Təyyarəyə pulu olmayan azərbaycanlılar Türkiyədən necə qayıdacaq? - Dövlət Agentliyi qərar gözləyir

16-03-2020, 18:25 34 dəfə baxılıb

Təyyarəyə pulu olmayan azərbaycanlılar Türkiyədən necə qayıdacaq? - Dövlət Agentliyi qərar gözləyir


Xəbər verdiyimiz kimi, koronavirusun yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan və Türkiyə arasında gediş-gəlişə qeyri-müəyyən müddətə qədər məhdudiyyət qoyulub.

Hər iki ölkə vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərlərinin 15 mart saat 00.00-dan etibarən müvəqqəti olaraq dayandırılması barədə razılığa gəlinib. Beləliklə iki ölkə arasında gediş-gəliş dayandırılıb.

Məlumata görə, çarter reyslərin açılacaq və Türkiyədən Azərbaycana artıq bir neçə reys gəlib. Amma reallıqdır ki, hamının təyyarə bileti almağa pulu yoxdur, üstəlik biletin qiyməti son bir neçə gündə olduqca bahalaşıb.

Belə olan halda Türkiyədəki azərbaycanlıları vətənə qaytarmaq üçün xüsusi avtobus reysləri açıla və yaxud mövcud reyslər Azərbaycan vətəndaşları üçün hərəkəti davam etdirə bilərmi?

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova Cebhe.info-ya açıqlamasında bildirib ki, məsələnin həlli üçün danışıqlar gedir:

“Sərhədlə bağlı danışıqlar gedir. Azərbaycan Respublikasının vətəndaşları üçün müvəqqəti dəhliz təşkil edilib, onlar keçə biləcək. Biz dünən 1 avtobusun, səhərə yaxın da digər avtobuslarımızın sərhəddən keçməsini təmin edə bildik. Ancaq daşımalar üçün hələ xüsusi avtobusların ayrılması ilə bağlı tapşırıq verilməyib”.

Qeyd edək ki, sərhəddən buraxılan avtobuslar məlum qərar verilmədən öncə hərəkətə başlayıb. Maraqlı olan qərardan sonra Türkiyədə qalan həmvətənlilərimizin aqibətidir. Nuridə Allahyarova hazırda müntəzəm marşrut xətlərinin olmadığını diqqətə çatdırıb:

“Yəni reyslər dayandırılıb. Ancaq sərhəddə hər hansı avtonəqliyyat vasitəsi ilə gələn bizim vətəndaşların müvafiq prosedur qaydalarından sonra keçməsinə şərait yaradılır. Avtomobil nəqliyyatı ilə keçid müvəqqəti qaydada məhdudlaşdırılıb. Bu müddət ərzində müntəzəm marşrutlar üzrə avtobuslar olmayacaq”.

“Belə olan halda təyyarə bileti üçün pulu olmayanların ölkəyə qayıdışı necə təmin ediləcək?” sualına cavabında həmsöhbətimiz bununla bağlı hökumət səviyyəsində müəyyən danışıqların gedə biləcəyini diqqətə çatdırıb:

“Yəqin ki, hökumət səviyyəsində müvafiq danışıqlar gedir. Çünki məlumat Operativ Qərargahdan olmalıdır”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR