Erkin Qədirlinin “tələsən yerimiz yoxdur” fikri qalmaqal yaratdı

24-09-2019, 11:03 47 dəfə baxılıb

Erkin Qədirlinin “tələsən yerimiz yoxdur” fikri qalmaqal yaratdı


Real Partiyasının rəsmisi Erkin Qədirlinin cəmiyyətlə bağlı yazdığı statuslar, dediyi fikirlər hər zaman müzakirə mövzusu olur. Son olaraq, realçı 3 əsas məqamla bağlı fikirlərini ümumiləşdirib. Onları nəzərinizə çatdıraq:

- Önəmli xatırlatma:

Cəmiyyətimiz demokratiyaya hazır deyil (hazırlaşmaq, təcrübə toplamaq lazımdır).

Müxalifətimizin demokratik potensialı çox aşağıdır.

Siyasətçilərin keyfiyyəti seçicilərin keyfiyyətinə düz mütənasibdir.

Tələsən yerimiz yoxdur.

E.Qədirli eyni zamanda demokratiya ilə bağlı fərqli yanaşma da sərgiləyib. Bildirib ki, demokratiya siyasətin məqsədi deyil, siyasətlə birbaşa əlaqəsi olmayan çeşidli sahələrdə inkişafın yan təsiridir: “Demokratiya demokratik olmayan təsisatlardan və təcrübələrdən asılıdır (məhkəmə, polis, bəzən ordu, bürokratiya, maliyyə sistemi, təhsil və s.). Həmin təsisatlar və təcrübələr avtoritar yollarla qurulur.

Demokratiya dəyərlər sistemi və ya xoş niyyətlər nəticəsi deyil, güc nisbətidir. Erkən çağlardan bu günə qədər demokratiyalar o yerdə və o zaman qurula bilib ki, heç kəs hakimiyyəti təkbaşına və ya bir qrup olaraq ələ keçirə bilməyib. Yəni heç kəsin buna gücü yetməyib, ona görə də rəqib güclər bir-biri ilə anlaşmalı, hakimiyyəti bölməli, sistemi də elə qurmalı olublar ki, gələcəkdə kimsə hakimiyyəti qəsb edə bilməsin.

Demokratiya üçün təhlükəsizlik ön şərtdir. Təhlükə ortamında demokratiyanın 2-ci bənddə yazdığım təsisat və təcrübələrə ehtiyacı artır və onların gücü yetməyəndə, demokratiya çökür, ya da heç yarana bilmir. Daha öncə yazdığım kimi, demokratiya çözümgətirici deyil, çözümarayıcı bir sistemdir (bunun izahını yazmışdım). Gözləntiləri aşağı tutmaq gərəkdir".

Sosial şəbəkədə isə E.Qədirlinin bu fikirləri, xüsusən də “tələsən yerimiz yoxdur” sözləri ironiyaya səbəb olub. Akademik yanaşmaları, demokratiya ilə bağlı fərqli düşüncələri ilə hər zaman müzakirə obyektinə çevrilən E.Qədirlinin son yazdıqları bir çox tanınmış fikir adamı tərəfindən fərqli yanaşmalara səbəb olub.

Tarixçi alim Altay Göyüşov E.Qədirlinin bu statusuna ironik bir münasibət bildirib: “Hörmətli Erkin də indi bu saat yazıb ki, ”Azərbaycan cəmiyyəti demokratiyaya hazır deyil, təcrübə toplayırıq, tələsən yerimiz yoxdur". İnşallah, Türkmənistana çevrilək, onda təcrübə toplamaq imkanlarımız genişlənəcək".

Jurnalist Rövşən Əliyev isə E.Qədirlinin bu fikirlərinə “Yeni nəsil siyasətçilərin icadı, yoxsa...” başlıqlı statusla cavab verib: “Erkin Qədərli deyir demokratiyaya hazır deyilik. Emin Milli deyir vaxt lazımdır. ”Yaxın 10-20 il ərzində bu dəyişməyəcək".

Rəşad Şirin də təxminən elə deyir. Gənc tamaşaçılar teatrı da elə bilir ki, bu formul gənc siyasətçilər nəslinin yeni yaradıcılığıdır. 90-cı illərin ortalarında Nemət Pənahlı prezidentin müşavirinin müşaviri olanda prezident aparatından bir siyahı oğurlayıb yaymışdı. Bu siyahıda kimlərin Milli Məclisə buraxılacağı yazılmışdı. Seçkidən sonra mandat alanların siyahısı ilə bu siyahı üst-üstə düşdü...

Nə isə, yeni nəsil siyasətçiləri bir 20-25 il daha istəyirlər. Öz istəkləri olsa dərd yarıydı".
“Yeni Müsavat”


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR