Nikolun təhlükəli mövqeyi: Bakı müharibəyə başlaya bilər

12-09-2018, 13:07 667 dəfə baxılıb

Nikolun təhlükəli mövqeyi: Bakı müharibəyə başlaya bilər
Ermənistanın Baş naziri Nikol Paşinyan ziddiyyətli və qalmaqallı Qarabağ açıqlaması ilə bağlı analitik Elçin Mirzəbəylinin Axar.az-a müsahibəsi:

- Birinci dəfədir ki, Ermənistan tərəfindən Dağlıq Qarabağın ətrafındakı 7 rayonun da ümumilikdə “Dağlıq Qarabağ ərazisi” hesab edilməsi ilə bağlı iddia səslənib. Erməni tərəfinin belə çıxışına səbəb nə idi?

- Paşinyan bir gün ərzində bir neçə dəfə fikirini dəyişib. Gah Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin zəruriliyini vurğulayıb və Dağlıq Qarabağı Ermənistan ərazisi kimi qəbul etdiyini deyib. Gah Azərbaycanla konstruktiv danışıqlara razı olduğunu bildirib və qeyd edib ki, Azərbaycan güzəştə hazırdırsa, Ermənistan da hazırdır. Moskvada isə 7 rayonun Dağlıq Qarabağın “konstitusiya”sına əsasən məhz həmin separatçı bölgəyə aid olduğunu bildirib. Göründüyü kimi, Paşinyanın açıqlamaları tamamilə bir-biri ilə ziddiyyət təşkil edən fikirlərdir. Bu da onu sübuta yetirir ki, Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hər hansı bir düşüncəyə malik deyil. Ümumiyyətlə, onun xarici siyasətlə bağlı yol xəritəsi yoxdur ki, hansı istiqamətdə irəliləyəcək. İndiki şəraitdə o, yalnız ictimai rəyə hesablanmış populist bəyanatlar verməkdədir. Paşinyanın bu cür bəyanatlar səsləndirməsinin bir neçə səbəbi ola bilər. Əvvəla, bu bəyanatlar Ermənistandakı daxili vəziyyətlə bağlı verilə bilər. Bu, Paşinyanın Ermənistana qayıtdıqdan sonra da verdiyi bəyanatlarda özünü büruzə verdi. İnqilabdan sonra onlara qoşulan siyasətçiləri və parlamentariləri xəyanətkar elan etdi. O, parlamentdə müəyyən proseslərin getdiyini bildirdi. Bu prosesdə inqilabdan sonra ona qoşulan insanların artıq fərqli bir mövqe sərgiləməyə başladığını qeyd etdi. Bu da çox güman ki, Daşnaksütyun və Çarukyan Bloku haqqında səsləndirilən fikirlərdir. Həmçinin, onların Respublikaçılar Partiyası ilə birlikdə aktivləşdiyinin göstəricisidir. Belə olduğu təqdirdə Paşinyan radikal bəyanatlar verməklə diqqəti bu proseslərdən yayındıra və yaxud Respublikaçılar Partiyası və digərlərinin Dağlıq Qarabağ üzərindən ona qarşı irəli sürəcəyi ittihamların qarşısını ala biləcəyini düşünür. Digər bir faktor Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Rusiyaya səfəri və səfər çərçivəsində əldə olunan nəticələrlə bağlıdır. Bildiyiniz kimi, imzalanan sənədlər, verilən bəyanatlar Azərbaycan-Rusiya münasibətlərində tamamilə fərqli bir mənzərənin başlanmasını nümayiş etdirdi. Dərhal erməni mətbuatında Azərbaycanla Rusiya münasibətlərinin yaxşılaşdığı və bunun Dağlıq Qarabağ məsələsinə ciddi təsir göstərəcəyi xüsusi olaraq qeyd olundu. Və bildirildi ki, Paşinyanın Rusiya ilə münasibətləri kəskinləşdirməsi fonunda Azərbaycan prosesi ələ almağa başlayıb. Bu, nəticədə şübhəsiz ki, Azərbaycan torpaqlarının işğaldan azad olunması üçün əlverişli şəraitin yaranmasına gətirib çıxaracaq. Bu aspektdən də Paşinyan ən sərt, radikal bəyanatlar verməklə istənilən formada olan mexanizmin üzərindən xətt çəkməyə və Ermənistandakı ictimai rəyi dəyişdirməyə çalışır.

- Paşinyanın Qarabağla bağlı bu təzadlı açıqlamasının ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin və digər üzvlərinin reaksiyası necə olacaq?

- Bu məsələyə sırf hüquqi müstəvidən və yaxud regional maraqlar müstəvisindən yanaşsaq, bunun hər hansı bir formada izahını tapa bilmərik. Daha öncə də qeyd etdiyimiz kimi, Ermənistanın bundan öncəki rəhbərliyi 7 rayonun Azərbaycan ərazisi olduğunu bildirirdilər və o rayonların faktiki olaraq, işğal altında olduğunu qəbul edirdilər. Eyni zamanda, beynəlxalq sənədlərdə də bu amil öz əksini tapıb və müzakirə mövzusudur. Həmçinin Dağlıq Qarabağın da Azərbaycan ərazisi olması beynəlxalq hüququn prinsplərinə uyğun olaraq qəbul edilir. Bununla yanaşı, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr var. Bu qətnamələrdə 7 rayonun işğaldan qeyd-şərtsiz azad edilməsi ilə bağlı müddəalar var. Paşinyanın bu mövqeyi BMT Təhlükəsizlik Şurasının qərarlarının şübhə altına alınmasıdır. Başqa bir məsələ Minsk prosesi ilə bağlıdır. Bu yanaşma tərzi bütövlükdə Minsk prosesinin sıradan çıxmasını və davam etdirilməsinin heç bir mənasının olmadığını göstərir. Şübhəsiz ki, belə bəyanatlar hərbi əməliyyatların yenidən başlanılması, hətta daha geniş miqyasda həyata keçirilməsi perspektivini ortaya qoyur. İndiki şəraitdə Ermənistanın bu provakativ addımlarının arxasında hansısa xarici maraqların dayandığını, yaxud dayanmadığını söyləmək çətindir. Ola bilsin ki, bu təxribat xarakterli mülahizlərdir və məqsədyönlü şəkildə ortaya atılıb. Amma bütün bu prosesin nəticə etibarilə Paşinyanın özünə hər hansı bir uğur gətirəcəyini düşünmürəm. Prosesin özü Paşinyanın küncə sıxılmasına gətirib çıxaracaq. Bu, Ermənistandakı daxili proseslərlə də özünü qabarıq şəkildə büruzə verməkdədir. Ziddiyyətli bəyanatlardan yalnız bu qərara gəlmək olar ki, Paşinyan yenə də ənənəvi qaydada kütləyə xitab edir, o, sadəcə indiki şəraitdə kütlənin dəstəyini qoruyub saxlamaq və seçkilərə qədər vaxt qazanmaq niyyətindədir. Çünki hazırda proseslərin gedişi onu çox ağır durumda qoyub. O, bir tərəfdən xarici təzyiqlər qarşısındadır, digər tərəfdən siyasi rəqiblərinə qarşı atdığı addımları həyata keçirmək gücündə deyil. Hər dəfə bu prosesdə boşluq yarananda, hər dəfə Paşinyan geri çəkiləndə onun ictimai rəydə formalaşdırılan obrazı kifayət qədər ciddi zərər görür. Bu da nəticə etibarı ilə Ermənistanda yeni proseslərin baş verməsinə zəmin yaradır.

- Paşinyanın Qarabağın Ermənistanın bir hissəsi olması ilə bağlı səsləndirdiyi fikirlər gələcəkdə ona qarşı hansısa sanksiyaların tətbiqinə imkan yarada bilərmi?

- Bəlli deyil ki, Paşinyan Rusiya prezidenti ilə görüşündə hansı mövqe ortaya qoyub, yaxud hansı öhdəlikləri götürüb. Yəni Paşinyan özünün tam etimadsız bir tərəfdaş obrazını faktiki olaraq göstərir. Yenə də bu proses davam edir. Paşinyanın bu çıxışları ilə bağlı ona qarşı sanksiyaların tətbiq olunması məsələsinə gəldikdə isə, bunu real görmürəm. Əslində Ermənistana qarşı sanksiyalar çoxdan tətbiq olunmalıdır. Çünki qəbul olunan bütün beynəlxalq sənədlər (söhbət təkcə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədən getmir) Ermənistana qarşı BMT qətnamələrinin icra edilməsi məqsədi ilə sanksiyaların tətbiq edilməsini zəruri edir. Eyni zamanda, AŞPA-nın, Avropa Parlamentinin, İslam Əməkdaşlıq Təşkilatının və digərlərinin də qəbul etdiyi sənədlərdə Ermənistanın işğalçı olduğu faktı xüsusi şəkildə vurğulanır. Amma buna baxmayaraq, bu günə qədər bu zərurətin həyata keçirilməsi istiqamətində fundamental bir addım atılmayıb. Çünki beynəlxalq təhlükəsizlik mexanizmləri artıq sıradan çıxıb. BMT Təhlükəsizlik Şurası üzv dövlətlərin maraqlarının ifadə olunduğu və uzlaşdığı bir məkana çevrilib, ziddiyyətlər dərinləşib. Bu gün Rusiya ilə ABŞ və tərəfdaşları arasında, ümumiyyətlə, dünyada qütbləşmə prosesi gedir. Bu da beynəlxalq hüququn prinsiplərinin qorunmasına ciddi maneə yaradan amillər kimi qiymətləndirilə bilər. Bu aspektdən Paşinyana qarşı hansısa beynəlxalq sanksiyanın tətbiq olunacağı inandırıcı görünmür. Belə bir mexanizm də hazırda ortalıqda yoxdu.
Şübhəsiz ki, bu amil Minsk Qrupuna üzv olan dövlətlərə Ermənistana qarşı sərt bir mövqe sərgiləmək və Ermənistana qarşı konkret sanksiyalar tətbiq etmək üçün əlverişli zəmin yaradır. Əgər beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrləri və üzvləri üzərinə düşən missiyanı yerinə yetirərək, işğalçı dövlətə və onun başıboş baş nazirinə qarşı konkret olaraq, hər hansı bir sanksiya tətbiq edilməsi istiqamətində addımlar atmırsa, o zaman Minsk prosesində iştirak etməyin də hər hansı bir önəmi və mənası qalmır. Belə olduğu təqdirdə, Azərbaycan prosesin bütövlükdə beynəlxalq hüququn prinsiplərinə zidd olduğunu və ədalətli aparılmadığını önə çəkərək, Ermənistanla tamamilə danışıqları dayandıra və öz ərazilərini işğaldan azad etməsi üçün daha sərt və beynəlxalq hüququn tələb etdiyi addımları ata bilər.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR