“Müxalifət özü-özünü dağıdır” - Qulamhüseyn Əlibəyli

18-04-2019, 11:41 381 dəfə baxılıb

“Müxalifət özü-özünü dağıdır” - Qulamhüseyn Əlibəyli


Azərbaycan Xalq Hərəkatının dönəm sədri, AĞ Partiya başqanı Tural Abbaslı ilə sabiq daxili işlər naziri İsgəndər Həmidov arasındakı davadan sonra qurumun daxilində yarım aydır davam edən gərginlik səngimir. Artıq AXH faktiki olaraq dağılmaq təhlükəsi ilə üz-üzə qalıb.

İndiyə qədər müxalifət daxilində yaradılan birliklərin ömrünün çox qısa olması, xalqa ümid verib, bir anda belə gərginliklərlə xəyal qırıqlığının yaradılması məsələsi yenidən gündəm olub.

Müxalifətin ötənlərdə yaratdığı bloklar, birliklər daha çox bir seçkiyə hədəflənib və seçkilər bitər-bitməz daxildə narazılıqlar baş qaldırıb, qarşılıqlı ittihamlar havada uçuşub, nəticədə bu təşkilatlar hədəfinə çatmadan tarix olublar. Bu sırada düşərgənin ən böyük birliklərindən sayılan SİDSUH, Demokratik Konqres, MKM, “Bizim Azərbaycan” və “Azadlıq” bloklarının adlarını çəkə bilərik. 2013-cü ildə yaradılan Milli Şura AXCP-nin forpostu kimi hələ də formal olaraq fəaliyyət göstərsə də, onun da əvvəlki birliklərin taleyini yaşayacağı şübhəsizdir...

Müxalif birliklərin taleyi niyə belə olur?

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli bunun səbəblərindən danışıb. O, “Yeni Müsavat”a açıqlamasında dedi ki, müxalifətin özü yekcins olmadığı üçün yaradılan bloklar da yekcins olmur: “Düzdür, müəyyən məqamlarda müxalifət bir araya gələ bilər. Bu da konkret məsələlərlə bağlı olur. Azərbaycan Xalq Hərəkatı da belə oldu. Onları birləşdirən ümumi məsələ hazırkı hakimiyyətə müxalif olmalarıdır. Qalan digər məsələlərdə bir-birindən fərqlənirlər, ideoloji baxımdan da bu belədir. Digər tərəfdən, müxalifət liderləri, demokratik düşərgənin liderləri sayılanlar, yaxud da özlərini lider sayanların arasında istər-istəməz daxili rəqabət var. Bu daxili rəqabət də çəkişməyə, qarşıdurmaya, bir-birilərini qəbul etməməyə gətirib çıxarır. Yaşlılarla gənclər arasındakı rəqabət son dövrlərdə ortaya atılmış bir məsələdir. Hesab etmirəm ki, bu, yaşlı-gənc problemidir. Azərbaycanda müxalifət liderlərinin əksəriyyəti 50-60 yaşını keçmiş şəxslərdir. Müəyyən zamanlarda Tural Abbaslı, Əhəd Məmmədli, Ağasif Şakiroğlu kimi gənc siyasətçilər meydana gəlib. Ola bilsin ki, bu gənclər yaşlı hesab etdikləri şəxslərin fikirlərini qəbul etmək istəmirlər. Amma belə irad bildirmək ki, sizlər 26 ildə heç nə etmədiniz, çəkilin kənara biz edək, bunlar, sadəcə, bir bəhanədir. Etiraf edirəm ki, müxalifət daxilində bir-birini qəbul etməmə halları çoxdur. Azərbaycan Xalq Hərəkatı yarandığı ilk günlərdə böyük bir müxalif kəsimi öz ətrafına toplaya bildi. Amma daxili çəkişmələr ilk günlərdən özünü büruzə verməyə başladı. Bu hərəkatın təsisçilərindən biri hesab olunsam da, idarə heyətinin üzvlüyünə düşmədim. Bunu özüm istəmədim”.

Q.Əlibəyli müxalif birliklərin bu cür talelər yaşamalarında hakimiyyətdən daha çox, onların özünü günahkar bilir: “İstənilən hakimiyyət istəməz ki, ona qarşı güclü müxalif birlik yaransın. Bu baxımdan hakimiyyət müəyyən işlər görürsə, bunu öncəliklə özünü qorumaq üçün edir. Müəyyən zamanlarda əksər müxalif birliklərdə iştirak etmişəm. Bildiyim qədəri ilə müxalifət özü-özünü dağıdır. Əvvəl yaradır, sonra bitirir. Ola bilsin ki, burada hakimiyyətin müəyyən qədər rolu var. Hakimiyyət dəyişikliyi bir qədər fərqlidir. Təbii ki, müxalifətin bir olmaması, bu cür birliklərin uzun müddət davam edə bilməməsi müxalifətin şanslarını aşağı salır. Amma hakimiyyətə gəlmə məsələsi daha çox seçki ilə bağlıdır. Azərbaycandakı seçki sistemində isə çoxlu sayda problemlər var. Əksər seçkilərin nəticələri digər siyasi qüvvələr tərəfindən qəbul olunmur. Müxalifətin bu şəkildə dağınıq olması, bir araya gələ bilməməsi, daxili çəkişmələrə getməsi şübhəsiz ki, hakimiyyəti gücləndirən amillərdir. Əslində mövcud durumdan çıxış yolları axtarılır. Uzunmüddətli olmasa da, birliklərin yaradılması çıxış yolları axtarmaq zərurətindən irəli gəlir. Sadəcə, görünür, başqa bir effektli yol tapa bilmirik”.

Müsahibimiz mövcud durumdan çıxış yollarını tükənmiş hesab etmir: “Etiraf etmək lazımdır ki, ayrı-ayrılıqda hər bir müxalifət qurumu zəifdir. Fikrimcə, indiki vaxtda heç bir müxalif təşkilatın təkbaşına hakimiyyətə gəlmək şansı yoxdur. Ona görə də sabit birliklərin yaradılmasına və uzunmüddətli fəaliyyət göstərməsinə böyük ehtiyac var. Qarşılıqlı razılıq əsasında intriqalara son qoyulmalı, hakimiyyətə gəlmək üçün daha uzunmüddətli ”Yol Xəritəsi" hazırlanmalıdır. Bu cür proqramların hazırlanması mənə elə gəlir ki, çıxış yollarından biri ola bilər".

Q.Əlibəyli nə zamansa sabit bir birliyin yaradılmasının mümkün olub-olmayacağına dair sualımıza belə cavab verdi: “İndiki ənənəvi müxalifət hesab etdiyiniz qüvvələr hələ uzun müddət bu düşərgədə qalacaqlar. Belə bir şəraitdə isə böyük bir birliyin yaradılması sual altındadır. Amma hər halda, yenə də cəhd etmək olar. Yoxdansa, nəyinsə olmağı daha yaxşıdır. Bunun üçün də bir araya gəlməyə, məsələləri müzakirə etməyə hər zaman ehtiyac var. Bu baxımdan müxalifətin bir araya gəlməsi mümkündür. Daxili çəkişmələrdən azad olunmasa, bundan sonra hər hansı bir birliyin uzunmüddətli olacağını demək çətindir”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR