın, biz Qərbi Avropada dini müstəvidə baş verən proseslərə nəzər salaq. Dini radikalizmdən İŞİD törədi. Siyasi radikalimzdən də əslində, İŞİD-dən fərqlənməyən qruplar törəyəcək. Silahlara əl atacaqlar, insanların gələcəyini şübhə altına alacaqlar. Çünki onlar hadisələri emosional şəkildə dəyərləndirməkdən başqa planlı şəkildə həll etməyi, cəmiyyətin gələcəyini görməyi bacarmırlar. Azərbaycanda ziyalı siyasətçi obrazı sevilmir.

- Son illərdir, məmur vətəndaş münasibətlərində bir uçurum yaranıb. Məmur xalqın sevimlisinə çevrilmək üçün nə etməlidir?

- Məmur xalqın sevimlisinə çevrilmək üçün heç nə etməli deyil. Bu gün Azərbaycanda xalqını, dövlətini sevən təmənnasız xidmət göstərən insanlar var. Azərbaycanda məmura yüksək əmək haqqı verilməlidir ki, gözü onun-bunun cibində qalmasın. Yenə də o fikirlə razı deyiləm ki, hamı məmura qarşı aqressiya ilə yanaşır. Aqressiya ilə yanaşanlar var. Bunların arasında haqlı olanlar da var, haqsız olanlar da. Ümumi bir problemdir bu. İnsanlar nə axtarırlar? Yaxşı həyat tərzi və ədalət. Bəzən kiçik bir məmurun ədalətsizliyi nəticə etibarı ilə bir insanın onun ailəsinin dövlətin ədalətinə olan münasibətinə kölgə sala bilir. Məmur olmaq, həm də bir mənəvi məsuliyyətdir. Hər kəsdən dövlətçilik təfəkkürü tələb etmək olmaz. Kimsə gözləyirsə ki, qısa müddət ərzində Azərbaycan məmurlarının hamısının obrazı ideal olacaq. Bu olmayacaq. Birinci növbədə özümüzdən başlamalıyıq. O məmurdan şikayət edən adam övladının böyüyüb məmur olub, rüşvət almasını təbliğ etməməlidir. O ideya ilə yaşamalı deyil. Cəmiyyət özü idealist olmalıdır ki, məmurdan idealistlik gözləsin. Azərbaycanda ailələrin təfəkkürü dəyişməlidir. Bu gün əslində, hər kəsin məmur olması üçün imkan yaratmaq lazımdır, özəl sektorlar gücləndirilməlidir. Cəmiyyətin özünün də bu məsələlərə qarşı bir marağı olmaldır. Oturub Sovet dövründən qalma fikirlərlə –ayın axırı gəlsin maaşımı alım ailəmi saxlayım –yaşamaq da düzgün deyil. O dövr bitdi... Sən anlamalısan ki, bazar iqtisadiyyatı dövründə yaşayırsan. Şərtlər ağırdır, sərtdir.

- Axı imkan vermirlər... Balaca bir dükan açırsan başına on idarədən məmur toplanır.
- Bu məsələlərə hüquqi yol ilə müqavimət göstərmək lazımdır. Biz, demək olar ki, ağır günləri, bəlli mərhələləri keçmişik. Bu gün bizi başqa dövlət quruluşları ilə müqayisə etmək doğru olmaz. Ölkənin ərazisinin 20 faizi işğal olunub. Dörd tərəfdən basqı var, hər tərədən əlində olanı almaq üçün gözünü çıxartmağa hazır olan qüvvələr var. Bununla belə sən ayaq üstdə qalırsan və bu yerlərə gəlib çıxırsan. Mən nəticəni yaxşı qiymətləndirirəm. Bundan daha yaxşı ola bilərdikmi? Əlbəttə ola bilərdik. Edə bilməmişiksə, bu millətimizin potensialından irəli gələn məsələdir. Kənarda düşmən axtarmağa gərək yoxdu. Bunu bacarmışıq bunu da etmişik. Amma daha yaxşısını bacaracaq gəncliyimiz formalaşır Avropada təhsil alan gənclər dəyişəcəklər bu ölkəni. Mən buna ümid edirəm.

“Yazıçılarımızın çoxunda meşşan həyatı yaşayır, əsərlərindən spirt qoxusu gəlir”

- Sözünüzdən belə başa düşdüm ki, xalq olaraq tənbəlik...

- Zəhmətkeş insanlarımız da az deyil. Amma ümumi götürəndə tənbəlik, bəli.


- Bu tənbəllik ədəbiyyat adamlarında da özünü göstərir sanki. Son günlərdə yazıçılar, şairlər yaman giley-güzarlı çıxışlar edir.

- Ağlım kəsəndən bəri giley- güzarı başa düşməmişəm. İndiyə qədər kimsənin qapısını döyüb, kimsədən kitablarımı çap etməsi üçün yardım gözləməmişəm. Oturub gözləməmişəm ki, Azərbaycan Yazıçılar Birliyində nə vaxtsa kiminsə insafa gələcəyi təqdirdə istedadımı dəyərləndirərək məni təqaüdə salacaq. Bu fəlsəfədən əl çəkmək lazımdır. Dünyanın əksər ölkələrində ədəbiyyat gəlir mənbəyi deyil. Ədəbiyyata iş yeri kimi baxmaq olmaz. Şairlik, yazıçılıq peşə deyil.

Peşə səviyyəsinə gəlib çatmaq üçün bir mərhələ var. O mərhələni keçməlisən. 10 milyonluq bir ölkədə, 1000 tirajla kitab satıb sən həyatını təmin edə bilməzsən. Dünya miqyasına çıxarsansa, hardasa sənin kitabların tərcümə olunub yüksək tirajlarla satılarsa o zaman bu iş peşəyə çeviriləcək. Şair, yazıçı yaradıcılığa müəyyən bir dövrə qədər hobbi kimi yanaşıb, öz işi ilə məşğul olmalıdır. Ədəbiyyat adamı ailəsini özü dolandırmağı bacarmalıdı. İşləməlidir, çalışmalıdır - hamı necə o da elə. Şeir yazmaq insana xüsusi imtiyaz vermir. Sadəcə səni sevirlər. Bu gün mənim üçün bundan böyük dəyər yoxdur. Bizim keçdiyimiz dövrlər daha bərbad idi. Onda gərək, mən bütün günü oturub ağlayardım. Yaradıcılığımızın bir hissəsini gözümüzün qabağında oğurlayıblar. Susmuşuq, amma mübarizəmizi dayandırmamışıq. Biz indikilərə baxanda gələcəyə daha nikbin yanaşmışıq.
İndi şairlərin bir hissəsi əyyaşlığı, meşşan həyatı özünə şüar seçir, müasirlik kimi qələmə verir. Amma o şeirlərin çoxundan elə meşşanlığın qoxusu gəlir. Əsərləri spirt qoxusu verir. Sevgi yoxdur şeirlərdə. Aqressiya var.

- Müasir Azərbaycan ədəbiyyatının gələcəyinə ümid bəsləmək olarmı?

- Gənclərimizin arasında kifayət qədər istedadlı ədiblər var. Onlar heç də daha əvvəlki ədəbiyyat adamlarımızdan aşağı səviyyədə deyil, hətta üstündür deyə bilərəm. Azərbaycan dili mükəmməlləşib cilallanıb. Artıq bir bənddə ifadə olunan fikirləri əvvəlki şairlərimiz bir poemada ifadə edirdilər və indikindən daha bəsit formada. Ədəbiyyatda kamilləşmə gedir. Qadın poeziyası inkişaf etməkdədir. Bu baxımdan mən ədəbiyyatımızın gələcəyinə nikbin yanaşıram.

- Ürək və yazmaq arasındakı körpü nədir sizə görə?

- Şüur. Ürək və yazmaq arasına üçüncünü əlavə etməsək, ortaya bir şey çıxmayacaq. İntellekt yoxdursa, ürək nə qədər emosiya ilə dolu olur olsun, onu şeirə çevirə bilməyəcəksən. Bəsit bir şey çıxacaq ortalığa. Qoşmlar, dördlüklər kimi. Azərbaycanda ştatlı ədəbiyyat adamları var hansı tədbirə gedirsən, ancaq onları görürsən. Hamısı da bir-birinə bənzəyən şeirlər yazırlar. Bax elə bir şey çıxır ortalığa.

- Yazdıqlarınızı yaşamışınız, yoxsa yazdıqlarınız yaşantıya çevrilib?

- İnsan bir kompleks varlıqdır. Kompleks varlığın da xatirələri, yaşadığı dərin təəssüratları, keçdiyi yollar var. Onlar formalaşıb sənin şeirlərinə çevrilə bilir. Adi bir şeydən tamamilə fərqli gözləmədiyimiz bir şeir yarana bilər. Bu, bir ağac budağı da ola bilər, bir qələm də ola bilər, xəzan yarpağı da... Mənim bir şeirim var “Sən hardan bilirsən tənhalıq nədir”. Mən o şeiri balaca bir qızcığazın obrazından götürüb yazmışam. O obraz mənə qığılcım verib ürəyimdə o qızla söhbət etməyə başlamışam.

- Sizin düşüncənizdəki tənhalığın təsviri necədir?

- Kimsəsizliyin son nöqtəsinə çəkilmək. Amma bu, faciə deyil. Bəzən insan özü yalnız qalmaq istəyir. Yükləndiyim anlarda, ətrafımda neqativ hadisələr baş verəndə tənha qalmaq istəyirəm mən də.

- Elçin Mirzəbəylinin səbri nə zaman daşır?

- Səbirliyəm. Səbrimin daşan vaxtlarında çalışıram bunu insanlar arasında büruzə verməyim. Amma haqsızlığa qarşı çox sərt şəkildə rəftar edirəm. Haqqımı tapdalayan olsa, onun cavabı çox sərt ola bilər.

- Əlinizin duzu var?

- Həm var, həm yoxdur. Amma bu barədə düşünmək lazım deyil. İnsan kiməsə yaxşılıq edirsə qarşılıq gözləməməlidir. Mən heç vaxt nə isə elədiyim insanlardan qarşılıq almamışam. Amma heç nə etmədiyim insanlardan çox böyük dəstək görmüşəm.

- Azərbaycan ədəbiyyatında ideal qadın obrazı varmı?

- Vaxtilə Anar “Beşmərtəbəli evin altıncı mərtəbəsi”ndə stereotipləri özünəməxsus formada dağıtdı. Mən razıyam, razı deyiləm bu başqa məsələdir. Mən də o stereotiplərin əleyhinəyəm. Obraz necə varsa elə olmalıdır. Ümumiyyətlə, qadına yanaşmada bir zəriflik hiss etdirmək lazımdır. Amma söhbət Azərbaycan qadının nümunəvi obrazından gedirsə, mənim arzu etdiyim ideal qadın obrazı yoxdur ədəbiyyatda. Amma həyatda arzuladığım ideal qadın obrazı mənim evimdədir (gülür).

- Qadını şeirlərdə öldürücü qüvvə kimi təqdim edirlər. Bu yanaşma poeziyada nə zaman bitəcək?

- Ümumiyyətlə, qürursuz olan heç nəyi xoşlamıram Sevgi üçün ağlayan kişiləri də qadınları da sevmirəm. “Öldüm bitdim” dövrü geçdi artıq. Düzdü hansısa mərhələlərdə məndə də belə şeirlər olub. Bu da poeziyanın axarının təsirindən meydana gələn şeirlərdir.

- Mən sənin hər gecə yuxularında

Tapıb itirdiyin adamam, qadın

- Bu da var...

Hər gün baxışınla açılsın səhər

Ensin gözlərimə şüa yerinə

Mən sənə Tanrının əmanətiyəm

Al oxu hər gecə dua yerinə

Mənim aləmimdə sevgi duadır və hər kəs sevdiyi qadını dua kimi qəbul etməlidir.


- Elçin Mirzəbəyli ən çox nədən qorxur?

- Əslində, hər kəsin qorxduğu çox şey var. Özüm üçün heç nədən qorxmuram, doğmalarımla bağlı qorxularım var. Bir dəfə ədəbiyyatdan uzaq bir dostum mənə dedi ki: “Elçin, bilirsən əsl həqiqət hardadı: Əsl həqiqət şalvarı cırılan uşağın ayaqlarındadır”. Mən cırıq ayaqqabıdan çıxan barmağın üşüməsindən qorxuram.

BakuPost


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR