"25 ildir ki, susub oturmuşuq, nəsil qırılıb gedir" - Milli Qəhrəmanlar müharibə istəyir

19-07-2019, 12:55 71 dəfə baxılıb

"25 ildir ki, susub oturmuşuq, nəsil qırılıb gedir" - Milli Qəhrəmanlar müharibə istəyir


Qarabağ cəbhəsində və Azərbaycan-Ermənistan sərhədində bir müddətdir müşahidə olunan nisbi sakitlik Ermənistanın təxribatları nəticəsində yenidən pozulub.

Bəs Azərbaycanın Milli Qəhrəmanları Qarabağ münaqişəsinin həlli ilə bağlı nələr düşünür?

Azərbaycanın Milli Qəhrəmanı Maşallah Abdullayev Modern.az-a açıqlamasında bildirib ki, itirilən torpaqlar yalnız müharibə yolu ilə qaytarılmalıdır.

“25 ildir ki, susub oturmuşuq, nəsil qırılıb gedir. Nicat yolu ancaq müharibədir, bizim ayrı yolumuz yoxdur. Hamı ayağa qalxmalı, hamı sözünü deməlidi. Mən ölsəydim, indiki vəziyyəti görməsəydim, bundan yaxşı idi. Mənim üçün bütün bu olanlara şahid olmaq çox ağırdır”.

Milli Qəhrəman Fəxrəddin Cəbrayılov da çıxış yolunu müharibədə görənlərdəndir.

“Bilirsiz mən kiməm? Mən ehtiyatda olan generalam. Mənim fikrim yalnız bir olub. Qarabağı yalnız müharibə yolu ilə almalıyıq. Ordunun başında isə işini bilən, peşəkar biri durmalıdır. Ondan sonra biz nəsə edə bilərik. Bizim xalqımız mərddir. Mən bunun Birinci Qarabağ müharibəsində şahidi oldum. Xalqım torpaqlarını qaytarmaq üçün canından keçməyə hazırdır. Sadəcə olaraq onların üstündə ağıllı, vətənini sevən biri olmalıdır. Mənim əslim Qubadlıdandır. Mənim atamın, anamın yurdu hazırda işğaldadır. Bacımın 5 yaşlı ölən uşağının qəbri hazırda Qubadlıdadır. O gün həmin 63 yaşlı bacım məndən soruşur ki, qardaş, mən gedib qızımın qəbrini ziyarət edə biləcəyəm, ya yox?! Bunu bilin ki, torpaqlarımızı birdəfəlik müharibə yolu ilə almaq lazımdır”.

Milli Qəhrəman Mirzə Quliyev bildirib ki, Ali Baş Komandan hansı əmri verərsə,yerinə yetiriləcək.

“Prezidentimiz sülh yolu deyərsə sülh yoluyla, müharibə yolu ilə desə, müharibə ilə alarıq torpaqlarımızı”.

Qeyd edək ki, Ermənistan ordusu növbəti dəfə təxribatlara əl atıb.

Belə ki, Göygöl rayonu ərazisində təsərrüfat işləri görən traktor Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən snayper atəşinə məruz qalıb, lakin itki yoxdur. Cavab tədbirləri nəticəsində düşmən susdurulub.

Bundan başqa Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini pozub.

İyulun 18-də isə Ermə­nistan silahlı qüv­vələrinin bölmələri tərəfindən Ermənistanın No­yem­ber­yan rayonunun Zorakan kəndi istiqamətindən iri çaplı silah­lardan atəş açılmaqla atəş­kəs rejimi pozulub, Qazax rayonunun II Şıxlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinin mövqeləri atəşə tutulub. Cavab atəşi ilə düşmən susdurul­ub.

Hadisə zamanı Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşun­la­rının “Qa­zax” sərhəd dəstəsinin sərhəd döyüş məntəqəsində dö­yüş növbəsində xidmət aparan əsgər Ceyhun Bay­ra­mov yaralanıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR