İqtidar-müxalifət dialoqunu əngəlləyən səbəblər

2-05-2019, 10:39 416 dəfə baxılıb

İqtidar-müxalifət dialoqunu əngəlləyən səbəblər


2019-cu ilin Azərbaycan tarixində təkcə sosial-iqtisadi islahatlar ili kimi deyil, həm də siyasi islahatlar ili kimi qalacağı bildirilir. Ölkə prezidenti tərəfindən ard-arda çoxsaylı sosial xarakterli fərmanlar və sərəncamların imzalanmasının ardınca siyasi məhbus kimi təqdim edilən 50-yə yaxın məhbusun azad olunması siyasi islahatların da başlanğıcının əlaməti hesab edilir. Bir sıra siyasilər hesab edir ki, siyasi islahatlara başlanması Azərbaycanda siyasi münasibətlər sisteminə, iqtidar-müxalifət münasibətlərinin yeni müsbət müstəviyə keçməsinə gətirib çıxara bilər.

Görülən sosialyönlü müsbət tədbirlərin sosial-siyasi effektiv nəticələr verməsinə siyasi islahatların ciddi təsir edəcəyi bildirilir.

Siyasi ekspertlər hesab edir ki, siyasi partiyalarla dialoq bu istiqamətdə ən ciddi addımlardan biri ola bilər. Bunun üçünsə ilk növbədə hakimiyyət elə addımlar atmalıdır ki, cəmiyyətin müxtəlif düşüncəli adamlarını bir araya, bir masa arxasına gətirə bilsin.

Qeyd edək ki, 2015-ci ildən indiyə qədər hakimiyyətlə müxalifət arasında dialoq olmayıb. Ara-sıra müxalifətdən və YAP yetkililərindən “diaoloqa hazırıq” kimi açıqlamalar verilsə də hələ dialoq baş tutmayıb. Bəs iqtidar-müxalifət dialoqu niyə baş tutmur? Siyasi islahatların başlaması üçün də dialoq lazımdırmı?

AMİP katibi Əli Orucov bildirdi ki, əslində Azərbaycanda bu günədək iqtidar-müxalifət dialoqu olmayıb. 2015-ci ildə iqtidar təmsilçisi ilə siyasi partiyaların rəhbərlərinin görüşləri keçirilmişdi. Orada təkcə müxalifət partiyaları deyil, həm də hakimiyyəti müdafiə edən partiyalar da iştirak edirdi. Bu formatda keçirilən görüş isə təbii ki, iqtidar-müxalifət dialoqu deyil: “Keçirilən həmin görüşlər də parlament seçkiləri öncəsi beynəlxalq ictimaiyyətə nümayiş etdirmək üçün idi. Dialoq tamam ayrı şeydir. İqtidar isə real və nəticəli dialoqa meyl göstərmir. İndiyə qədər iqtidar-müxalifət dialoqunun baş tutmamağının əsas səbəbi iqtidarın müxalifətə yuxarıdan aşağı, rəqib deyil, qaragüruhçu kimi yanaşmasıdır. İqtidar bu cür yanaşdığı qüvvələrlə bir masa arxasında əyləşib ciddi-ciddi müzakirələr aparmağı özünə sığışdırmır.

İqtidar-müxalifət hər zaman dialoq şəraitində olmalı, ölkənin, cəmiyyətin problemlərinin həlli istiqamətində birgə səy göstərməlidir. Sivil cəmiyyətlərdə belədir. Azərbaycanda isə iqtidar-müxalifət hələ də sanki ayrı-ayrı dövlətlərdən gəlmiş kimidirlər. İqtidar-müxalifət dialoqu üçün ilk növbədə qarşılıqlı etimad, hörmət və siyasi iradə olmalıdır".

Ə.Orucovun sözlərinə görə, dialoqda iştirak edənlər, bu prosesi də aparanlar dövlətin və cəmiyyətin idarə edilməsində həlledici təsirə malik şəxslər olmalıdır: “Proses ictimai-siyasi duruma yön verə bilən liderlər, məsul şəxslər, qərarların verilməsində, siyasi kursun müəyyənləşdirilməsində etkisi olan şəxslərin birbaşa iştirakı ilə aparılmalıdır ki, öz müsbət nəticəsini versin. YAP-ın deputatları ilə müxalifət partiyalarının görüşünü iqtidar-müxalifət dialoqu saymaq düzgün olmaz. Tutaq ki, partiya sədrləri Siyavuş Novruzovla, Əli Əhmədovla bir masa arxasında əyləşdilər, lap saatlarla danışdılar. Bununla ölkədə nəyi həll etmək mümkündür ki? Təbii ki, heç nəyi. Çünki bu formatda görüşdə formal olaraq qabardılan problemlər elə görüş otağında da qalasıdır”.

Ekspertin fikrincə, müxalifət düşərgəsinin özündə də bu mövzuda müəyyən tərəddüdlər var: “Çünki etimad, inam yoxdur. Halbuki görüşlərin, dialoqun real nəticələrini görə bilsələr qarşı duran düşərgələr dialoq mühitinə maraq göstərərlər. Əgər ölkədə doğrudan-doğruya iqtidar-müxalifət dialoqu baş tutsa, əminəm ki, bir sıra ciddi problemlərin həllini asanlıqla çözmək mümkündür. Cəmiyyətdəki gərginliyi, qarşılıqlı nifrəti, inkarçılığı, qəzəbi, kini kifayət qədər aradan götürmək mümkündür. Bunu mümkün etmək vəzifəsi və məsuliyyəti isə daha çox iqtidarın üzərindədir. İqtidar heç bir maneəyə baxmadan, heç bir ilkin şərtlər irəli sürmədən təşəbbüs göstərsə, ölkəyə xeyir gətirən dialoq mühiti formalaşar.

İqtidardakılar hesab etməsin ki, onlar çox güclü olduqları üçün zəif, pərakəndə müxalifətlə bərabər hüquqda masa arxasında əyləşməyə lüzum yoxdur. Düşünürəm ki, dünyada və regionda gedən sürətli prosesləri, yaxud qlobal təhlükələri dərinliyi ilə anlayıb dəyişikliklər istiqamətində atılan addımları siyasi sferaya da tətbiq etmək lazımdır. Özü də bu nə qədər tez olarsa, o qədər yaxşı olardı. Sosial sahədə atılan müəyyən müsbət addımlar siyasi davamlılığını almalıdır".


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR