Bakıda kompensasiya mübahisəsi - Sökülən evlərə nə qədər pul verilməlidir?

22-01-2020, 11:00 33 dəfə baxılıb

Bakıda kompensasiya mübahisəsi - Sökülən evlərə nə qədər pul verilməlidir?

Bakımız gün-gündən gözəlləşir, inkişaf edir. Yeni binalar tikilir, parklar salınır, məhəllələr təmir olunur. Bir sıra yerlərdə köhnə, qəzalı, şəraitsiz evlər köçürülür, dar və yöndəmsiz küçələr geniş prospektlərlə əvəzlənir.

Bir sözlə, paytaxt abadlaşır, yeniləşir. Artıq xeyli vaxtdır ki, keçmiş “Sovetski” adlanan ərazidə köçürmə işləri aparılır. 19-cu əsrin sonlarında tikilən, qəzalı vəziyyətə düşmüş köhnə evlərin sakinləri mərhələli şəkildə köçürülür, ərazi abadlaşdırılır. Lakin burada, xüsusilə də Təzə pir məscidinin yaxınlığında bəzi evlər var ki, hələ indiyə qədər köçürülməyib. Bir neçə gün əvvəl 24 ailənin yaşadığı evlərdə başlanılmış söküntü işləri dayandırıldı. Sakinlər onlara təklif olunan kompensasiyadan narazı olduqlarından evlərindən çıxmaq istəmirlər.





"Sovetski" sakini Əzimzadə Məhəmməd İbrahimxəlil oğlu BAKU.WS-ə açıqlamasında bazar qiymətləri ilə razı salınmadan bir kərpicinin də sökülməsinə icazə verməyəcəyini bildirdi:

"Mən şəhərin mərkəzində yaşayıram. Kvadratı 1500 manatdan versələr şəhərin mərkəzində ev ala bilməyəcəm. Bizim ərazidə mənzillərin qiyməti çox bahadır. Kvardatı 4000-5000 manata mənzillər var. 200 kvadratlıq evi yarım milyona satırlar. Mən niyə evimi 1500-dən verməliyəm? Ən yüksək qiymət istəyirəm. Mən dövlətimin qanunlarına güvənib, evimdə oturmuşam. Heç kim məni "kupçalı" evimdən çıxara bilməz!"





Sovetskidəki evlərin bazar qiyməti nə qədərdir?

Daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov BAKU.WS-ə sakinin tələb etdiyi məbləği ağlasığmaz adlandırdı:

“Sakinlər çox şey deyə bilərlər. Söhbət əmlak bazarından gedirsə, həmin o ərazi üzrə, daha dəqiq desək, “Sovetski” adlandırılan ərazidə mənzillərin kvadratı 2 cür qiymətləndirilir. Bir var yeni tikililər, bir də var köhnə və yaşayış üçün yararsız sayılan mənzillər. Yeni tikililərdə mənzillərin kvadratı 1700-2000 manat arasındadır.

“Sovetski”nin ən yaxşı ərazisi yuxarı tərəflərdir - Nərimanov heykəlinin ətrafı və Hüseyn Cavid prospekti. Burada kvadratı 1800-2000 manatdır. Aşağı düşəndə isə Xarici İşlər Nazirliyinin yanıdır, burada da qiymətlər eynidir. Ümumiyyətlə, Nizami metrosunun ətrafında mənzillərin qiyməti kvadratı 1800-2000 manatdır. Ən yaxşı halda maksimum 2000-2200 manat olar. Söhbət təmirli yeni mənzillərdən gedir. Sakinlər 4000-5000 manatı haradan götürüblər, bilmirəm.





Bəs narazı sakinlərlə necə ortaq məxrəcə gəlmək, onları necə razı salmaq olar?

Ekspert çıxış yolunu sakinlərin elə həmin ərazidə tikiləcək yeni binada mənzillə təmin olunmasında gördü:

"Burada bir neçə variant mümkündür. Ən optimal variant həmin ərazidə yeni binaların tikilərək sakinlərin oraya köçürülməsidir. Bu təcrübə o vaxt Nərimanov rayonunda tətbiq olundu. Sakinlərlə otaq sayına görə mənzil verildi. Neçə otağı vardısa, o sayda mənzil verdilər. Üç otağın vardı, bu da sənin üç otağın. Ən təkmil variant budur.

İkinci variant sökülməli evlərin bazar dəyərində qiymətləndirib pulunu verməkdir. “Sovetski”də indiki köhnə evlərin ev kimi dəyəri yoxdur. Yaşayış üçün yararsız olduğundan torpaq kimi dəyəri vardır. Onlara təklif olunan kvadrata 1500 manat torpağın qiymətidir".




Bakı meriyasından BAKU.WS-ə verilən açıqlamada, söküntü işlərinə mane olan bəzi sakinlərin öz maddi vəziyyətlərinin dövlət hesabına daha da yaxşılaşdırılması cəhdləri adlandırdı:

"Bunun səbəbi isə çox sadədir. Ərazidə qalmış evlərin sahiblərinin verilən kompensasiyalar və əlavə ödənişlərlə razılaşmaması, yalnız öz maddi maraqlarını güdərək qəzalı, köhnə daxmaların əvəzinə ağlasığmaz məbləğlər tələb etmələridir. Böyük bir ərazidə abadlıq-quruculuq işlərinin aparılması, küçələrin yenilənməsi, yaxınlıqdakı binalarda yaşayanların təmizliyə çıxmasına mane olan 10-15 nəfərin pul hərisliyi, öz maddi vəziyyətlərinin dövlət hesabına daha da yaxşılaşdırılması cəhdləri üzündən söküntülər dayandırılıb".


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR