Bahalaşmanın qarşısını alacaq PLAN: “Xərci hökumət ödəməlidir”

13-09-2019, 16:16 274 dəfə baxılıb

Bahalaşmanın qarşısını alacaq PLAN: “Xərci hökumət ödəməlidir”

Azərbaycanda son 2 ayda illik ərzaq inflyasiyası 2,7 faizdən 3,3 faizə qalxıb.

Əhaliyə göstərilən ödənişli xidmətlər üzrə qiymət artımının sürəti isə 3,2 faizdən 2,7 faizə düşüb. Dövlət Statistika Komitəsindən bildirilib ki, 2019-cu ilin yanvar-avqust aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 3,3 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,2 faiz bahalaşıb.

Xatırladaq ki, 2019-cu ilin yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 3,1 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,0 faiz bahalaşmışdı. 2019-cu ilin yanvar-iyun aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,5 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 2,7 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,2 faiz bahalaşmışdı.

Cari ilin avqust ayında iyul ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 0,8 faiz ucuzlaşmış, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,1 faiz bahalaşmış, qeyri-ərzaq mallarının qiymətləri isə sabit qalmışdı.

Ay ərzində pasterizə olunmamış üzlü südün, qarğıdalı yağının, limonun, bananın, almanın, armudun, gavalının, şaftalının, qarpız və yemişin, üzümün, kələmin, xiyarın, pomidorun, bibərin, badımcanın, göy lobyanın, çuğundurun, yerkökünün, sarımsağın, soğanın, kartofun, quru noxudun, mərcinin, arağın, energetik içkilərin qiymətlərində ucuzlaşma olub. Düyünün, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, sterilizə olunmuş üzlü südün, şəkərli qatılaşdırılmış südün, yoqurtun, xamanın, pendirin, kəsmiyin, yumurtanın, süfrə marqarininin, zeytun və günəbaxan yağlarının, quru lobyanın, şəkər və şəkər tozunun, təbii balın, dondurmanın, çayın, mineral suların, kola içkisinin, limonadın, meyvə şirəsi və pivənin qiymətlərində isə bahalaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Cari ilin avqust ayında iyul ayına nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən mənzillərin icarə haqqı, paltarların təmiri, təmizlənməsi və kirayəsi, tibbi və stomatoloji xidmətlərin, otel və mehmanxanalar tərəfindən göstərilən gecələmə xidmətlərinin, dəmir yolu və hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin qiymətləri bahalaşmış, hava nəqliyyatı ilə MDB ölkələri istisna olmaqla digər ölkələrə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətləri isə ucuzlaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Maraqlıdır, son 2 ayda inflyasiyanı artıran amillər nədir?

İqtisadçı-alim Vüqar Bayramov “Cümhuriyət” qəzetinə bildirib ki, qiymət artımlarının baş verəcəyi əvvəlcədən proqnozlaşdırılırdı:



“Azərbaycanda, adətən, əməkhaqqı və pensiyalar artan zaman qiymət artımları baş verir. Öncədən proqnozlaşdırıldığı üçün qiymət artımlarına qarşı mübarizənin gücləndirilməsi və istehlak bazarında qiymət artımlarına qarşı daha effektiv tədbirlərin həyata keçirilməsini təklif etmişdik. İyunun 18-də Azərbaycanda əməkhaqqı və pensiyaların artırılması ilə bağlı qərar qəbul edildi. Çox təəssüf ki, əməkhaqqı və pensiyalar artmadan belə, qiymət artımlarını müşahidə etdik. Vətəndaş artırılmış əməkhaqqını almayıb, amma istehlak bazarında qiymət artımları var. Xüsusən yay mövsümündə kənd təsərrüfatı məhsullarında hissedilən səviyyədə qiymət artımları var idi. Baş nazirin müavini Əli Əhmədov da kənd təsərrüfatı mallarında süni qiymət artımlarının olduğunu bildirmişdi”.

Analitik qiymət artımlarında mübarizənin aparılmasına ehtiyac olduğunu da vurğulayıb:

“Qısamüddətli dövr üçün bazar qiymətlərinin monitorinqinin həyata keçirilməsi məqsədəuyğundur. Qiymətlərin monitorinqlərinə uyğun olaraq hansı məhsulların qiymətlərində artımların baş verdiyi və nə səbəb baş verdiyi, eyni zamanda xərclər artıbmı, bunun üçün real iqtisadi əsaslar varmı və.s bu kimi suallara cavab müəyyənləşdirilməlidir. Bundan sonra bazar qaydalarına uyğun olaraq qiymətlərin optimallaşdırılmasına çalışılmalıdır. Strateji baxımdan bazarda qiymətlərin tənzimlənməsinin ən əsas yollarından biri bazarda rəqabətin gücləndirilməsidir. Əgər rəqabət güclənərsə, nəticə etibarilə sahibkarlar əməkhaqqı və pensiya artımlarından qiymət artımı üçün istifadə etməzlər. Nəzərə alaq ki, rayonlardakı qiymətlə paytaxt bazarlarındakı qiymət arasında bəzən 3 dəfəyə yaxın fərq var. Bu isə o deməkdir ki, fermerlər öz məhsullarını paytaxt bazarlarına çıxarmaqda çətinlik çəkirlər. Bazara çıxışda olan bu baryerlərin aradan qaldırılmasına ehtiyac var. Fermerlərin öz məhsullarını paytaxt bazarlarına çıxarması üçün şərait yaradılması, nəqliyyat xərclərinin bir hissəsinin yerli icra hakimiyyəti orqanları və ya Kənd Təsərrüfatı Nazirliyi tərəfindən qarşılanma sına ehtiyac var. Güman edirəm ki, bütün bunların tətbiqi əməkhaqqı və pensiya artımlarının istehlak bazarında qiymət artımlarına gətirib çıxarmasının qarşısını ala bilər”.

Vüqar Bayramov onu da əlavə edib ki, əməkhaqqı artımı baş verirsə, bazara daxil olan vəsaitin həcmində də artım olur:

“Tələbin artması qiymət artımına gətirib çıxara bilər. Amma apardığımız monitorinqlər göstərir ki, hətta mövcud sosial paket belə qiymətlərin bu səviyyədə artımına gətirib çıxarmamalıdır. Buna görə də qiymət artımlarına qarşı mübarizə güclənməlidir. Həmçinin bazarın liberallaşdırılması həyata keçirilməli, bazara çıxış imkanları artırılmalıdır ki, gələcəkdə də bu tip halların baş verməsi müşahidə olunmasın”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR