Azərbaycan-Rusiya sıxlaşan əlaqələri: Kremldən asılılıq riski - TƏHLİL

13-12-2019, 17:06 41 dəfə baxılıb

Azərbaycan-Rusiya sıxlaşan əlaqələri: Kremldən asılılıq riski - TƏHLİL




Son zamanlar Rusiya-Azərbaycan əlaqələrinin daha da intensivləşməsi qarşılıqlı səfərlərin həyata keçirilməsi fonunda daha aydın müşahidə olunmaqdadır. Ötən həftə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkinlə görüşdü. Həmin gün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi arasında Niyyət Protokolu imzalandı.

Niyyət protokolu 20-25 noyabr 2019-cu il tarixlərində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Rusiya Federasiyasına rəsmi səfəri zamanı prezident Vladimir Putinlə görüşü çərçivəsində iki ölkə arasında innovasiyalar və insan kapitalının inkişafı sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi barədə əldə olunmuş razılaşmaların həyata keçirilməsini ehtiva edir.



Bundan əlavə, iki ölkə arasında turizm əlaqələri də inkişaf edir. Ötən il Rusiyadan Azərbaycana 850 mindən çox turist gəlib ki, bu rəqəmin ilbəil artması gözlənilir. Elə tələbatı nəzərə alan Bakı bu istiqamətdə növbəti addımını atıb. Belə ki, Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuralarının əməkdaşlığı çərçivəsində turizm alyansı yaradılıb. Bu barədə Azərbaycan-Rusiya İşgüzar Şurasının Bakıda keçirilən iclasında qurumun İdarə Heyətinin sədri Səməd Qurbanov məlumat verib.

“Rusiya və Azərbaycan arasında strateji əməkdaşlıq mövcuddur”. Bunu isə Bakıda keçirilən Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının iclasında iqtisadyyat nazirinin müavini Niyazi Səfərov demişdi. N.Səfərov əlavə edib ki, bu vaxta kimi iki ölkə arasında müxtəlif sahələri əhatə edən 200-dən çox sənəd imzalanıb.

Rusiya xarici işlər naziri Sergey Lavrov Bakı səfəri zamanı azərbaycanlı həmkarı ilə birgə mətbuat konfransı zamanı Ermənistanın baş nazirinin məlum çağırışı ilə bağlı “Kommersant”ın müxbirinin sualına cavabında, ilk növbədə Rusiya-Azərbaycan hərbi-texniki əməkdaşlığının Azərbaycanla strateji tərəfdaşlığın əsas sahələrindən biri olduğunu vurğulamışdı. “Deyə bilərəm ki, hərbi-texniki əməkdaşlıq Azərbaycanla əməkdaşlığımızın vacib sahələrindən biridir. Biz bu tərəfdaşlığı tamamilə şəffaf, beynəlxalq hüququn prinsiplərinə, Azərbaycan və Rusiya qanunlarına uyğun şəkildə və bu bölgədə formalaşan tarazlığı, burada sabitliyin qorunmasının vacib olduğunu nəzərə alaraq inkişaf etdiririk”, - deyə o bildirib.

Azərbaycan və Rusiya yeni silah anlaşması imzalamağa hazırlaşır. Bu barədə isə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiyada nəşr olunan “Kommersant” qəzetinə müsahibəsində bildirmişdi. “Bu yöndə bəzi maraqlı düşüncələrimiz var. Razılaşma baş tutan kimi KİV-ə məlumat verəcəyik”, - deyə Azərbaycanın baş diplomatı qeyd edib.

Yuxarıda qeyd olunduğu kimi, Bakı və Moskva arasında çoxtərəfli əməkdaşlığı nəzərdə tutan əlaqələr inkişaf edir. Hətta Rusiyanin iqtisadi inkişaf naziri Mixail Oreşkin qeyd edib ki, ölkəsinin Azərbaycanla son 9 ayda aliş-veriş dövriyyəsi, Avrasiya İttifaqina daxil olan bütün dövlətlərlə müqayisədə çoxdur. Deməli, Rusiya Azərbaycana xüsusi önəm verir və yüksələn əlaqələr bunu bir daha təsdiq edir.

Lakin əlaqələrin inkişafına fərqli prizmadan yanaşanlar da var. Bəzi ekspertlər hesab edir ki, hərbi və digər sahələrdə əməkdaşlıq son nəticədə Rusiyadan asılılığa gətirib çıxara bilər. Hərçənd bunun əksini düşünən siyasi ekspertlərimiz də var.

Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov “Yeni Müsavat”a bildirdi ki, Rusiya-Azərbaycan əlaqələrinin bu gedişlə inkişafından narahat deyil: “Hesab etmirəm ki, bu əlaqələr Rusiyadan asılılıq yaradır. Hiss olunur ki, Azərbaycan və Rusiya tərəfi bu əlaqələrə müsbət yanaşır. Azərbaycan istəyir ki, əlaqələrin daha da intensiv və geniş olmasına Rusiyanı maraqlandırsın. Bu, eyni zamanda ona işarədir ki, Ermənistanla müqayisədə Azərbaycanla münasibətlərin strateji müttəfiqlik səviyyəsinə çatdırılması Azərbaycan və Rusiyanın xeyrinədir. Hesab edirəm ki, əsas məqsəd budur. Hiss olunur ki, artıq Rusiyadakı ermənipərəst mövqeli dairələr və ermənilər bu vəziyyətdən narahatdırlar. Amma bu vəziyyəti tənqid etməyə onların heç bir arqumenti yoxdur. Çünki iqtisadi maraqlar, qarşılıqlı mənfəət təbii ki, çox güclü bir arqumentdir. Ona görə fikrimcə, məsələ bununla da bağlıdır”.

T.Zülfüqarova görə, burada hansısa tərəfin mövqeyinin dominantlıq etməsindən danışmaq artıqdır: “Biz kredit hesabına nə isə alsaydıq, onda asılılıq baş verərdi. Amma bazara baxıb, bu və ya digər malı seçib ala bilərik. Silah məsələsinə gəldikdə, təcrübə onu göstərir ki, Azərbaycan çox asanlıqla digər bazarlardan da silah və hərbi avadanlıq ala bilər”.

Eks-nazir iqtisadi əlaqələrdən bəhs edərkən qeyd etdi ki, bu əlaqələrin inkişafı təbiidir: “Burada texnoloji yaxınlıq var. Çünki biz uzun müddət eyni iqtisadi mühitdə yaşamışıq. Bu baxımdan texnoloji uyğunluq bəzi iqtisadi əlaqələrin güclənməsinə iqtisadi təkan verir”.

Siyasi əlaqələrə gəldikdə, T.Zülfüqarov bunun mürəkkəb məsələ olduğunu vurğuladı: “Burada Rusiyanın güclü mövqeləri heç də son səfərlərlə bağlı deyil. Bəzi şəxslərin rusiyapərəst siyasət nümayiş etdirməsi də bir faktordur, amma son səfərlərlə əlaqəsi yoxdur. Bu, başqa bir mövzudur və yeni vəziyyət yaradır. Bunun da izahı çox sadədir. Rusiya demək istəyir ki, sizin bu boyda qonşunuz var və onun siyasəti bu və ya digər məsələlərdə sizinçün böyük maraq kəsb edirsə, o halda onunla əlaqələri qoruyub-saxlamağa məcbursunuz. Belə bir misal var: dosta yaxın olmaq lazımdır, amma çalış ki, düşmənə lap yaxın olasan. Mən demək istəməzdim ki, biz bu misalı Rusiyaya tam şəkildə şamil edək. Amma Rusiyanın siyasətinin bizi qane etməyən hansısa məqamlarını neytrallaşdırmaq üçün təbii ki, biz əməkdaşlığı inkişaf etdirməliyik, ayrı yol yoxdur. Bizim Rusiya ilə müharibə, dava, siyasi qarşıdurma aparmaq imkanlarımız da yoxdur. Həm də istər-istəməz hansısa oyunçuların alətinə çevrilə bilərik və inanmıram ki, o halda bizim ölkənin hansısa xeyri olacaq. Baxın, digər ölkələrin nümunəsi onu göstərir ki, Qərb hansısa məqamda Rusiyadan zərbə alan, bu ölkə ilə konfrontasiyaya gedən ölkələri müdafiə etmir. Yəni bəyanatlardan kənar hansısa ciddi addım atılmır. Biz bunu başa düşməli, reallığı görməliyik”.
“Yeni Müsavat”


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR