Avropa Parlamentinə yeni seçkilər Azərbaycana nə vəd edir? - TƏHLİL

12-07-2019, 11:42 219 dəfə baxılıb

Avropa Parlamentinə yeni seçkilər Azərbaycana nə vəd edir? - TƏHLİL


Ötən həftə Avropa Parlamentinin sədri vəzifəsinə keçirilən səsvermə zamanı 4 namizəddən heç biri lazımi sayda səs toplaya bilmədiyindən ikinci mərhələ keçirildi. İkinci mərhələdə italiyalı David-Mariya Sassoli Avropa Parlamentinin yeni sədri oldu. Ötən çağırışda vitse-spiker olan 63 yaşlı deputat səsvermənin ikinci mərhələsində palata üzvlərinin əksəriyyətinin səsini qazandı.

Seçkilərdə Sosial Demokratların (S&d) namizədi, italyan David Mariya Sassoli, Avropa Yaşıllar Partiyasının (EFA) namizədi, Alman Ska Keller, Avropa Birləşmiş Solu-İskandinav Yaşıl Solununn (GUE/NGL) namizədi, ispan Sira Rego və Avropa Mühafizəkarları və İslahatçılarının (ECR) namizədi, çexyalı Yan Zahradil sədr vəzifəsi uğrunda mübarizə aparırdılar.

Qeyd edək ki, Avropa Parlamenti 28 üzv ölkənin 751 nümayəndəsindən ibarətdir. Avropa İttifaqı qurumları içində birbaşa xalq tərəfindən seçilən yeganə orqan olan Avropa Parlamentinin sədri parlamentin rəsmi nümayəndəsi kimi bütün işləri idarə edir. AP-nin üzvləri 5 il müddətinə seçilirlər, AP sədri hər 2,5 ildə dəyişir. Sədr parlament üzvlərinin səs çoxluğu ilə müəyyən olunur.

“Yeni Müsavat”a danışan ekspert Yeganə Hacıyeva hesab edir ki, 2019-cu ilin Avropa Parlamentindəki seçkilər stratejidir: “Ümumiyyətlə, Avropa Birliyinin bu il keçirilən seçkiləri çox stratejidir. Bu seçkilərdə Avropa qurumlarında təmsil olunan siyasi qrupların yerdəyişməsindən Avropa Birliyinin gələcəyi asılıdır. AP-nin namizədləri arasından David-Mariya Sassoli daxili səsvermə nəticəsində 667 nəfərdən 345 nəfərin səsini qazanıb. Bu, ”50+1" deməkdir. Yəni 50 faiz və əlavə də 1 nəfər. Bu seçkilərdə Avropa komissiyasının prezidenti, Avropa Xarici Təhlükəsizlik Məsələləri üzrə Ali komissar, Mərkəzi bankın və Avropa Şurasının, o cümlədən də Avropa sammitinin prezidentləri dəyişir. Yaxın günlərə planlaşdırılan sessiyada bu 4 mövqenin təsdiqlənməsi prosesi olacaq".

Ekspert bildirib ki, Avropa Parlamentində postların təyinatında erməni lobbisinin təsiri mümkün deyil: “Bu, o qədər böyük institutdur ki, onların dəstəklədikləri bu və ya digər qruplar mövcuddur. Yəni konkret desək, ermənilərin bu pozisiyada dəstəklədikləri Çexiyadan olan Yan Zahradil və ispaniyalı Sira Rego idi. Onları birbaşa olaraq Fransada, Almaniyada yaşayan kürd və ermənilər dəstəkləyirdilər. Avropa Parlamentində erməni lobbi qrupu maşa olaraq istifadə edilir. Yəni bu, o qədər böyük qurumdur ki, ermənilərin çapı o qədər böyüklüyə çatmır. Ancaq əlbəttə ki, istər Türkiyəyə, istərsə də Azərbaycana qarşı iqtisadi maraqların təmin olunması üçün xüsusilə də son illərdə ermənilərdən maşa olaraq istifadə edən siyasi qruplar oldu. Bu siyasi qruplar isə daha böyük lobbi qrupların əlindəki maşa idi. Erməni lobbi qrupunun Azərbaycana qarşı Avropa qurumlarında rolu Trans-Xəzər və Cənub-Şimal, Şərq-Şimal koridorlarında payların müəyyən olunmasına qədərdir. Avropa Birliyinin şərqə doğru genişlənməsi proqramında, kommunikasiya və eyni zamanda nəqliyyat xətlərinin çəkilməsində, dividentləri qazanılmasında ermənilərdən bizə qarşı istifadə cəhdlərini görürük. Lakin bununla belə, ermənilərin böyük olduğu illüziyasını yaratmaq lazım deyil”.

Ekspert söylədi ki, indiki məqamda Azərbaycan öz pozisiyasını iqtisadi və siyasi maraqlarının üzərində qurmalıdır: “Avropa Birliyi ilə Rusiya, İran münasibətləri və eləcə də Çinin qitələrarası nüfuzunun artırılmasına yönəlik siyasəti elə gətirdi ki, Azərbaycan 10 il bundan öncəki mövqeyində deyil. Reallıq budur ki, Azərbaycan qitələrarası kommunikasiya və strateji nəqliyyat oyunçusuna çevrilib. Azərbaycan bu yerindən istifadə edərək Avropa Parlamentində işini qurmalıdır və əminəm ki, quracaq. Deyə bilərik ki, ölkədə aparılan kadr islahatları nəticəsində təyin olunan şəxslər və yeni parlamentin çox güclü olacağı düşünülən tərkibi bizim iqtisadi maraqlarımızın üzərində qurulan, milli maraqlarımızın müdafiəsini təmin edəcək. Avropa Parlamenti də bu maraqlarımızın təmin olunduğu beynəlxalq təşkilatlardan biri olacaq”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR