Azərbaycanda illərdir dərsliklərdən milyonlar qazananlar kimlərdir... - ARAŞDIRMA

8-09-2019, 23:29 225 dəfə baxılıb

Azərbaycanda illərdir dərsliklərdən milyonlar qazananlar kimlərdir... - ARAŞDIRMA


Yeni tədris ilinin, dərslərin başlamasına bir həftə qalır. Və məktəblərin qapılarını yenidən şagirdlərin üzünə açmağa hazırlaşdığı bir vaxtda Azərbaycanda təhsilin problemləri, qayğıları da yenidən yada düşür. Bunlardan biri də dərsliklərin keyfiyyəti və çapının necə təşkil edilməsidir. Dərsliklərin məzmununda çoxsaylı qüsurların olduğu, çox vaxt dərsliklərin yazılmasının kifayət qədər təcrübəli pedaqoqlara, alimlərə etibar edilmədiyi haqda əvvəllər dəfələrlə bəhs edilib. İndi isə məsələyə bir qədər fərqli aspektdən-dərsliklərin çapının keyfiyyəti və onların neçəyə başa gəlməsi, hansı şirkətlərin bu “yağlı tikə”ni ələ keçirməsi aspektindən yanaşmağı qərara aldıq.

Ötən il 828 minə yaxın dərslik yararsız hala düşüb

Təhsil Nazirliyi ötən tədris mövsümündə 828 minə dərsliyin yararsız hala düşdüyünü açıqlayıb. Və təbii ki, nazirlik buna görə şagirdləri ittiham edib. Bildirilib ki, şagirdlər dərsliklərlə səliqəli davranmırlar, dərsliklərin 4 tədris ilində istifadəsi nəzərdə tutulsa da, artıq ikinci ildən köhnəlir, vərəqlər cırılır, zədələnir.

Yüz minlərlə dərsliyin yararsız hala düşməsi kağızın, istifadə olunan boyanın keyfiyyəti, kitabların cildlənməsi, yaxud dərslik çapındakı digər problemləri yada salıb. Elə ictimaiyyət nümayəndələri, ekspertlər də problemi dərslik çap edən nəşriyyatlarda axtarmağı tövsiyə edirlər. Hərçənd ki, Təhsil Nazirliyinin dərsliklərlə bağlı keçirdiyi tenderlərdə illərdir eyni nəşriyyatlar qalib olur, amma onların fəaliyyəti ictimaiyyət üçün yetərli qədər açıq deyil.

Məsələn, tenderdə qalib olan nəşriyyatların siyahısı internetdə yerləşdirilmir, yaxud onlara ayrılmış vəsait, vəsaitin təyinata uyğun xərclənməsi və ya materialın keyfiyyətinə dair nə nəşriyyatların rəsmi səhifələrində, nə də digər mənbələrdə məlumatlar yoxdur.

Kommersiya sirri?

Azərbaycanda dərslik çapı ilə məşğul olan nəşriyyatların sayı çox deyil. Onlardan biri - “Bakı” nəşriyyatından dərsliklərlə bağlı suallarımıza təəccüblü cavab alırıq. Nəşriyyatın özünü təqdim etmək istəməyən xanım əməkdaşı deyir ki, ayrılmış vəsait, eləcə də sifarişlərlə bağlı suallar kommersiya sirridir, yalnız rəhbərlik istəsə cavablandıra bilər. Rəhbərlik isə işdə deyil. Digər sualların cavabını isə Təhsil Nazirliyi verməlidir: “Biz dərsliklərin elektron versiyasını nazirliyə təqdim edirik, sonrakı prosesdən xəbərsizəm”.

“Bakı” nəşriyyatının internet səhifəsində isə yazılıb ki, 14 ildir pedaqoq, müəllif və redaktorların əməyi nəticəsində on milyondan çox dərslik nəşr ediblər.

24 ildir fəaliyyət göstərən və təkcə orta məktəblər deyil, həm də ali məktəblər üçün tədris vəsaitləri, dərsliklər nəşr edən “Çaşıoğlu Eİ” MMC-dən nəşriyyat – poliqrafiya işləri üçün ən son avadanlıqların alınaraq quraşdırıldığını deməklə kifayətləndiblər. Nəşriyyata məxsus bütün telefon nömrələrinə zəng vurandan sonra öyrənirik ki, rəhbərlik hazırda işdə deyil, icazəsiz isə məlumat vermək qadağandır.

“Radius” nəşriyyatından da suallarımıza cavab verilmir, yalnız onu deyirlər ki, tanınmış müəlliflərlə işləyirlər. Fəaliyyətləri Təhsil Nazirliyini qane edir ki, tenderdə qalib gəlirlər.

Tenderdə şərtlər var imiş...

“Şərq-Qərb” nəşriyyatının mühəndis-texnoloqu Hikmət Bəyalıyev isə deyir ki, nəşr etdikləri dərsliklərin keyfiyyətinə təminat verirlər.

“Təhsil Nazirliyinin keçirdiyi tenderdə kağızın keyfiyyəti, qalınlığı, oxunuş zamanı gözün yorulmaması kimi şərtlər var. Nəşriyyat kağızı Rusiyadan alır, şərtlərə uyğun olaraq ibtidai siniflər üçün kağızın qalınlığı 80, yuxarı siniflər üçün 70 qram olur. Boyaları isə Avropa ölkələrindən alırıq, keyfiyyətinə təminat sertifikatlarımız var, gəlib yoxlaya bilərsiz. Ümumiyyətlə, bizim nəşriyyat ucuz olsun deyə Çindən gətirilən kağızlardan istifadə etmir”, -müsahibizim deyir və əlavə edir ki, təkcə çap deyil, çapdaqədər proseslər, cildləmə də nəzarətdədir, yoxlanılır.

Onu da öyrənirik ki, hər hansısa bir nəşriyyatın dərslik çapına qoşulması elə də asan deyil. “Bunun üçün sıfırdan başlamalısan, müəllif tapmalısan, dərslik hazırlanmalı, çapa qədər onlarla prosesdən keçirilməlidir”,-kitab nəşri ilə məşğul olanlardan biri səbəblərdən danışır.

Ucuz olsun deyə kağızları Çindən alırlar

Təhsil eksperti Kamran Əsədov isə bildirib ki, məhz kağız, rəng və digər keyfiyyətlərinə görə Azərbaycandakı orta məktəb kitablarlı ilə Avropada çap olan kitablar arasında ciddi keyfiyyət fərqi var. Dərsliklərdəki əsas qüsur qalın üzlü kitablardır.

“Azərbaycanda kitablar adətən ağ kağıza qara şriftlə çap olunur, bu isə gözləri yorur, sağlamlığa ziyan vurur. Yeni nəşr beynəlxalq standartlara, kitab çapının poliqrafik qaydalarına cavab verməlidir. Həddindən artıq kiçik şrift gözə ziyandır”,- ekspert belə deyir.

Onun sözlərinə görə, xüsusilə 6-7 və 10 sinif kitablarında keyfiyyət lazımi səviyyədə deyil. Kağızının ağ deyil, sarımtıl rəngdə olması məsləhətlidir, çünki ağ rəngli kağız gözü yorur, sarı rəngli kağızın çəkisi yüngül olduğundan onu daşımaq da asanlaşır: “Kağızlar ucuz olduğu üçün daha çox İran və Çindən gətirilir”.

Nəşriyyatlardan heç biri üzərində “pulsuz” yazılmış dərsliklərin mağazalara, bazara necə yol tapması ilə bağlı sualları da cavablandırmaqdan imtina etdilər.

Kitabxanaçı: “Zədələnmiş, itmiş kitabın yerinə valideyn təzəsini alıb verir”

Məktəb kitabxanasında çalışan Elnarə Babayeva isə deyib ki, həqiqətən də kitablarla səliqəli davranmayanlar çoxdur. Şairlərin şəkillərinə bığ-saqqal çəkirlər, nə gəldi yazırlar, səhifələri cırırlar. Amma məsələn, bəzi kitablarda krossvord tipli tapşırıqlar verilib, şagird tapşırığı işləməyə məcburdur: “Növbəti ildə şagirdlər narazılıq edirlər ki, tapşırıqlar artıq həll edilib”.

Babayeva əlavə edib ki, zədələnmiş kitabların əvəzinə valideyn alıb yenisini verir.

Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi”ndə göstərilir ki, orta məktəblərdə kitabxanadan götürmüş kitabın itməsinə və ya yararsız vəziyyətə salmasına görə eyni kitabı tapıb qaytarmalı, ya da onun dəyərinin 10 misli qədər vəsait ödəməlidir.

Nazirlik: korlama əmsalı cəmi 4,6 faizdir

Təhsil Nazirliyindən virtualaz.org-a bildiriblər ki, ötən tədris mövsümündə 1 milyon 784 minə yaxın dərslik istifadəyə verilib, onlardan yalnız 828 minə yaxını yararsız hala salınıb, korlanma əmsalı təxminən 4,6 faizə bərabər olub. Nazirlik hesab edir ki, dərsliklərin yararsız hala düşməsi birillik istifadədən sonra deyil, əsasən 2-3 tədris ilindən sonra baş verir və bu prosesin dərsliklərin texniki keyfiyyəti ilə əlaqələndirilməsi düzgün yanaşma deyil. Çünki dərsliklər ardıcıl olaraq 4 tədris ili ərzində müxtəlif şagirdlərin istifadə etməsi üçün istehsal edilir və hər şagirdin istifadəsindən sonra müəyyən qədər köhnəlməyə məruz qalır.



Açıqlamada bildirilir ki, ümumtəhsil müəssisələri üçün çap edilən dərsliklərin çapına dair texniki göstəricilər var, bu göstəricilər çap prosesini həyata keçirən poliqrafiya müəssisələri ilə imzalanan müqavilələrdə əksini tapır.

Nazirlik illərdir eyni nəşriyyatların dərslik çapı ilə məşğul olması iddiasına da münasibət bildirib. “Dərsliklərin çapına dair açıq tender hər il keçirilir. Dərsliklərin çapının və müəyyən edilmiş vaxtda məktəblərə çatdırılmasını nəzərə alaraq, prosesdə iştirak etmək istəyən şirkətlərin etibarlılığı vacibdir. Çünki dərslik vaxtında çap edilərək təhvil verilməzsə, cəmiyyətdə sosial narazılıq yaranır. Həmin dərsliyi çap edərək təhvil verməli olan poliqrafiya müəssisəsinə qarşı tətbiq edilən istənilən sanksiya həmin problemi aradan qaldırmır. Baş verə biləcək bu cür risklərdən sığortalanmaq üçün dərsliklərin çapına dair açıq tenderdə iştirak etmək istəyən poliqrafiya müəssisələrinə qarşı ixtisas uyğunluğu tələbləri qoyulur. Odur ki, dərslik çapı ilə eyni poliqrafiya müəssisələrinin məşğul olması bu sahədə tələblərə cavab verən mövcud şirkətlərin özlərinin könüllü olaraq verdikləri qərara bağlıdır”,-nazirlikdən qeyd ediblər.

Nazirlikdən indiyədək poliqrafiya müəssisələrində müqavilədə nəzərdə tutulan şərtlərin yerinə yetirilməməsi ilə qarşılaşmadıqlarını, eləcə də nöqsanlar aşkarlanmadığını da qeyd ediblər.

Dərsliklərin çapı üçün ayrılan vəsaitlərin neçəyə başa gəlməsi , tenderdə qalib gələn şirkətlər barədə məlumatlar isə qapalı olaraq qalır...

Virtualaz.org


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR