Qəssablarla bələdiyyə sədrinin prinsipinə görə Masazır zibillikdə batır

9-08-2019, 22:00 220 dəfə baxılıb

Qəssablarla bələdiyyə sədrinin prinsipinə görə Masazır zibillikdə batır

Redaksiyamıza müraciət edən Abşeron rayonu, Masazır qəsəbəsinin sakini Şahəddin Mehdiyev bildirib ki, bir neçə gündür qəsəbə zibilin içində itib-batır.

Şikayətçinin sözlərinə görə, 95 min əhalisi olan qəsəbənin mərkəzi küçələrinin kənarlarına nəzər salınsa, bu acınacaqlı mənzərənin şahidi olarsınız: “Qəsəbə sanki ət kombinatını xatırladır, kəsilən iri və xırda buynuzlu mal-qaranın tullanmalı olan hissələri qəsəbə küçələrini “bəzəyir”, üfunəti də bir tərəfdən. Biz vəziyyətin düzəlməsi üçün Masazır Bələdiyyəsinə müraciət etdik. Oradan bildirdilər ki, texnika yoxdur, çatdırıb zibili apara bilmirlər. İndi biz nə etməliyik, buna görə zibilin içində batmalıyıq? Çox xahiş edirəm, bu məsələyə əncam çəkilməsinə kömək edəsiniz ki, problemimizdən əlaqədar qurumlar agah olsunlar”.

Bələdiyyə sədri: “Təkcə “Çıraqlı” deyilən məhəlləmizə hər gün 3 min mal-heyvan girir, onlardan minə yaxını bir gündə kəsilir”
Yaranmış vəziyyətə aydınlıq gətirmək üçün Masazır Bələdiyyəsinin sədri Siyənfər Əliyevlə əlaqə saxladıq. O, “Bakı-Xəbər”ə açıqlamasında məlumatı təsdiqlədi ki, qəsəbədə bir neçə gün zibillərin daşınması ilə bağlı problem olub: “Bəli, belə problem var. Bütün sakinlər həmin mənzərənin şəklini çəkib “WhatsApp”a qoyur, bəziləri sosial şəbəkələrdə paylaşırlar. Bir nəfər gəlib demir ki, problem nədən yaranıb, bəlkə kömək edə bilərik. Bilirsiniz ki, zibili hər maşınla daşımaq olmur. Bunun üçün xüsusi texnika nəzərdə tutulub. Bizdə həmin maşından dörd ədəd var. Bu texnika mal-qara tullantılarını daşımaq üçün nəzərdə tutulmayıb axı. Bizim qəsəbədə çoxlu sayda Laçından olan məcburi köçkün yaşayır. Onların da başlıca məşğuliyyəti qəssablıqdır. Sizə bir faktı deyim. Təkcə “Çıraqlı” deyilən məhəlləmizə hər gün 3 min mal-heyvan girir, onlardan minə yaxını bir gündə kəsilib şəhərin müxtəlif iaşə obyektlərinə göndərilir. Siz təsəvvür edin ki, həmin mal-qaranın nə qədər tullantısı çıxır. Axı biz sakinlərə xidmət edirik, ət kombinatına yox. Bizim texnikalar bu ağır yükləri daşıyanda tez-tez sıradan çıxırlar. Maşınlarımızdan ikisi xarab olmuşdu. Ona görə belə vəziyyət yarandı. Mən məcbur olub onların ehtiyat hissəsini Türkiyədən aldırdım. Bu gün məcbur olub başqa yerlərdən kirayə maşınlar cəlb etdim və qəsəbənin bütün zibilləri daşındı. Ancaq hesab edirəm ki, əlaqədar qurumlar bu məsələyə əncam çəkməlidirlər. Ət kəsimi ilə bağlı ortaya çıxan zibilləri daşımağa çox çətinlik çəkirik. Yaxşı olar ki, həmin fəaliyyətlə məşğul olub qazanc götürənlər zibillərinin də daşınması ilə bağlı bizə dəstək olsunlar. Bunun formalarını müzakirə etmək olar. Axı biz evdən çıxan zibilin daşınmasına məsuluq, mal-qara hissələrinə yox. Açığını deyim ki, əlimizdə olan texnika ilə biz işi çatdıra bilmirik. Bunun xarab olması da baş verəndə belə xoşagəlməz vəziyyət yaranır”.

Elşən Əliyev: “Qəssablarla bələdiyyə arasında yaranan ziddiyyətdən sadə əhali əziyyət çəkməməlidir”
Ekspert Elşən Əliyev isə hesab edir ki, qəssablarla bələdiyyə arasında yaranan ziddiyyətdən sadə əhali əziyət çəkməməlidir: “Əgər, deyilən kimi, açınacaqlı vəziyyət yaranıbsa, bələdiyyə buna zibili daşımamaqla reaksiya verməməlidir. Öz blankı ilə əlaqədar qurumları qəsəbədəki qəssabların yaratdığı problem haqda məlumatlandırmalıdır. Bələdiyyənin gəlir mənbələri var, zəhmət çəksinlər yeni texnika alsınlar. Yəni bu problem heç bir halda vətəndaşlara aid deyil. Vətəndaş təmiz şəhər istəyir. Zibilinin vaxtlı-vaxtında tullanmasını görməyi arzulayır”.

Məhəmmədəli QƏRİBLİ


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR