Əhaliyə Dəstək Fondu yaradılsın, qida, otelçilik sektoru ƏDV-dən azad olunsun - DEPUTATDAN HÖKUMƏTƏ TƏKLİF

19-03-2020, 16:18 248 dəfə baxılıb

Əhaliyə Dəstək Fondu yaradılsın, qida, otelçilik sektoru ƏDV-dən azad olunsun - DEPUTATDAN HÖKUMƏTƏ TƏKLİF

Koronavirusun törətdiyi fəsadların aradan qaldırılması üçün hökumət təcili təkliflər planı hazırlamalıdır.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov 2019-n CoV virusunun iqtisadiyyata vurduğu zərərlər barədə danışarkən bildirib.

Deputat deyib ki, xüsusilə qida sektoru, otelçilik müəyyən müddətə ƏDV-dən azad olunmalıdır:

“Bunun üçün 3-6 ay müddət müəyyənləşdirilə bilər. Hazırda ən çox zərər otel sektoruna dəyib. Faktiki olaraq otellər bağlanıb və əməkdaşları evə buraxılıb. Bunun üçün ödəmələrə baxmaq lazımdır.

Həmin otellərin ödəmələrinin gecikdirilməsinə güzəşt edilməlidir. Əgər obyekt işləmirsə, o ödəmələri haradan edə bilər?

Eyni zamanda, sahibkarların aldıqları biznes kreditlərinin ödənilməsini 3-6 ay müddətinə dondurmaq lazımdır”.

V.Əhmədov koronavirus təhlükəsinin fəsadlarının aradan qaldırılması üçün əhaliyə dəstək fondunun yaradılmasını da təklif edib:

“Büdcədən həmin fonda vəsait ayrılmalıdır ki, hazırda işsiz qalan, köməyi olmayan, muzdla işləyənlərə yardım edilsin. Hansı sahibkarlıq subyektləri ki, koronavirusa görə bağlanıb, fəaliyyəti dayandırılıb, onlar vergidən azad olunmalıdır.

Eyni zamanda, elə işləyən müəssisələr var ki, onlara əlavə vəsaitlər ayrılmalıdır ki, problem yaranmasın”.

Millət vəkili hazırkı durumda minimum pensiyaların artırılmasının vacibliyini də vurğulayıb:

“Ehtiyaclı kateqoriyanı xüsusilə diqqətdə saxlamaq lazımdır. Koronavirus təhlükəsinin nə qədər davam edəcəyini heç kim proqnozlaşdıra bilmir. Ona görə də hərəkətə keçmək lazımdır. Cənab Prezident tibb işçilərinin əməkhaqlarına 3-5 misli məbləğində əlavələrin müəyyən edilməsi təqdirəlayiqdir.

Hazırda təkliflərin icrasını tezləşdirmək lazımdır ki, insanlar maddi cəhətdən əziyyət çəkməsinlər”.

İqtisadçı deyib ki, bu təkliflərin realizə olunması üçün kifayət qədər ehtiyat var:

“Neftin qiyməti kəskin düşsə də, bizim kifayət qədər ehtiyatlarımız var və bundan istifadə etmək olar.

Söhbət milyardlardan deyil, 150-200 milyon vəsaitdən gedir. O vəsaitləri ayırıb əhaliyə kömək fondu yaratmaqla problemləri qabarmadan vəziyyətdən çıxa bilərik”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR