Ali məktəblərə qəbul qaydaları dəyişdi: yeniliklər nə vəd edir...

25-12-2018, 11:08 406 dəfə baxılıb

Ali məktəblərə qəbul qaydaları dəyişdi: yeniliklər nə vəd edir...


Kamran Əsədov: “İndiyə qədər şagirdlərimiz buraxılış imtahanlarına müsbət yanaşmasalar da, bundan sonra belə olmayacaq”
“Ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları"nda dəyişikliklər edilib. Bu barədə baş nazir Novruz Məmmədov qərar verib.

Qərara görə, əsas dəyişikliklər aşağıdakılardır:

Qəbul imtahanını rus dilində verən abituriyentlər Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca imtahan verirlər.

Abituriyent hər sessiyada istədiyi ixtisas qrupu üzrə yalnız bir imtahanda iştirak edə bilər. I-IV ixtisas qrupları üzrə qəbul imtahanında iştirakından asılı olmayaraq, abituriyent V ixtisas qrupu üzrə də imtahanda iştirak edə bilər. İxtisas qrupları üzrə imtahan fənləri, onların üstünlük dərəcələri və nisbi əmsalları aşağıdakı kimi müəyyən edilib.

Qəbul imtahanının ikinci mərhələsində abituriyentlərə hər fənn üzrə 30 olmaqla, ümumilikdə 90 tapşırıq təqdim edilir. Qəbul imtahanının ikinci mərhələsində abituriyentlərin toplaya biləcəyi maksimal bal nisbi əmsalı 1,5 olan fənlər üzrə 150 bal, nisbi əmsalı 1 olan fənlər üzrə 100 bal olmaqla, cəmi 400 baldır. İmtahanın davametmə müddəti 3 saatdır.

Hər mərhələdə imtahanın məzmunu, yəni təhsil alanlara təqdim edilən tapşırıqların növü və qiymətləndirilmə qaydası mərkəz tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilir və hər il tədris ilinin başlanılmasından 1 ay müddət keçənədək elan edilir. İmtahan suallarının məzmunu mərkəz tərəfindən hazırlanmış və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla təsdiq edilmiş imtahan fənləri üzrə qəbul proqramlarına uyğun müəyyən edilir. İmtahanların keçiriləcəyi günlər və imtahanların aparılması texnologiyası Mərkəz tərəfindən müəyyənləşdirilir.

Qəbul imtahanlarında əlilliyi olan şəxslərin iştirakının təmin edilməsi üçün mərkəz tərəfindən əlverişli şərait yaradılır. I qrup gözdən əlilliyi olan abituriyentlərə fərdi nəzarətçi təyin edilir və onlar üçün imtahanın davametmə müddəti hər mərhələdə 1 saat artırılır.



Dəyişikliklərlə bağlı “Yeni Müsavat”a danışan təhsil eksperti Kamran Əsədov yeniliklərin təhsilə hansı faydalar verəcəyi barəsində danışıb. O, bildirib ki, yeniliklər müasir çağırışlara cavab verir:

“2019-cu ildə ali və orta ixtisas təhsil müəssisələrinə qəbul qaydaları tamamilə dəyişir. Birinci mərhələdə həm 9-cu, həm də 11-ci sinfi bitirən şagirdlər buraxılış imtahanı verəcəklər. İndiyə qədər buraxılış imtahanlarında ancaq ana dili və riyaziyyat fənnindən imtahan verirdilərsə, bundan sonra onlar əlavə olaraq xarici dildən də imtahan verəcəklər. Yeniliklər 11-ci siniflərlə bağlı daha çoxdur. Belə ki, indiyə qədər qəbul imtahanlarında buraxılış imtahanının nəticəsi nəzərə alınmırdı və təsir göstərmirdi, ancaq 2019-cu ildən etibarən buraxılış imtahanlarının nəticələri birbaşa olaraq qəbul imtahanlarına təsir göstərəcək. İndiyədək buraxılış imtahanında iki fəndən ana dili ( rus bölməsi rus dili) riyaziyyat fənnindən imtahan verib, maksimum 90 bal toplayırdılarsa, bunun da qəbul imtahanına heç bir təsiri yox idisə, 2019-cu ildə fənlərin sayı 3 olacaq. Ümumilikdə buraxılış imtahanına 30 ana dili, 30 riyaziyyat, 25 xarici dildən test tapşırığı veriləcək. Ümumilikdə bu mərhələdə uşaqlar 0-300 bal arasında toplaya biləcəklər. Birinci mərhələdə ali məktəblərə qəbul olmaq istəyənlərin bazası formalaşacaq, həm də onlara attestat veriləcək. Qəbul imtahanlarının birinci mərhələsinin (buraxılış imtahanlarının) nəticələri 2 il qüvvədə olur, cari və növbəti tədris illərində abituriyentə ali təhsil müəssisələrinə keçirilən tələbə qəbulu müsabiqəsində iştirak etmək hüququ verir. Abituriyent öz istəyinə uyğun olaraq, müsabiqədə iştirak etmək üçün müvafiq tədris ilində yenidən qəbul imtahanının birinci mərhələsində iştirak edə bilər. Bu zaman abituriyent müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini özü müəyyən edir.

İkinci mərhələdə isə qəbul imtahanı mərhələsidir. İndiyə qədər biz öyrəşmişdik ki, qəbul imtahanlarında maksimal bal 700-dür. Lakin 2019-cu ildə bu, 400 bal olacaq. Birinci mərhələdə maksimum 300, ikincidə isə 400 bal toplayanlar, yenə də 700 bal yığacaqlar. Ancaq artıq bu, mərhələlər arasında bölünmüş olacaq. Yəni 700 bal yekun bal hesab ediləcək".

Ekspert bildirib ki, yeniliklərdən biri də ixtisas qruplarındakı fənlərlə bağlıdır:

“2019-cu ilə qədər 4 ixtisas qrupunun hər birində 5 fənn vardısa, 2019-cu ildə bu fənlərin sayı 3-ə endirilir. Həmin bu fənlərdən toplanan bal isə 400-dür. Sualların sayında da yenilik var. Belə ki, indiyə qədər hər fəndən 25 test tapşırığı vardı. Müəyyən ixtisas qruplarında isə bunlardan 4-ü açıq, 21-i qapalı olurdu. 2019-cu ildən isə 1 fəndən 30 test tapşırığı olacaq. 22 test tapşırığında cavablar imtahan iştirakçılarına bəndlər olaraq veriləcək (a, b,c, d, e). 5 test tapşırığı açıq tipli olacaq. 3 test tapşırığı isə situasiya tiplidir. Hesab edirəm ki, ümumən bu yeniliklər nəticələri ciddi şəkildə aşağı salacaq. Çünki eyni modeldə iki dəfə buraxılış imtahanı keçirilib və nəticələr çox aşağı idi. Bu baxımdan deyərdim ki, 2019-cu ilin qəbul imtahanlarının nəticələri o qədər də qənaətbəxş olmayacaq. Ən əsası da buna səbəb xarici dillə bağlı test tapşırıqları olacaq. Çünki abituriyentlərdən dinləmə tipli test tapşırıqları soruşulacaq. Bu, ilk dəfədir ki, tətbiq olunur. Bunun müsbət tərəfi odur ki, indiyə qədər şagirdlərimiz buraxılış imtahanlarına müsbət yanaşmasalar da, bundan sonra belə olmayacaq. Yenilik labüd idi. Çünki biz 2008-ci ildən etibarən, kurikulum standartları ilə tədris prosesini qurmağa başlamışıq. Artıq 2008-ci ildə 1-ci sinfə gedən uşaqlar 2019-cu ildə məzun olacaqlar. Onlar 11 il ərzində kurikulum üsulu ilə bilik və bacarıqlarını formalaşdırıblar. Buna görə də ənənəvi üsulla onların biliklərini yoxlamaq mümkün deyil. Dərsliklər, qiymətləndirmələr yenilənib. Lakin etiraf edək ki, nə qədər yenilik olsa da, şagirdlərimiz və müəllimlərimiz bunları tam şəkildə mənimsəməyiblər. Əslində yenilik müasir çağırışlara cavab verir. Ancaq məncə, ilk 2-3 ildə o qədər də qənaətbəxş nəticə olmayacaq. Qəbul qaydalarını çox dəyişmək əslində faydalı deyil. Amerikada, Fransada illərdir ki, qəbul qaydaları eynidir. Bizdə isə son illərdə xeyli dəyişiklik olub. Təhsil ən azı 10 ildən sonra nəticə verir. Biz isə nəticəni gözləmədən islahat aparırıq. Belə də olmaz. Birinci kitabı oxuyub qurtarmamış, ikinci kitab çıxırsa, bunun yan təsirləri də ola bilir”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR