İqtidar xanım deputatlardan da yarımadı: onlar kimdir? – Eksklüziv siyahı

11-06-2019, 19:39 31 dəfə baxılıb

İqtidar xanım deputatlardan da yarımadı: onlar kimdir? – Eksklüziv siyahı



Psixoloq Helen Lorenson hesab edir ki, əgər bir qadın yetərincə hirsli, qərarlı və bacarıqlıdırsa, edə bilməyəcəyi heç bir şey yoxdur.

Bu, siyasətdə də aktualdır. İstərsə dünya, istərsə də Azərbaycan siyasətində qadınların həmişə xüsusi mövqeyi olub.

Tomrisdən, Nüşabədən Sara Xatuna, Ayna Sultanovadan Məryəm Həsənovaya, Lalə Şövkətə qədər siyasətçi xanımlar olub. Onların hansı əqidənin sahibəsi olmasına rəğmən, siyasi arenada tarix yazıblar.

Müasir siyasətdə isə Azərbaycanın ən parlaq qadın siyasi xadimi I vitse – prezident Mehriban Əliyevadır. Onun Heydər Əliyev Fondunun prezidenti postundan parlamentdə millət vəkilliyinə qədər bütün fəaliyyəti xalqa, çətinliyi olan insanlara kömək, dəstək olub.

Prezidentin qızı Leyla Əliyeva da fondun vitse- prezidenti kimi aktiv fəaliyyətdədir, insanların yanındadır.

Habelə, vitse – spiker Bahar Muradova, filologiya üzrə fəlsəfə doktoru, “Kaspi” qəzetininin təsisçisi Sona Vəliyevanın ictimai – siyasi həyatda fəal iştirakını qeyd etmək olar. Eyni zamanda bu siyahıda özəl yerə malik millət vəkili Qənirə Paşayevanın fəaliyyəti təqdirəlayiqdir.

Qənirə xanım təkcə seçicilərinin deyil, ona üz tutan, tutmayan, darda olan hər bir vətəndaşın dadına çatır, ölkənin milli maraqlarını müdafiə edir, Qarabağın işğalını, erməni vəhşiliyini bir türk qızı kimi hər yerdə danışır.

Bütün bunları sadalamaqda səbəb odur ki, heç də ölkənin siyasi arsenalında olan xanım siyasətçilər, deputatlar Mehriban Əliyeva, Bahar Muradova, Qənirə Paşayeva qədər fəallıq göstərmirlər.

Reportyor.info-nun Araşdırma Qrupu ortaya çox ciddi nəticələr çıxarıb və məlum olub ki, parlamentdə bir çox xanım millət vəkilləri susmaqla məşğuldur. Hətta ictimaiyyət onların bəzilərinin deputat olmasından bixəbərdir.

Məsələn, 6 saylı Culfa-Babək seçki dairəsindən deputat seçilmiş Həmzəyeva Ülviyyəni tanıyırsınızmı? Deputat işlədiyi bu 4 ildə onun səsini eşidən, çıxışına rast gələn olubmu?

Bəs, 16 saylı Yasamal ikinci seçki dairəsindən deputat təyin olunmuş Mustafayeva Aytənin hansısa qanun layihəsi təşəbbüsü ilə çıxış etdiyini, parlamentin iclaslarında hər hansı problemdən danışdığını görən olubmu?

Yasamal seçiciləri xatırlamırlar ki, seçkidən əvvəl və sonra Aytən Mustafayeva nə zaman onlarla görüşüb.

Aytən xanım sonuncu dəfə oğlunun biznesi və özünün pivə içdiyi yerdə fotosu ilə medianın gündəmə gəlib.Bununla siyahı bitmir.

25 saylı Nizami ikinci seçki dairəsindən Vəliyeva Sədaqət parlamentdə heç bir fəallığı olmayan deputat kimi tanınır. Onu heç spiker bəlkə də tanımır.

Çünki ağzını açıb danışdığını xatırlayan yoxdur. Nizami rayon seçicilərinin kifayət qədər sosial problemləri var, amma S.Vəliyeva millət vəkili kimi onlarla maraqlanmayıb.

27 saylı Sabunçu ikinci seçki dairəsinin seçicilərinin də bu mənada bəxti gətirməyib. Hakimiyyət Cəbrayılova Dilarə xanımı ona görə deputat edib ki, vətəndaşların problemlərinə biganə qalmasın.

Bəli, deputat qoyulub, seçilməyib. Çünki seçicilər onu tanımırlar. D.Cəbrayılova məktəb direktoru olub, nardaranlıdır, kifayət qədər fəallıq edə, işlər görə bilər.

Amma xanım deputatın vətəndaşların problemlərindən tutmuş Qarabağa məsələsinə, xaricdəki bəzi dairələrin ölkəmizə qarşı kampaniyasına qədər hansı məsələdə rəyini oxumusunuz?

Gəncədə 37 saylı Nizami birinci seçki dairəsindən deputat olan Kərimzadə Pərvin də D.Cəbrayılovdan, S.Vəliyevadan, A.Mustafayevadan fərqlənmir.

Reportyor.info-nun Araşdırma Qrupu yazır ki, 93 saylı Bərdə şəhər seçki dairəsindən Gövhər Baxşəliyeva da passiv deputatlardan sayılır. 99 saylı Şəmkir kənd seçki dairəsindən Sona Əliyeva isə qalmaqallarla tanınıb.

O da qardaşları ilə yola getmir. Onun da seçicilərin yanan barmağına su tökdüyü olmayıb.

103 saylı Gədəbəy seçki dairəsindən deputat SevincHüseynova isə özü də fəaliyyətindən narazıdır.

O, dəfələrlə aktiv millət vəkili ola bilmədiyini söyləyib. 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən millət vəkili mandatı qazanmış Ülviyyə Ağayeva üç rayonun seçiciləri ilə bir dəfə görüşməyib.

Ü.Ağayevanın parlament fəaliyyətindən heç kəsin xəbəri yoxdur. Milli Məclisin iclaslarına da bir o qədər getmir.

111 saylI Zaqatala-Balakən seçki dairəsindən KamiləƏliyeva da Ü.Ağayeva kimi nə mətbuata müsahibə verir, nə parlamentdə təkliflə çıxış edir, nə ölkəyə qarşı qərəzli kampaniyalar aparılanda müdafiəsinə qalxır, nə seçicilərinin problemlərinin həllinə dəstək olur.

Bir sözlə, bu siyahı təsdiqləyir ki, əksər xanım millət vəkilləri bir çox kişi həmkarlarından heç də geri qalmırlar.

Bu reallıq isə özlüyündə iqtidarı düşünməyə vadar edir və növbəti seçkidə parlamentin xanım tərkibinə yenidən baxılması zərurəti yaranır.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR