Misir Mərdanovun kurrikulumu kütləvi savadsızlığa gətirib çıxardı - TƏHLİL

22-08-2019, 23:43 43 dəfə baxılıb

Misir Mərdanovun kurrikulumu kütləvi savadsızlığa gətirib çıxardı - TƏHLİL


Ötən il orta məktəblərdə 9-cu sinif şagirdlərinin riyaziyyatdan I mərhələ imtahanlarında 100 ballıq sistemlə orta göstəricisi 10 bal olub. Bu haqda Dövlət İmtahan Mərkəzinin 2018/2019-cu tədris ilində ali məktəblərə qəbul və buraxılış imtahanları üzrə yekun elmi-statistik təhlilində deyilir. Təhlil bir neçə gün əvvəl dərc olunub.

Orada qeyd olunur ki, 9-cuların 50 faizi həmin imtahanlarda «0» bal toplayıb, yəni imtahan vərəqinə heç nə yazmadan geri qaytarıb.

«9-cu siniflər üzrə buraxılış imtahanında iştirak edən şagirdlərin 1-ci sinifdən etibarən bacarıq və vərdişlərin inkişaf etdirilməsi üzərində qurulan kurrikuluma əsasən təhsil almalarına baxmayaraq, bu cür tapşırıqları yerinə yetirməkdə çətinlik çəkdiklərini görürük. Tədris dili fənnindən fərqli olaraq, riyaziyyat fənni üzrə imtahanın birinci mərhələsində təqdim olunan bütün tapşırıqlar açıq tipli olduqları üçün bu hal riyaziyyat fənni üzrə imtahanda özünü daha qabarıq şəkildə göstərir», – DİM-in təhlilində bildirilir.

Daha sonra qeyd olunur ki, ümumtəhsil məktəblərində kurrikulumun tətbiqi çox zəifdir və şagirdlərə aşılanan bacarıq və vərdişlər lazımi səviyyədə deyil.

Neftçala rayon Xıllı qəsəbəsi 1 saylı orta məktəbin müəllimi Seyran Səfərov günahı yalnız kurrikulumda görmür. O, özü də bu il 9-cu sinif şagirdlərinin buraxılış imtahanında nəzarətçi olub. Müəllim elə bu il də nəticələrin dəyişməz olduğu qənaətindədir.

«Bu il 9-cu sinfin imtahanlarında suallar testdən kənara çıxmışdı. Orda açıq tipli suallar verilirdi, deyilirdi ki, konkret cavab yazmayın, misalın həllini yazın. Bu tələb olunduğuna görə problem yarandı, uşaqlar misalın həllini bilmirlər. Uşaqlar neçə illərdi kökləniblər test sisteminə, ancaq cavab axtarmağa, nə teorem isbat edirlər, nə də ulduzlu məsələ-misal. Sadə test tipli suallara kökləndiklərinə görə nəticə belə oldu. Bu da məktəbin problemini göstərdi»,-müəllim «Azadlıq” radiosuna açıqlamasında deyir.

Hərçənd, müəllim yaranmış duruma görə həmkarlarını qınamır: «Müəllimlərdən də test tələb olunurdu. Qəbul test, imtahanlar test, nəticə də göz qabağındadır. Valideyn uşağı gətirəndə demir ki, uşağa elm öyrət, fizika, riyaziyyat öyrət, deyir: «Testi öyrət». Müəllim də çalışır ki, necə edim testi mənimsədim. Testi əzbərlədənlər var».

S.Səfərov buna görə də bu il 9-cu siniflərin buraxılış imtahanlarının ikinci mərhələsində açıq tipli sualların yox, test suallarının salındığını və bundan sonra nəticələrin dəyişdiyini söyləyir: «Məsələ-misalın həlli, isbatı istənilmədi, ona görə də nəticələr yuxarı qalxdı».

DİM-in elmi-statistik təhlilində isə deyilir ki, 9-cu və 11-ci sinif şagirdlərinin buraxılış imtahanları fənlərindən nəticələrinin müqayisəsi 11-ci sinif şagirdlərinin göstəricilərinin daha yaxşı olduğunu göstərir. Yəni, orta statistik 9-cu sinif şagirdi buraxılış imtahanının II mərhələsində tədris dili fənni üzrə 51.73, riyaziyyat fənni üzrə 47.48 bal toplayıb. Orta statistik 11-ci sinif şagirdi isə həmin fənlərdən 57.95 və 55.95 bal yığıb. Dövlət İmtahan Mərkəzi hesab edir ki, bunun əsas səbəbi şagirdlərin 9-cu sinifdən etibarən ali təhsil müəssisələrinə qəbul imtahanlarına hazırlaşmaq üçün dərsdənkənar məşğələlərə getmələri və repetitorlarla əlavə məşğul olmalarıdır.

Bakı Dövlət Universitetinin professoru Şahlar Əsgərov burda bir yox, bir neçə səbəb olduğunu bildirir. Onun sözlərinə görə, müstəqillik dövründə təhsil sistemində uğurlarla yanaşı, qüsurlar da çoxdur.

«İdarəetmədə, xüsusən dəəvvəlki nazirlərin vaxtında çəkişmə olub, səlahiyyət üstündə qırğın gedib. Bu da gətirib belə nəticələrə çıxarır. Çətin sualdır. Böyük tədqiqat aparılmalıdır. Nə oldu, bizim riyaziyyat müəllimləri göyəmi çıxdı?! Azərbaycandan getdilərmi? Niyə belə vəziyyət alındı?», – deyə sual edən Ş.Əsgərov özü də cavab verir: «Burda cürbəcür səbəblər var. İdarəetmədən tutmuş, kitablara, təhsilin məzmununa, müəllimin hazırlıq səviyyəsinə qədər».

Professor yaranmış durumun acınacaqlı olduğunu vurğulayır və əlavə edir: «Bu saat dünyada elm deyəndə, riyaziyyatı nəzərdə tuturlar. Bizim gənclər riyaziyyatdan zəif nəticə göstərirlərsə, deməli, savadsızdırlar. Yəni, bunlardan gələcəkdə nə mühəndis, nə innovasiya müəllifi çıxacaq. İnnovasiyalar riyazi modellər əsasında qurulur. Bu, acınacaqlı vəziyyətdir, təəssüf edirəm buna».(virtualaz)


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR