Bakıya gələnlər də qeydiyyata düşməlidir: Təhlükəsizlik üçün tədbir

21-07-2019, 15:01 26 dəfə baxılıb

Bakıya gələnlər də qeydiyyata düşməlidir: Təhlükəsizlik üçün tədbir

Azərbaycan vətəndaşlarının olduğu yer üzrə qeydiyyatı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tətbiqi haqqında Əsasnaməyə əsasən həyata keçirilir.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, vətəndaşın olduğu yer üzrə qeydiyyatı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmadan aparılır.

Bildirilib ki, yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) internet üzərindən DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin saytına daxil olmaqla olduğu yer üzrə qeydiyyata alınır.

Vətəndaş olduğu yerdən getdikdə, müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulması İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsi ilə inzibati məsuliyyətə səbəb olur: vətəndaşın olduğu yer üzrə qeydiyyatdan keçməməsinə, yaxud qeydiyyata alma və qeydiyyatdan çıxma qaydalarına əməl etməməsinə görə, xəbərdarlıq edilir və ya otuz manat məbləğində cərimə edilir.

Sabiq polis rəisi, hüquqşünas Şəmsəddin Əliyev “Cümhuriyət” qəzetinə bildirib ki, vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı çox vacib şərtlərdəndir:



“Vətəndaş yaşadığı yerdən kənarda 60 gün qalarsa, həmin vətəndaş tərəfindən qanunazidd, hüquqa uyğun olmayan hərəkətlərin edilməsi ehtimalı yaranır. İctimai münasibətlərə zidd halların qarşısını almaq üçün yaşayış yeri üzrə qeydiyyat çox vacibdir. Vətəndaşın qonaq qismində 60 gün qeydiyyatda olmadığı yerdə yaşaması zaman baxımından az müddət deyil. Vətəndaş həmin ərazidə qeydiyyatda yoxdursa, onun tərəfindən törədilən hər hansı bir hərəkət və ya qanunazidd əməllər diqqətdən yayına və qeydiyyata alınmaya bilər. Sonradan subyektin yerinin müəyyən edilməsi, axtarılıb tapılması kifayət qədər çətinlik yaradır. Bu gün vətəndaş şəxsiyyətini təsdiq edən sənəti alanda onun qan qrupu, əl-barmaq izləri və.s şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına daxil edilir. Vətəndaş yaşadığı yerdən müvəqqəti olaraq 60 gün ərzində yaşayırsa, mütləq mənada orada da qeydiyyata alınmalıdır. Orada onun şəxsiyyəti ilə bağlı bəzi kriminoloji cəhətlər mərkəzi icra hakimiyyəti orqanlarının müvafiq şöbələrində olmalıdır ki, gələcəkdə hər hansı bir cəmiyyətəzidd halları baş verərsə, həmin vətəndaşın yerinin müəyyən edilməsi üçün imkanlar yaransın”.

Hüquqşünas onu da qeyd edib ki, yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşayan vətəndaş sahə müvəkkilinin diqqətindən yayına da bilər:

“Vətəndaşa müvəqqəti yaşadığı yerdə ictimai təzyiq və yaxud da onun axtarışına zərurət yarana bilər. Onun qeydiyyatdan gizlədilməsi əməliyyat üzrə sahə müvəkkilinin vaxtında görülməsi vacib olan tədbirlərin təsirini azalda bilər. Əslində bu, cəmiyyətimizin bir növ təhlükəsiz olması üçün atılmış bir addımdır. Hesab edirəm ki, ölkə başçısı tərəfindən təsdiq edilmiş bu əsasnamə cəmiyyətə fayda verəcək.

Tutaq ki, şəhər qeydiyyatında olan şəxs 2 ay rayonların birində yaşamalı olacaq. Həmin şəxsin mərkəzi icra hakimiyyətinin rayondakı şöbələrinə üz tutmasına ehtiyac yoxdur. Artıq otellərə və pansionatlara da müvəqqəti yaşamaq istəyən vətəndaşa həmin yerə gəldikdən sonra olduğu yer üzrə qeydiyyata alma səlahiyyəti verilir. Əgər şəhər qeydiyyatında olan şəxs rayonlarda evdə qalmalı olarsa, bu zaman ərazi üzrə orqanlara məlumat vermək lazımdır. Hesab edirəm ki, bu, bütövlükdə həm Azərbaycan vətəndaşlarının, həm miqrantların, həm də ölkəmizə gələn turistlərin təhlükəsizliyinin təmin olunması üçün atılmış düzgün addımdır. Konstitusiyanın 11-ci maddəsində dövlətin ali məqsədi insan hüquq və azadlıqlarının təmin edilməsindən ibarətdir. Təhlükəsiz və sağlam mühitdə yaşamaq ölkə vətəndaşlarının bir nömrəli haqqıdır”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR