Həsənin şəhadətinin, Dilqəmlə Şahbazın girovluğunun 5-ci ili...

11-07-2019, 22:29 447 dəfə baxılıb

Həsənin şəhadətinin, Dilqəmlə Şahbazın girovluğunun 5-ci ili...


Qarabağ müharibəsi başlayandan təqvimimizdə qara günlərin, hüznlü tarixlərin sayı artıb.

Necə ki, 11 iyul 2014-cü il Dilqəm Əsgərov, Şahbaz Quliyev, Həsən Həsənovun erməni qəsbkarları tərəfindən girov götürüldüyü tarix kimi təqvimimizə həkk olunub. “İnşallah növbəti ili Qarabağda, Şuşada, Ağdamda, Kəlbəcərdə, Laçında, Cəbrayılda keçirək” arzusu ilə özümüzü ovundurmaqla aldadırıq. Artıq ailə üzvlərilə danışanda hər dəfə inşallah atana, qardaşına tezliklə qovuşarsan deməyə də utanır adam. Axı, nə qədər yalançı arzu ilə aldatmaq olar insanları...

Bu gün həmvətənlərimiz Dilqəm Əsgərov və Şahbaz Quliyevin ermənilər tərəfindən girov götürülməsinin 5 ili tamam olur. Onların geri qaytarılması ilə bağlı aparılan danışıqlar, beynəlxalq təşkilatlara edilən müraciətlər hələ də cavabsızdır. İşin ən acı və insana toxunan tərəfi isə Dilqəmlə Şahbazın öz vətənlərində girov olmasıdır...

Düz 5 il əvvəl, 2014-cü ilin iyul ayında Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan silahlıları tərəfindən girov götürülüblər. Onlarla birlikdə olan Həsən Həsənov isə qətlə yetirilib. Həsən Həsənovun meyiti həmin hadisədən xeyli sonra, 2014-cü ilin oktyabrında geri alınaraq, dəfn edilib. Həsən Fərman oğlu Həsənov 12 aprel 1978-ci ildə Cəbrayıl rayonunun Mehdili kəndində doğulub. Həsəni tanıyan dost-tanışları onun olduqca vətənpərvər, cəsur insan olduğunu deyirlər. Vətənin bir qarış torpağı, bir cansız daşı üçün düşmən gülləsi qarşısında mətin dayana biləcək oğlanlardan idi. Atəşkəs dövrünün tanınan adamlarından oldu Həsən. Həsənin azyaşlı qızları Özləm və Ləman, həyat yoldaşı Vüsalə hələ də onun ölümü ilə barışmır. Nə vaxtsa onun qapıdan boylanıb “mən gəldim” deyəcəyinə ümidsizcə ümid edirlər...

Dilqəm və Şahbaz isə hazırda Şuşa türməsində yaşamaq uğrunda mübarizə aparırlar, əgər bunu yaşamaq adlandırmaq mümkünsə. Məsələ burasındadır ki, işğal altındakı Dağlıq Qarabağda həmvətənlərimiz üzərində qurulan “məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib. Həmvətənlərimiz bu qərarla təkcə azadlıqdan yox, elə həyatdan da məhrum ediliblər...

Axı 1960-cı il təvəllüdlü, 59 yaşlı Dilqəm Əsgərovun erməni əsarətində baş qaldıran xəstəliklərinin ona nə qədər yaşamaq imkanı verəcəyi məchuldur.
1968-ci il təvəllüdlü, 51 yaşlı Şahbaz Quliyevin daha 17 il erməni zülmünə dözəcəyinə isə heç kim təminat vermir... Zaman hər şeyə çarədir deyirlər. Amma zaman keçdikcə, Dilqəm və Şahbaz sanki bizdən daha da uzaqlaşır...

Beynəlxalq Qırmızı Xaç Komitəsinin hər ay açıqladığı “Giovlara növbəti başçəkmə baş tutub. Onlara ailələrindən məlumatlar çatdırılıb. Ailələrinə çatdırılması üçün də məlumatlar götürülüb” məlumatlarına da doymuşuq! Zaman pafoslu açıqlamaları da kəsərdən salıb...

Bəlkə də onları bizdən uzaqlaşdıran zaman Dilqəm və Şahbazı 5 ilin girovuna yox, tarixin Vətəndə yaşayan qəhrəmanına çevirir! Axı 27 ildir əsarətdə olan torpaqlara həsrətli, niskilli dəfn etdiyimiz yüzlərlə qarabağlının nail ola bilmədiyinə onlar nail olur. Zindanda, əsarətdə, zülm altında olsalar da, Şuşanın havasını udurlar.

Utana-utana da olsa inşallah qovuşmaq ümidilə deyirik, Dilqəm və Şahbaz! \\modern.az\\


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR