Hakimiyyətin “Bərdə fironu”na gücü çatmır? - İsayevin zülmü və kəhkəşanı...

8-10-2019, 16:57 259 dəfə baxılıb

Hakimiyyətin “Bərdə fironu”na gücü çatmır? - İsayevin zülmü və kəhkəşanı...


Bərdəni Misir fironu kimi idarə edən icra başçısı Vidadi İsayevin siyasəti qara ciyərin metastazına oxşayır. Bu çürümə, orqanizmin imtina prosesində ölüm qaçılmazdır. Kimsə metastazdan sağ çıxa bilməyib.
V.İsayevin rayondakı fəaliyyəti bütün zümrələri hakimiyyətdən narazı salmağa səbəb olub: şəhid ailələri, məcburi köçkünlər, iş adamları və s.
2011-ci ildən Bərdəyə rəhbərlik edən icra başçısı 8 illik fəaliyyətində nə əhalini, nə dövləti razı sala bilib. Gəncənin keçmiş başçısı Elmar Vəliyevin yaxın adamı olmuş Vidadi İsayev rayonda sanki özünə sui-qəsd yetişdirir.
Eynilə E.Vəliyev kimi hamı ondan boğaza yığılıb. Əslində, Gəncə və ətraf regionlarda İH başçılarının əksəriyyəti dəyişib, növbə Bərdənin olmalıdır.
Anaxeber.info-nun məlumatına görə, Bərdə camaatı V.İsayevin istefası üçün prezidentə növbəti müraciətə hazırlaşır.
Rayonun ziyalıları imzatoplama kampaniyası keçirmək niyyətindədirlər. Prezidentə məruzə olunmalıdır ki, Bərdədə vəziyyət nə dərəcədə gərgin, dramatikdir, nə ilə nəticələnə bilər.
Eyni zamanda Prezident yanında Sosial Tədqiqatlar Mərkəzinin Bərdədə əhali arasında sorğu keçirməsinə, V.İsayevin idarəçiliyinin həqiqi tərəflərini öyrənməsinə, qurumun rəhbəri Zahid Orucun nəticələri təhlil edib prezidentə məruzə etməsinə ciddi zərurət yaranıb.
Bu Mərkəzin missiyası da məhz ictimai rəyi öyrənmək və dövlət başçısına təqdim etməkdir. Bərdədə ictimai rəy isə Vidadi İsayevə qəzəb püskürür.
Çünki heç kimi saymır, qapısına gələni qovur, aldadır, bu fəaliyyəti ilə əhalini qızışdırır. Bərdəlilər soruşurlar ki, prezident kadr islahatları aparır, bəs bu rayonda niyə bivec məmur hələ də saxlanır?
Bəlkə mərkəzi hakimiyyətin V.İsayevə gücü çatmır? Nə üçün başçı insanları bu qədər incidir?
Məsələn, Bərdədə yaşayan məcburi köçkünlərin prezidentə müraciətindən aydın olur ki, icra başçısı onları küçələrdə qoyub.
Kəlbəcər köçkünü Cahid Abbasov deyir ki, onları köçürməyə başladılar, ikiotaqlı mənzil veriləcəyi vəd edildi: “Bərdə Rayon İcra Hakimiyyəti təşkilatçılıq etmişdi. İcra başçısının qəbulunda oldum.
Dedilər ki, sənə ev verməsələr, təpik vur qapıma, de ki burada biz qalacağıq. Amma verilmədi, beton evlərdə yaşayırıq. Nazirlikdən gəlmişdilər, onların yanında icra başçısına sözümü söylədim.
Bizi məhkəmə qərarı ilə evdən çıxarıb, çöldə qoyublar. Rusiya vətəndaşına ev verilib, qaraçılar ev alıb, amma kəlbəcərli köçkün evlə təmin olunmur. Niyə?
Bərdədə köçkünlər üçün tikilən 7 mərtəbəli binada boş mənzillər var. Beton evlərdə qalırıq, yağış başımıza tökülür, uşaqlar xəstə böyüyürlər”.
Amma köçkünləri küçələrə tökən V.İsayev təkcə bu əməli ilə məhdudlaşmır. Şəhid ailələrinə də zülm etməsi ilə tez-tez gündəmə gəlib.
Prezident köçkünə, şəhid ailəsinə qayğı göstərir, dövlət şəhidin başımızın tacı olduğunu söyləyir, V.İsayev isə aşağılayır, şəhid ailəsini təhqir edir.
Bir müddət əvvəl şəhid xanımı Yasəmən İsmayılovanın mətbuatda müraciəti yayılmışdı. Şəhid xanımı Vidadi İsayevin qəbuluna düşmək istəyirmiş, əvəzində başçı onu qapıdan qovdurmuşdu, polisə şikayət etmişdi.
Başqa bir şəhid ailəsi - Bəxtiyar Qurbanov dəfələrlə müraciət edib, amma qəbuluna düşə bilməyib. Amma qəbuluna gələn bir gözəgəlimli, baxımlı xanım olanda, icra başçısı dərhal onun problemini həll edir, obyekt verir, mağaza tikdirir. Bunu bütün Bərdə bilir və danışır.
V.İsayev həmin məmurdur ki, məcburi köçkünlər üçün salınmış qəsəbədə kürəkəninə çörək zavodu tikdirib. Di gəl Xocalı qçaqını Türbəndiyev İntiqam mağaza tikdirmək istədi, ona imkan vermədi. İndi özünüzü rayondakı vəziyyətdən nəticə çıxarın!
Üstəlik, Bərdənin ica başçısı “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin yerli şöbəsinin xidməti maşınını ələ keçirib.
Bərdə Rayon Suvarma Sistemlər İdarəsinə məxsus olan 09 AA 114 dövlət nömrə nişanlı “Hundai ix 35” markalı avtomobil V.İsayevin idarəçiliyindədir.
Bərdə Rayon Suvarma Sistemlər İdarəsinin sabiq rəisi Namiq Əhmədov xidməti avtomobili V.İsayevə vermək məcburiyyətində qalıb. İcra başçısı xidməti avtomobili xanımına bağışlayıb.
Yevlaxda isə qonşusunun torpağını zorla əlindən alaraq özünə villa tikdirib. Orada Bərdənin balansında olan texnikadan istifadə olunub.
Həmçinin, Göygölün Mixaylovka kəndində villa tikdirib. Bir Xocalı qaçqını isə özünə dükan tikə bilmir...
Anaxeber.info yazır ki, V.İsayev bacanağına Bərdənin Sənaye küçəsində tamet sexi açıb. Bundan başqa, Vidadi İsayevin balıq vətəgələri, gölməçələri var. Bu fironluğun başqa adı yoxdur. Nədənsə, mərkəzi hakimiyyət Bərdə ilə bağlı hərəkətlənməyə tələsmir.
Amma son bir ildə ardıcıl olaraq İH başçılarının dəyişməsi belə deməyə əsas verir ki, V.İsayevin də bu postdakı ömrünə çox qalmayıb.
Bərdənin icra başçısının kadr siyasəti bərbaddır. Bu adamın kadr seçimi Tərtər və Yevlaxdandır. Yerli adamlar işsizlikdən başqa ölkələrə üz tutur.
Ümumiyyətlə, hakimiyyət o qədər məsuliyyətsiz deyil ki, zülm ərşə qalxan əyalətlərdə zalım idarəçiliyə səbr kasası daşana qədər göz yumsun.
Arzuolunmaz keçmiş, təcrübə, bədxahların fürsətcilliyi iqtidara böyük dərslər verib. Quba hadisələri, İsmayıllı nümunəsi, Gəncədəki sui-qəsd hökumətə unudulmaz ibrət qazandırıb.
Hakimiyyət dərk eləyib ki, yerlərdə əhalini incidənləri axıra qədər vəzifədə saxlamaq olmaz. Onlara görə hökumətin başı ağrayır, altını iqtidar çəkir və tənqidlər yerli idarəçilərə yox, mərkəzə tuşlanır.
Belə gedişatlardan biri və SOS siqnalı çalınan ünvan Bərdə rayonudur. Ziyalıların məlum bəyanatında da deyilirdi ki, Vidadi İsayev Heydər Əliyevə və İlham Əliyevə xəyanət edib. Hətta ziyalılar onun həbsini tələb edirdilər.
Onların dediyində qırmızı xətlə keçən bir hadisə varıydı - icra başçısı məhkəmə qərarı olmadan şəhid ailəsinin evini sökdürüb, ailəyə dəyən zərəri ödəməyib. Sonra Bərdədə şəhidlər üçün düzəldilmiş guşəni dağıtdırıb, şəkillərini gecə zibilxanada basdırıb.
Bu nalayiq münasibət Bərdəni ayağa qaldıra bilər və əhalinin səbri tükənməkdədir. İqtidar texnoloqları təcili vəziyyəti dəyərləndirməlidirlər...


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR